Sozcu.az xəbər verir ki, politoloq Şahin Cəfərli İranın siyasi və hərbi rəhbərliyində baş verən son hadisələri şərh edib. Onun sözlərinə görə, Əli Laricani və “Bəsic” komandanı, general Qulamhüseyn Süleymanidən sonra “Ettelaat”ın rəhbəri İsmayıl Xətib də öldürülüb. Bu hadisələr İranın ali siyasi və hərbi elitasına qarşı həyata keçirilən hücumların ikinci dalğası kimi qiymətləndirilir. Politoloq qeyd edir ki, Əli Laricani ölkə daxilində mühüm nüfuza malik fiqur idi və sistem daxilində balans yaradan əsas şəxslərdən biri sayılırdı. Onun aradan götürülməsi, eləcə də Əli Xamenei kimi liderlərin yoxluğu rejim daxilində konsensusun qorunmasını çətinləşdirə bilər. Ekspertin fikrincə, “İranda sistem şəxslərdən asılı deyil” yanaşması reallığı tam əks etdirmir. Formal olaraq vəzifələrə yeni şəxslər təyin etmək mümkün olsa da, uzun illər ərzində formalaşmış təcrübəli siyasi və hərbi kadrları qısa müddətdə əvəz etmək olduqca çətindir. Şahin Cəfərli vurğulayır ki, İranda tez-tez “Mossad agenti” ittihamı ilə edamların həyata keçirilməsi fonunda son hadisələr Mossadın ölkə daxilində geniş kəşfiyyat imkanlarına malik olduğunu göstərir. Hətta rejimin təhlükəsizliyinə cavabdeh olan şəxslərin belə qoruna bilməməsi ciddi suallar doğurur. Politoloq hesab edir ki, müharibənin uzanması İran üçün daha ağır nəticələr vəd edir. Bu vəziyyət ABŞ üçün müəyyən iqtisadi üstünlüklər yaratsa da, İranın daxili sabitliyini ciddi şəkildə sarsıdır. Uzanan qarşıdurma İsrailə İran daxilində müxtəlif hədəflərə zərbə endirmək imkanı verir. Ekspert həmçinin xəbərdarlıq edir ki, enerji infrastrukturu hədəfə alınarsa, xüsusilə “Cənubi Pars” kimi strateji obyektlərə zərbələr İran iqtisadiyyatını çöküşə sürükləyə bilər. Bu halda dövlət maaşlarının ödənilməsində problemlər yarana və bu da geniş narazılığa səbəb ola bilər. Sonda politoloq qeyd edir ki, mövcud vəziyyətdə İran rəhbərliyində rasional düşünən qüvvələr diplomatiyaya üstünlük verməli və ABŞ-la anlaşma yollarını axtarmalıdır. Əks halda, ölkənin “süquta uğramış dövlət” vəziyyətinə düşməsi riski artır.
KTC-də seçkilərdə Ersin Tatar məğlub oldu — Türkiyə siyasətinə etiraz səsi kimi dəyərləndirilir Politoloq Şahin Cəfərlinin analizi Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərində Türkiyə hökumətinin açıq dəstəyini qazanan indiki prezident Ersin Tatar böyük fərqlə məğlub olub. İlkin məlumata görə, müxalifət lideri, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman 62,76% səs toplayaraq ilk turda qalib gəlib, Ersin Tatar isə cəmi 35,80% səs əldə edib. Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Tatarın sarsıdıcı məğlubiyyəti iki əsas səbəblə bağlıdır: birincisi, onun uğursuz idarəçiliyi, ikincisi isə Türkiyənin Kıbrısın daxili işlərinə kobud müdaxilələrindən və yerli xalqa qarşı hörmətsiz münasibətdən doğan narazılıqdır. Cəfərli qeyd edir ki, Ersin Tatar özünü Kıbrıs türk xalqının lideri kimi deyil, Türkiyədəki “Cumhur İttifaqı”nın – AKP və MHP-nin nümayəndəsi kimi aparıb. Onun prezidentliyi dövründə Kıbrıs mafiyanın, çirkli pulların və qumarxanaların mərkəzinə çevrilib, Tatar isə buna qarşı mübarizə apara bilməyib. Politoloq xüsusilə Halil Falyalı qalmaqalını xatırladır və bildirir ki, bu, Türkiyə ilə bağlı yüksək səviyyəli əlaqələri üzə çıxarmışdı. Maraqlıdır ki, Tatar müstəqillik tərəfdarı, rəqibi Erhürman isə federativ həllin – yəni yunanlar və türklərin bərabər hüquqlu olduğu vahid dövlətin tərəfdarı kimi çıxış edib. Bu səbəbdən Tatar və onu dəstəkləyən çevrələr Erhürmanı “xain” kimi təqdim etməyə çalışsalar da, Kıbrıs türkləri bu təbliğata inanmadı. Şahin Cəfərli xatırladır ki, 2004-cü ildə keçirilən Annan planı referendumunda türklər federasiyaya “bəli”, rumlar isə “xeyr” demişdi. Həmin dövrdə Türkiyə hökuməti də planı dəstəkləmişdi. Tatarın o qədər “toksik” fiqura çevrildiyini qeyd edən politoloq bildirir ki, Kıbrıs türklərinin iki əfsanəvi lideri — Rauf Denktaş və doktor Fazıl Küçükün ailələri belə bu dəfə Erhürmanı dəstəkləmişdi. Cəfərlinin fikrincə, Erhürmanın seçilməsi dərhal federasiyanın qurulacağı anlamına gəlmir. Çünki, bir tərəfdən rumların və Yunanıstanın federasiya anlayışı türkləri bərabərhüquqlu tərəf kimi deyil, azlıq statusunda görür, digər tərəfdən isə KKTC-nin xarici siyasət, maliyyə və təhlükəsizlik məsələlərində Türkiyədən asılılığı Erhürmana məhdud manevr imkanı buraxır. Mənbə: Politoloq Şahin Cəfərlinin analitik şərhi Hazırladı: Sozcu.az
Rusiya-Ukrayna müharibəsinin Üçüncü dünya müharibəsinə səbəb olub-olmayacağı sualına tam dəqiq cavab vermək mümkün olmasa da, bu riski qiymətləndirmək üçün aşağıdakı əsas amilləri nəzərdən keçirmək lazımdır: 1. Müharibənin xarakteri və genişlənmə potensialı Müharibə lokal münaqişə kimi başlayıb və hələ də əsasən Rusiya və Ukrayna arasında davam edir. Lakin NATO ölkələrinin Ukraynaya verdiyi dəstək (silah, maliyyə, təlimatçılar və s.) bu münaqişəni böyük güclərin dolayı qarşıdurması halına gətirib. Əgər Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi toqquşma baş verərsə, bu, vəziyyəti kəskin şəkildə dəyişə və daha genişmiqyaslı müharibəyə yol aça bilər. 2. Nüvə silahı riski Rusiya nüvə dövlətidir və münaqişədə “taktiki nüvə silahı”nın istifadəsi ilə hədələdiyi hallar olub. Əgər belə bir silah istifadə edilərsə, bu, NATO və ABŞ-ın daha ciddi şəkildə müdaxiləsinə səbəb ola bilər və beynəlxalq gərginlik kəskin şəkildə artar. Bu isə Üçüncü dünya müharibəsi riskini reallaşdıra bilər. 3. Qərbin ehtiyatlı siyasəti ABŞ və Avropa ölkələri Rusiya ilə birbaşa qarşıdurmadan qaçmağa çalışır. Silah yardımları və sanksiyalar olsa da, Qərb dövlətləri açıq şəkildə Rusiya ilə müharibəyə girmək istəmir. Bu da münaqişənin nəzarət altında saxlanılmasına kömək edir və riskləri azaldır. 4. Çin və digər ölkələrin mövqeyi Çin bu müharibədə neytral görünməyə çalışır, lakin Qərblə qarşı-qarşıya gəlmək istəmir. Çin və Hindistan kimi ölkələrin münaqişəyə birbaşa qarışmaması dünya miqyasında hərbi toqquşma ehtimalını azaldır. Nəticə: ➡️ Hazırkı vəziyyətdə Rusiya-Ukrayna müharibəsi Üçüncü dünya müharibəsinə çevrilməyib və birbaşa səbəb olması ehtimalı hələlik aşağıdır. Amma: NATO və Rusiya arasında birbaşa toqquşma, Nüvə silahlarının istifadəsi və Konfliktin digər regionlara yayılması kimi hallar baş verərsə, bu, dünya miqyasında böyük bir hərbi münaqişəyə – hətta Üçüncü dünya müharibəsinə – gətirib çıxara bilər. İndi üçün beynəlxalq səviyyədə risklərin idarə olunması və diplomatik yolların açıq qalması çox vacibdir.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakı ilə “şimal qonşumuz” arasında böhran ilə bağlı sensasion açıqlama yayıb. O qeyd edib ki, hamı bu böhranın AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra başladığını düşünür. “İndi bir çox şərhçilər “1 nömrəli” təyyarədə GPS-in müvəqqəti bağlanmasının da böhranın səbəblərindən biri olduğuna işarə edir” -deyə, Zülfüqarov özünün feysbuk hesabında yazıb. Qeyd edək ki, ötən ilin sonunda “Turan” agentliyi 25 dekabr 2024-cü il tarixində, AZAL-ın sərnişin təyyarəsi vurulan gün, həmin