Son zamanlar Rusiya ordusu Ukraynanın şərqində irəliləsə də, böyük itkilər verdiyindən ciddi canlı qüvvə çatışmazlığı yaşayır.
Sozcu.az xəbər verir ki, bu mövzuda məqalə dərc edən “The Economist” nəşri avropalı kəşfiyyat rəsmilərinə istinadla rus generallarının Putinə təzyiq etdiyini yazıb. Qəzetin yazdığına görə, Rusiyanın Baş Qərargahı və Müdafiə Nazirliyi Ukraynadakı qoşunları gücləndirmək məqsədilə yeni səfərbərlik elan etməsi üçün Kremlə “ciddi təzyiq” göstərir: “Rusiyanın hazırda kifayət qədər qüvvəsi yoxdur. Əgər onlar cəbhəni yarsalar belə, bundan istifadə edə bilməyəcəklər”.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Rusiya ordusu döyüş meydanında kütləvi itkilərə səbəb olan primitiv taktikaya arxalanmaqda davam edir. Kursk cəbhəsinə getdiyi güman edilən Şimali Koreya əsgərlərinin gətirilməsi də rus bölmələrinin problemlərlə üzləşdiyini göstərir.
NATO-nun adı çəkilməyən yüksək rütbəli məmuru qəzetə deyib ki, Moskva ayda 30 min insanı orduya cəlb edir. Bu, cəbhədəki bütün məqsədləri yerinə yetirmək üçün kifayət deyil, lakin böyük itkiləri qarşılamağa imkan verir: “Böyük Britaniya Kral Müdafiə Araşdırmaları İnstitutunun baş elmi işçisi Cek Voltinq hesab edir ki, Rusiya əbədi döyüşə bilməz, lakin cəbhədəki indiki tendensiya davam edərsə, Ukrayna üçün “qırılma nöqtəsi” daha tez çatacaq. Moskva, deyəsən, gələn il Donbassda öz məqsədlərinə nail olacağına və Ukrayna ordusuna o qədər itki və maddi ziyan vuracağına inanır ki, daha onun irəliləyişlərinin qarşısını ala bilməyəcəklər”. Ekspert hesab edir ki, bu vəziyyət Rusiyaya istənilən sonrakı danışıqlarda güclü rıçaq verəcək.
Bundan əvvəl, sentyabrın ortalarında “The Wall Street Journal” yazıb ki, Rusiya hərbi komandanlığı Vladimir Putindən yeni səfərbərlik elan etməsini istəyib.Lakin Putin bundan imtina edib və deyib ki, o, müharibədə yalnız könüllü olaraq ordu müqavilə bağlayan şəxslərdən istifadə etmək istəyir.AzPolitika.info)