“Dünya xarici ticarətinin 80 %-dən çoxu ABŞ dolları ilə aparılır, pomidorla yox...”

“Qazaxıstan “BRİKS”-ə üzv olduğu halda, ABŞ ona qarşı sanksiya yeridə bilər. Bu isə Qazaxıstan üçün ölümə  bərabərdir...”

“Qazaxıstanın BRİKS-sə girməməsinin iqtisadi və siyasi tərəflərinin obyektiv səbəblərini bilmədən Rusiyanın bu ölkəyə niyə iqtisadi təzyiq göstərməsinin mahiyyətini dərk etmək qeyri-mümkündür. Postsovet respublikaları arasında Qazaxıstan yeganə respublikadır ki, Rusiya, Qərb və Şərq arasında geo-siyasi balansını bu günə qədər saxlaya bilib”. 

Bu fikirləri “Qazaxıstanın “BRİKS”-ə girməkdən imtina etməsini və Rusiyanın bunun əvəzində həmin ölkədən bəzi tərəvəzlərin idxalına qadağa qoymasını necə dəyərləndirirsiz? Buna “tərəvəz diplomatiyası” demək olarmı?”- sualını cavablandıran siyasi analitik Tahir Cəfərli dilə gətirib.

“Söhbət  təkcə  tərəvəzdən gedirsə, Qazaxıstanın ondan gələn, gəliri demək olar ki, heçə bərabərdir. Rusiya öz tərəvəz istehsalçılarını qorumaq üçün Qazaxıstan idxalının qabağını alır, çünki bu ölkənin tərəvəzi Rusiyaya buraxıldığı halda, oranın tərəvəzinin  qiyməti aşağı düşür. Misal üçün İran, Pakistan, Əfqanıstan, Misir və s. ölkələrdən Azərbaycana gətirilən kartofun həcmi azaldıqca, ölkəmizdə kartofun qiyməti iki dəfə qalxdı. Bundan Azərbaycan istehsalçıları uddular, bununla belə kartofun keyfiyyətini artırmadılar. Rusiyada da bu proses gedir.  Digər tərəfdən, Avrasiya Gömrük İttifaqının üzvü olan Qazaxıstanın tərəvəz və meyvələrinin qarşısını almağa  Rusiyanın ixtiyarı yoxdur, bununla belə, Rusiyaya keyfiyyətsiz mallar gələrsə, onun qabağı alına bilər. Odur ki, Qazaxıstan tərəvəzinin Rusiyaya buraxılmamasını “BRİKS”-lə əlaqələndirmək doğru deyil”, - deyə davamında həmsöhbətimiz bildirib.  

“Qazaxıstanın “BRİKS”-ə girməməsinin başqa geo-siyasi  səbəbləri vardır. Bunları dərk etmək üçün bir şeyi bilməliyik ki, “BRİKS” ABŞ dollarına qarşı bir çox ölkələrin birliyidir. “BRİKS”-ə daxil olan ölkələr, loru dildə desək, öz aralarında  xarici ticarəti öz valyutaları ilə  həyata keçirirlər. Onlar bununla Ümumdünya Ticarət Təşkilatından uzaqlaşmaq istəyirlər. Nəzərə alsaq ki, bu təşkilat ABŞ-nin diktəsi ilə hərəkət edir, onda “BRİKS”-n ABŞ-ın xarici ticarətinə qarşı getdiyini qeyd edə bilərik.

Qazaxıstan Prezidentini fəxri qonaq kimi Kazan samitinə şəxsən V.Putin dəvət etsə də, Qazaxıstanın bu birliyə üzv olmayacağını, Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali bir neşə gün bundan əvvəl bəyan edib. Onun müsahibəsi ilə bağlı  “Balgenews” nəşrində “Почему Казахстан воздержится от вступления в БРИКС?” “Qazaxıstan niyə “BRİKS”-ə üzv olmaycaq” adlı məqaləmizdə Qasım-Comərd Tokayevin bu siyasi addımına obyektiv qiymət vermişik. Hər şeydən əvvəl bir  fikri diqqətinizə çatdırmaq istəyirəm ki, Qazaxıstan Prezidenti başqalarından fərqli olaraq praqmatik siyasətçidir. O, atdığı hər bir addımın sonda nəticəsini dərk etməsə, heç bir siyasi addım atmaz...

K.Tokayevin “BRİKS”-ə girməməsinin əsas səbəbi onun ölkəsinin birbaşa Qərblə ABŞ və AB ölkələrinin valyutası ilə xarici ticarət aparmasıdır. Onun “BRİKS”-ə üzv olmamasının iqtisadi səbəbi elə budur. Qazaxıstan “BRİKS”-ə üzv olduğu halda, ABŞ ona qarşı sanksiya yeridə bilər. Bu isə Qazaxıstan üçün ölümə  bərabərdir.

Qazaxıstan Prezidentinin dollar dövriyyəsindən ölkəsini çıxartmamasının bir səbəbi də ondadır ki, dünyanın xarici ticarətinin 80 % dən çoxu ABŞ valyutası ilə həyata keçirilir, Rusiyaya göndərilən kartofla, pomidorla yox”, -deyə sonda analitik diqqətə çatdırıb.

Share on Facebook