vaxt öz təyyarəsi ilə Rusiya səmasında olan Azərbaycanın dövlət başçının təyyarəsinin də GPS siqnalının söndürüldüyü barədə məlumat yaymışdı. “Turan” sonradan həmin məlumatı təkzib etdi. Agentliyin konkret səbəb göstərmədən bağlanmasını da bəzi şərhçilər bu məlumatla əlaqələndirmişdilər. Tofiq Zülfüqarovun bu paylaşımı İlham Əliyevin təyyarəsinin Rusiya səmasında РЭБ hücumuna məruz qalması haqda məlumatın həqiqiliyinə sübhə yeri qoymur. Çünki, o, yaxın şəxs olaraq İlham Əliyevin icazəsi olmadan belə bir məlumat yaya bilməzdi. Tofiq Zülfüqarov daha irəliyə gedərək, hər iki hadisənin Rusiya rezidenti Vladimir Putinin “qeyri-tolerantlığından” qaynaqlandığına işarə edib: “Bu hadisələrin əsas tətikçisi nə ola bilərdi? Niyə V.Putin və ya ona bənzəyən bir şəxs birdən-birə çox “qeyri-tolerant” oldu?” Daha sonra Zülfüqarov Qarabağ münaqişəsində Rusiyanın rolundan və separatçıların indi Bakıda keçirilən məhkəməsində bütün cinayətlərin rəsmi sübuta yetməsindən yazıb. “Təqsirləndirilən şəxslərin ifadələri münaqişənin iki əsas səbəbi kimi göstərilən – “separatizm” və “millətlərin öz müqəddəratını təyinetmə hüququ” tezislərini darmadağın etdi. Aydındır ki, təqsirləndirilən şəxslər İrəvandan maaş və göstərişlər alıblar, lakin hətta orada da onları açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının agentləri adlandırırlar və Vardanyan həm də Rusiya və digər siyasi elitanın maliyyə sirlərinin ən böyük daşıyıcısıdır. Bu cür məlumatların Azərbaycanda cəmləşməsi ölkəmizi müstəqil və potensial olaraq düşmən üçün çox təhlükəli edir…. Hətta “Qarabağ işi” ilə bağlı Rusiya və Qərbin xüsusi strukturlarının “qarşılıqlı əlaqəsi” ilə bağlı dolayı informasiya da dünya ictimaiyyətinə açıqlana bilər” – deyə, Zülfüqarov vurğulayıb. Tofiq Zülfüqarovun sonrakı sözlərindən anlaşılır ki, Putin İlham Əliyevdən Bakıda həbsdə olan Ruben Vardanyanın və digər erməni separatçılarını azad etməsini istəyib və sözü yerə düşəndən sonra bu hadisələr baş verib: “Düzünü desək, biz artıq çox şeyi təxmin edirdik və bilirdik, amma bizim təxminlərimiz bir şeydir, şahid ifadələri, qeydə alınmış ifadələr və ya məhkəmə hökmü tamam başqa şeydir. Rusiya Federasiyasının nümayəndələri “Qərb tərəfdaşlarından” fərqli olaraq, “leytenant Şmidtin uşaqları”nın azadlığa buraxılmasına çağırış etmədilər, lakin bu, onların bağlı qapılar arxasında bunu etmədikləri anlamına gəlmir. Düşünürəm ki, son və bəlkə də gələcək hadisələrin əsas səbəbi budur…” Basta
Rusiyanın Moskvada keçirilən 9 May paradında başı qarışması və 3 günlük atəşkəs elanından yararlanan Ukrayna Rusiyanın ən vacib strateji obyektlərinə dron hücumları edir. Bunu həm də çəkinmədən, Rusiyanın sonradan cavab vermə ehtimalını saya almadan edir, xeyli ziyan vurur. Ukraynaya bu əsası və bu arxayınçılığı verən nə və kimdir? Birisi haqq-ədalətdir. Həm Rusiyanın Ukraynaya qarşı haqsız işğalçı müharibəsi, həm də Kremlin keyfi və istəyən vaxt, "atəşkəs edək, bayram eliyirəm" deməsidir. İlk "dayanoldurum" tüfənglər vardı bir atımlıq, düşmənə çığırırdılar ki, "ayə atma, dayan qoy patronumu doldurum!". Putin keçib indi, Ukrayna ilə "dayandolduruma". İkincisi, Ukraynanın bu dəfə, arxayın hücumları arxasında təbii ki, çox güclü qüvvə dayanır, əks halda Kiyev bu məqamda addıma çətin getsin. Bu qüvvə isə, təbii ki, Trampın Ukraynaya ciddi və güclü üstüörtülü ABŞ dəstəyidir. Görünür ki, Tramp Putinin uzantılı oyunundan bezib, artıq. Sozcu.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay özünün feysbuk səhifəsində yazıb.
Kamala Harris Prezident olacaqsa Ukrayna-Rusiya müharibəsinin aqibəti necə olacaq? Strateji baxış. İlk növbədə bu müharibədə Rusiyanın səsləndirdiyi tələbləri və strateji hədəfləri xatırlayaq. 1) NATO-nun 1997-ci ildəki sərhədlərinə qayıtması(Litva, Latviya, Estoniya və Polşanın NATO-dan çıxarılması). 2) Ukraynanın neytral statusu və NATO-ya qoşulmaması barədə zəmanətin verilməsi. 3) Sanksiyaların ləğv edilməsi. 4) Rus dilinin və Donbasın statusunun Konstitusiyada əks olunması. 5) Ukraynanın demilitarizasiyası. 6) Hakimiyyətin dəyişdirilməsi. İndi gəlin təhlil edək, Rusiyanın Ukraynaya hücumu strateji hədəflərə necə təsir etdi. 1) Rusiyanın Ukraynaya hücumu nəticəsində NATO nəinki 1997-ci ilin sərhədlərinə qayıtmadı, daha da genişləndi(+Finlandiya+İsveç). 2) Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynanın NATO və Aİ-yə yolu qısaldı və kəskin sürətləndi. 3) Sanksiyalar məsələsini heç şərh etməyə də ehtiyac yoxdur. Deyəcəksiniz ki, Rusiya sanksiyalardan yan keçməyə öyrənib və qismən haqlı olacaqsınız. Prosesin 1-ci mərhələsində(Baydenin prezidentliyi) sanksiyaların tətbiqi mexanizmi qurulurdu, amma sanksiyaların riayət olunmasına mexanizmində yetərli boşluqlar var idi. Hal-hazırda bunun üzərində iş gedir. Mahiyyət isə ondan ibarətdir ki, Rusiya sanksiyaların ləğvini istəyirdi, nəticə də isə? Bilirsiniz. 4) İstər məişətdə, istərsə də dövlət səviyyəsində rus dili önəmini tamamilə itirməkdədir. 5) Ukrayna NATO-nun hərbi infrastrukturuna inteqrasiya etməkdədir(aviasiya və HHM daxil), bundan əlavə Ukrayna ərazisində artıq nəhəng hərbi sənaye kompleksi qurulur və Ukrayna çox ciddi silah istehsalı potensialına malik olacaq. 6) Putinin Ukraynada hakimiyyətin dəyişdirilməsi arzusu da ürəyində qaldı. Rusiyanın strateji hədəflərini və onlara çatıb çatmamağını xatırlatdıq, indi gələ Harrisin potensial qələbəsi təqdirdə müharibənin proqnozlaşdırılan gedişatına. *ABŞ-ın Ukraynaya dəstəyi zərrə qədər də azalmayacaq və ABŞ Rusiya ilə qlobal qarşıdurmanı nəinki davam etdirəcək(bunu Harrisin komandasında kimlərin yer almasını təhlil edərək görə bilərik, komandanın əsas üzvləri Rusiyaya patoloji nifrət edən adamlardır), hətta kəskin aqressivləşmək niyyətindədir. * Tam əminliklə deyirəm ki, demokratlar hətta Konqresin hər 2 palatasını uduzsalar belə, Harris Ukraynaya yardımı Konqresə qəbul etdirə biləcək, başqa sözlərlə keçən dəfəki rəzalət artıq yaşanmayacaq(bunun səbəbləri var, bu barədə ayrıca danışacağıq). * Yuxarıda qeyd etdiyimiz kimi, Harrisin komandası Rusiyanın sanksiyalardan yayınmaq mexanizmlərini məhv edilməsi üzrə işləyəcək. Bu, müharibədə ən vacib məsələlərdə biridir. Ona görə ki yaxınlarda Rusiyada faiz dərəcəsi 21%-ə qədər artıb, iqtisadiyyat ilk çatları verməyə başlayıb. İnflyasiya artır, hərbi xərcləri qarşılamaq üçün pullar çap olunur, iqtisadiyyat "quruyur". * Bir çox hərbi ekspertlər deyirlər ki, 2025-ci ildə Rusiyanı hərbi texniki rezervləri kritik minimuma çatacaq. * Son aylar ərzində Rusiya sürünərək irəliləyir. Rusiya propaqandası ABŞ-da seçkilər öncəsi bu sürünməyi şişirtməyə və informasiya dalğası yaratmağa çalışır. Reallıq isə bilirsiniz nədən ibarətdir? Bu sürətlə təkcə Donbas vilayətini tamamilə nəzarətə götürmək üçün rusiyalılara 2 il lazım olacaq. 2 il! Təsəvvür edirsiniz? Putin hərbi-texniki baxımından, canlı qüvvədə itkilərin baxımından və iqtisadi zərər baxımından dözməyə hazırdırmı? Hazırdırmı sualı bir yana, dözə biləcəkmi? Və burda söhbət təkcə Donbas vilayətinin işğalından gedir. Müharibəyə strateji baxış, tamamilə fərqli mənzərə ortaya qoyur, emosiyassız və pafossuz. Bizdə olan məlumata görə, Putin təsəvvür etmədiyiniz qədər fantastik məbləğdə pulları Trampın kampaniyasına yatırıb, sizcə niyə? Harrisin seçilməsi avtoritarlar üçün maksimal gücdə zəlzələ olacaq. Kamran Cəfərov, siyasi şərhçi
Seçkilərə 15 gün qalır. Bu yazını, üzdə və pərdə arxasında baş verən hadisələrin mühümlüyü və özəlliyi baxımından xüsusilə qeyd etmək istəyirəm. İlon Maskdan başlayaq. İlon Mask və Tramp yeni "mexanizm" icad ediblər. "America PAC"(siyasi aktivlik komitəsi) adlı təşkilat var, bu təşkilat üzərindən Donald Trampın seçki kampaniyası maliyyələşir. Bir neçə gün qabaq "America PAC" öz saytında onlayn-petisiya dərc edib və vətəndaşları bu petisiyanı imzalamağa çağırıb. Petisiya ABŞ Konstitusiyasına "Birinci düzəliş"(bildiyimiz, fundamental insan haqları prinsipləri. Mask hesab edir ki dem-lar söz azadlığına hücum çəkirlər deyə, "Birinci düzəlişi" önə çəkir, əslində isə gülməlidir)və "İkinci düzəliş"inə(silahların azad istifadəsi) dəstək məqsədilə yaradılıb. "Amerika PAC" bədii peticiyanı dərc edəndən dərhal sonra, İlon Mask bəyan etdi ki, hər gün petisiyanı imzalayan təsadüfi 1 nsana 1 miyon dollar verəcək. Siz soruşacaqsınız, bəs Tramp və Trampa dəstək, bu petisiyanın və Maskın gündəlik 1 milyon mükafatının harasındadır? Yəni Trampın bura nə aidiyyatı var? ABŞ-da federal qanun insanların səs verməsi və ya səs verməsi üçün qeydiyyatdan keçməsinə görə pul ödənişlərini qadağan edir, bu qanunun pozuntusuna görə həbs cəzası nəzərdə tutulur. Bununla belə, Maskın təşəbbüsü, səsvermədə iştirak etmək və ya səs vermək üçün qeydiyyatdan keçmək deyil, petisiya imzalamağa çağırmaqdır. Bəs niyə? Əsas məsələ ondadır ki, petisiyanı imzalamaq üçün insan öz şəxsi məlumatlarını sayta daxil etməlidir, sonra isə, bu məlumatlar Trampın seçki qərargahına göndərilir, qərargah isə öz növbəsində təbliğatı(zənglər, məktublar və s) həmin insanlara hədəfləyir. Qeyd edək ki, petisiya məsələsi sırf "bənövşəyi" ştatlar üçün nəzərdə tutulub, mahiyyəti başa düşdünüz. İlon Maskın təşəbbüsünün məqsədini aydınlaşdırdıq, bu məsələyə qayıdacağıq, indi isə keçək əsas məqamlara. "Polymarket" seçkilər üzrə əsas bukmeker şirkətlərindən biridir, nəhəngdir. Hal-hazırda "Polymarket"də çox qeyri-adi və ilk baxışdan bizim üçün dəhşətli hadisələr baş verir. Nə baş verir? "Polymarket" qələbə ehtimallarını belə verir: Tramp-61%; Harris-39%. "Bənövşəyi" ştatlarda qələbə ehtimalları(sorğuların nəticələrilə qarışdırmayın, qələbə ehtimalı %-i başqa, sorğuların nəticələri %-ləri başqa) : Miçiqanda Tramp-55%, Harris-45%. Pensilvaniya Tramp-59%, Harris-41%. Nevada Tramp-55%, Harris-45%. Şimali Karolina Tramp-65%, Harris-35%. Corcia Tramp-69%, Harris-31%. Viskonsin Tramp-56%, Harris-44%. Arizona Tramp-70%, Harris-30%. Necə deyərlər toyumuz mübarək, 7 "bənövşəyi" ştatdan 7-sini uduzuruq, ən azı "Polymarket" belə göstərir. Bu həqiqətənmi elədir? Əslində gerçəkdən çox qorxulu mənzərədir və hal-hazırda demək olar ki, hər yerdə eyni məlumatlarla rastlaşacaqsınız-"Tramp öndədir", "Tramp irəliləyir", "Bukmekerlər Trampı favorit sayır" və s. Narahatedici deyilmi? İndi isə sizə verəcəyim məlumatlarda açıq mənbələrə istinad edə bilməyəcəm, amma əmin olun ki, mənbələrin etibarlılığı şübhə doğurmur. Etibarlı mənbələr xəbər verir ki, Trampın seçkilər qərargahı sorğuların gerçək nəticələrini gizlədir, açıqlanan nəticələr isə hamısı resp-lərin kurasiyasında olan seçki monitorinqi mərkəzləri vasitəsilə olur və saxtadır. Məqsəd isə, "Tramp böyük fərqlə irəlidədir" mifi yaratmaqdır. Deməli "Polymarket"in əsas investoru Piter Til İlon Maskın çox yaxın dostudur, Cey Di Vensin əsas sponsorudur. Deyilənə görə Mask və Piter Til arasında danışıqlar olub, Mask Piter Tildən xahiş edib ki, "Polymarket" süni şəkildə Trampın qələbə ehtimalları göstəricilərini kəskin artırsın(əmsalları endirsin) və başqa bukmeker nəhəngləri(misal üçün "Kalshi") eyni dərəcədə olmasa da, əmsalları eyni istiqamətdə dəyişməyə məcbur olacaq(Trampın lehinə). Bunu dolayısı yolla sübut da edə bilərik. ABŞ-da bəzi ştatlarda erkən səsvermə artıq başlayıb. Erkən seçkilərdə iştirakçılıq faizi, indikator rolunu oynayır, niyə? Erkən səsvermədə adətən böyük şəhərlərin və mərkəzlərin sakinləri iştirak edir, böyük şəhərlər isə demokratların elektoratıdır. Başqa sözlərlə, erkən seçkilərdə nə qədər çox adam səs verirsə, dem-lara o qədər yaxşıdır, deməli iştirakçılıq faizi yüksək olacaq, deməli böyük şəhərlərin əhalisi evdə oturmayacaq. İndi baxın nə baş verib. Corciyada erkən seçkilər başlayıb və ilk gündə rekord sayda adam səs verib, keçən ildəkindən 2.2 dəfə çox. Corciya "bənövşəyi" ştatdır və belə nəticə əmsallara təsir etməliydi, demokratların lehinə. Həmin gün isə əks proses gördük, Trampın qələbə ehtimalı göstəricilərini kəskin artırdılar, kim? Piter Til("Polymarket"). Məntiqsizlikdir, açıq görünür ki, müdaxilə var. Yox, mən demirəm ki, "dağıda-dağıda gedirik", "bütün bənövşəyi ştatlarda irəlidəyik" və s. Elə deyil , çox çox gərgin savaş gedir, hər "bənövşəyi" ştatda. Amma resp-lərin hər yerdə yayımladığı kimi də deyil. Və ümumiyyətlə heç kim deməyib ki, asan olacaq, siyasət böyük savaşdır və bu savaşı qazana bilənlərlər irəli çıxmalıdırlar. Demokratlar bunu bacarırlar, bacaracaqlar. Mən buna inanıram. Kamran Cəfərov, politoloq
.Tərəfdaş dövlətlər halal standartlarına uyğun olan Rusiya məhsullarının ixracını artıra bilər və Rusiya Federasiyasının bölgələrində tikintiyə sərfəli investisiya edə bilər. Martın 5-də İslam əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin səfirləri ilə görüşdə "Rusiya – İslam dünyası" Strateji Baxış qrupunun rəhbəri Rüstəm Minnixanov yeni əməkdaşlıq imkanlarından danışıb. "Rusiyanın aparıcı regionlarından biri olan Tatarıstan Respublikasının timsalında Rusiyanın İslam dünyası ilə qarşılıqlı fəaliyyətini necə genişləndirdiyinin şahidi olmaq olar. Respublikamız Rusiyada İslam bankçılığı və maliyyələşdirmə prinsiplərinin tətbiqi üzrə pilot regionlardan biridir, Halal sənayesinin inkişafı istiqamətində fəal işlər görülür, İslam təhsilinə böyük diqqət yetirilir", — deyə Rüstəm Minnixanov əməkdaşlığın perspektivli istiqamətləri barədə məlumat verib. Bu il Forumun proqramında hökumətlərarası komissiyaların, həmçinin "Rusiya-Azərbaycan", "Rusiya — Malayziya", "Rusiya-Qətər" ayrı-ayrı dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. İqtisadi nailiyyətlər sərgisində Azərbaycan, İran, Misir, Türkiyə Respublikası, İndoneziya, Malayziya, Türkmənistan və s. stendləri təqdim olunacaq. Əsas mövzular halal sənaye, İslam maliyyəsi, nəqliyyat dəhlizlərinin inkişafı və təhsil sahəsini əhatə edəcək. Turizm, o cümlədən müalicə turizmi mövzusu da ətraflı müzakirə olunacaq. Mədəniyyət məsələləri üzrə proqram da genişləndirilib: rəqəmsal İslam incəsənəti, yaradıcı iqtisadiyyat və kino sənayesi üzrə ayrı-ayrı tədbirlər keçiriləcək. Vacib mövzu idmanın inkişafı olacaq. Ticarət və Sənaye Palatasının beynəlxalq forumu İslam ölkələrinin biznes nümayəndələrini bir araya gətirəcək.
Türkiyədə dini senzura Türkiyəyə hakim olmağa başlayan radikal dini təriqqət və cemmatları hədəf alan “Kızıl Goncalar” serialının yayımlanması öncə RTÜK (Radio və Televiziya Ali Şurası) tərəfindən dayandırıldı. Ardınca da məhkəmə RTÜK-ün qərarını təsdiqlədi və filmin yaradıcılarını“cəmiyyətin milli-mənəvi dəyərlərini” pozduğuna görə 9 milyon lirə cərimələdi. “Kızıl Goncalar” serialının yayımının dayandırılmasının arxasında əsasən “Menzil cemmaat” dayandığı güman edilir. Türkiyədə məhkəmə və prokurorluq orqanlarında əsas söz “Menzil cemmatı”dır. Türkiyədə nüfuzlu qələm sahibləri “Menzil cemmatı”nı talibandan daha radikal dini qrup hesab edir. Adını yarandığı kəndin, Adıyamanın Menzil kəndindən alan “Menzil cemmatı” hazırda Türkiyədə ən çoxsaylı tərəfdarı olan dini birlikdir. Üç milyon müridi olduğu iddia edilən “Menzil cemmatı”nın dövlət idarəçiliyinə ən çox təsiri olan dini birlikdir. İddialara görə, hazırkı nazirlərin ən azı üçü “Menzil cemmatı”n təmsil edir. Türkiyədə qeyri-rəsmi olaraq dini senzuranın mövcudluğu illər öncə məlum idi. İndi isə bu dini senzura öz hakimiyyətini rəsmiləşdirir və Türkiyə tədricən şəriət qaydalarının hakim olduğu sistemə keçir. Türkiyənin sürətlə Avropa dəyərlərindən uzaqlaşaraq Yaxın Şərq dövlətinə çevrilir. Türkiyədə baş verən qorxunc proses Azərbaycan üçün də ciddi risklər yaradır. FETO çirkabından tam təmizlənməmiş Azərbaycan daha böyük təhlükə ilə üz-üzədir. Xəqani Cəfərli, politoloq
İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası artıq mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər. Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni isə bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır. Yeni dünya düzənin qaçınılmaz bir proses olacağı aydın olsa da, yeni nizamın necə olacağı bağlı bir-birinin tam əksinə olan iddialar var. ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz. İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsirinin azalması qaçınılmazdır. Əslində isə, general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanın bütün çoğraiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil. Rusiyanın mövqelərinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərinin də zəifləməsinə səbəb olmağa başlayıb. Moskvanın itirdiyi mövqeni Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin dövlət başçısı Si Cinpin ABŞ-a qarşı avtoritarların alyansını, yuxaarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verdi. “Şər oxu” yaratmayacağı ilə vəd ilə yanaşı Si Cinpin Çinin ABŞ-ın dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır. Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın isə İranın yeganə sığınacaqq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümaunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığı üçün dağıldı. Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə münasibətdə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır. “Post-Rusiya Azad Xalqlarının Forumu”nun ligitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisə edilməz dərəcədə dəstək qazandığını göstərir. Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükaftı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siaysətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək. Buna görə də müasir dövrdə “şər oxu”nun liderliyi ilə dünya düzəni yarana bilməz. Yaransa belə, belə dünya nizamı həyati qabliyyətli ola bilməz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Cozef Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır. “Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir. Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzənini İranda xalqların öz müqəddəratını təyin etmə hüquqnun tanınacağı bir dünya olacaq. Çünki, İran milli dövət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur. İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiteror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollara sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki, bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, Hizbullahın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar da qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin ligitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdən qaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə daxil qoyacaq. Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzənin formalaşması prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanunın diqtəsi olaraq tarixi zərurətə çevrilib. Xəqani Cəfərli, politoloq
Torpaqlar azad olunandan sonra keçən 3 ilə yaxın müddət ərzində cəmi 3 minə yaxın məcburi köçkün Qarabağa qayıdıb. Halbuki ölkədə 700 mindən artıq məcburi köçkün var. Qarabağa səfər edənlərin sayı da azdır. Bu günədək ümumilikdə 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib (rəsmi məlumat). Onlardan biri olaraq, mən dostlarımla cəmi 4 saata yaxın müddətdə Şuşada ola bilmişəm. Yəni, əhalinin 99,7 faizdən çoxu işğaldan azad olunan əraziləri hələ heç görməyib də. Bu rəqəmlər sübut edir ki, Qarabağ erməni işğalından azad edilsə də, Qarabağ hələ azad deyil - xalqa məxsus deyil. Qarabağa azadlıq! Mustafa Hacıbəyli, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri
Putinin dünənki açıqlamaları ilə bağlı hökumətimizin "yumşaq güc"ü yenə təbliğat başındadır. Agah insanların, onları boş verməsi lazım, yoxsa çörəklərinə yağ sürtmüş olacaqsınız. Çıxışın kontekstini tam anlamaq üçün isə verilən sualı da nəzərə almaq lazımdır. Putinin çıxışının əsas mahiyyəti budur ki, "Qarabağın itirilməsi" Ermənistana görə oldu, biz satmaqda qınamaq yersizdir. Xəbərdarlıqlarımız qulaq ardına vuruldu və nəticədə bu mənzərə qaçılmaz idi. Onsuz da əvvəldə Azərbaycanı biz durdururduq. Artıq durdurmağın yeri qalmadı. Putinin dedikləri əslində mahiyyətcə yeni deyil. Sadəcə 2 yeni detal ifadə etdi ki, birincisilə bağlı uzun müddətdir narahatçılığımı ictimaiyyətlə bölüşürəm, aydınlıq gətirilməsi üçün sual ünvanlayıram: 1. Putin deyir: "...Görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsünüzmü, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”... Başa düşürsünüzmü, Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən edilməsindən sonra sülhməramlılarımızın statusu məsələsi də keyfiyyətcə dəyişdi. O (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi ki, bəli, indi "ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır". Keçən dəfə yazdığım kimi, son hadislərlə "3 tərəfli bəyanat" faktiki olaraq qüvvədən düşdü. İndi iki tərəf var. Aydınlıq gətirilməli sualllar budur: deyildiyi kimi, təklif olunan iki tərəfli əsasda verilən qərar nədən ibarətdir? Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir? Narahatçılığımın əsas mahiyyəti də budur ki, hökumətimiz açıq şəkildə heç zaman dilə gətirməsə də hamımız yaxşı bilirik ki, bu münaqişə Putinin dediyi kimi Sumqayıtda başlamayıb. Və əsas səbəbi də sadəcə etnik qarşıdurma kimi qələmə verməklə gerçəklik dəyişmir. Azərbaycanın ərazisinin işğal edilməsi və 26 il işğalda saxlanılması da Ermənistanın gücü hesabına olmayıb. Birbaşa Rusiyanın patronajlığı ilə baş verib. Bu patronajlıqdan imtinanın şəxsi qəzəblə əlaqəsi olsa da, təkcə buna görə baş verməsi Putin və Rusiyanın mahiyyətilə tərs mütənasibdir. Onların təfəkkürü, yaradılan imkanın əvəzinin də verilməsini mütləq tələb edir. Ona görə də illərin Rusiya təcrübəsi aydın insanları yuxarıdakı sualları ölkə rəhbərliyindən açıq soruşmağa sövq etməlidir. 2. Putin: "Keçmiş rəhbərlərə gəlincə, bilmirəm, təfərrüatlara varmaq istəmirəm, amma başa düşdüyüm qədərilə əslində onları Yerevanda görmək istəmirlər. Amma mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan rəhbərliyi Azərbaycanın ərazi məsələlərinin tamamilə həll olunduğunu nəzərə alaraq humanitar xarakterli addımlar atacaq”. Bu qeydi də xüsusi izləmək lazımdır. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri