Kamala "Harris Putinin ən qorxulu yuxusudur" - Kamran Cəfərov

Kamala Harris Prezident olacaqsa Ukrayna-Rusiya müharibəsinin aqibəti necə olacaq? Strateji baxış.

İlk növbədə bu müharibədə Rusiyanın səsləndirdiyi tələbləri və strateji hədəfləri xatırlayaq.

1) NATO-nun 1997-ci ildəki sərhədlərinə qayıtması(Litva, Latviya, Estoniya və Polşanın NATO-dan çıxarılması).

2) Ukraynanın neytral statusu və NATO-ya qoşulmaması barədə zəmanətin verilməsi.

3) Sanksiyaların ləğv edilməsi.

4) Rus dilinin və Donbasın statusunun Konstitusiyada əks olunması.

5) Ukraynanın demilitarizasiyası.

6) Hakimiyyətin dəyişdirilməsi.

İndi gəlin təhlil edək, Rusiyanın Ukraynaya hücumu strateji hədəflərə necə təsir etdi.

1) Rusiyanın Ukraynaya hücumu nəticəsində NATO nəinki 1997-ci ilin sərhədlərinə qayıtmadı, daha da genişləndi(+Finlandiya+İsveç).

2) Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynanın NATO və Aİ-yə yolu qısaldı və kəskin sürətləndi.

3) Sanksiyalar məsələsini heç şərh etməyə də ehtiyac yoxdur. Deyəcəksiniz ki, Rusiya sanksiyalardan yan keçməyə öyrənib və qismən haqlı olacaqsınız. Prosesin 1-ci mərhələsində(Baydenin prezidentliyi) sanksiyaların tətbiqi mexanizmi qurulurdu, amma sanksiyaların riayət olunmasına mexanizmində yetərli boşluqlar var idi. Hal-hazırda bunun üzərində iş gedir.

Mahiyyət isə ondan ibarətdir ki, Rusiya sanksiyaların ləğvini istəyirdi, nəticə də isə? Bilirsiniz.

4) İstər məişətdə, istərsə də dövlət səviyyəsində rus dili önəmini tamamilə itirməkdədir.

5) Ukrayna NATO-nun hərbi infrastrukturuna inteqrasiya etməkdədir(aviasiya və HHM daxil), bundan əlavə Ukrayna ərazisində artıq nəhəng hərbi sənaye kompleksi qurulur və Ukrayna çox ciddi silah istehsalı potensialına malik olacaq.

6) Putinin Ukraynada hakimiyyətin dəyişdirilməsi arzusu da ürəyində qaldı.

Rusiyanın strateji hədəflərini və onlara çatıb çatmamağını xatırlatdıq, indi gələ Harrisin potensial qələbəsi təqdirdə müharibənin proqnozlaşdırılan gedişatına.

*ABŞ-ın Ukraynaya dəstəyi zərrə qədər də azalmayacaq və ABŞ Rusiya ilə qlobal qarşıdurmanı nəinki davam etdirəcək(bunu Harrisin komandasında kimlərin yer almasını təhlil edərək görə bilərik, komandanın əsas üzvləri Rusiyaya patoloji nifrət edən adamlardır), hətta kəskin aqressivləşmək niyyətindədir.

* Tam əminliklə deyirəm ki, demokratlar hətta Konqresin hər 2 palatasını uduzsalar belə, Harris Ukraynaya yardımı Konqresə qəbul etdirə biləcək, başqa sözlərlə keçən dəfəki rəzalət artıq yaşanmayacaq(bunun səbəbləri var, bu barədə ayrıca danışacağıq).

* Yuxarıda qeyd etdiyimiz kimi, Harrisin komandası Rusiyanın sanksiyalardan yayınmaq mexanizmlərini məhv edilməsi üzrə işləyəcək. Bu, müharibədə ən vacib məsələlərdə biridir. Ona görə ki yaxınlarda Rusiyada faiz dərəcəsi 21%-ə qədər artıb, iqtisadiyyat ilk çatları verməyə başlayıb. İnflyasiya artır, hərbi xərcləri qarşılamaq üçün pullar çap olunur, iqtisadiyyat "quruyur".

* Bir çox hərbi ekspertlər deyirlər ki, 2025-ci ildə Rusiyanı hərbi texniki rezervləri kritik minimuma çatacaq.

* Son aylar ərzində Rusiya sürünərək irəliləyir. Rusiya propaqandası ABŞ-da seçkilər öncəsi bu sürünməyi şişirtməyə və informasiya dalğası yaratmağa çalışır. Reallıq isə bilirsiniz nədən ibarətdir? Bu sürətlə təkcə Donbas vilayətini tamamilə nəzarətə götürmək üçün rusiyalılara 2 il lazım olacaq. 2 il! Təsəvvür edirsiniz? 

Putin hərbi-texniki baxımından, canlı qüvvədə itkilərin baxımından və iqtisadi zərər baxımından dözməyə hazırdırmı? Hazırdırmı sualı bir yana, dözə biləcəkmi? Və burda söhbət təkcə Donbas vilayətinin işğalından gedir.

Müharibəyə strateji baxış, tamamilə fərqli mənzərə ortaya qoyur, emosiyassız və pafossuz. 

Bizdə olan məlumata görə, Putin təsəvvür etmədiyiniz qədər fantastik məbləğdə pulları Trampın kampaniyasına yatırıb, sizcə niyə?

Harrisin seçilməsi avtoritarlar üçün maksimal gücdə zəlzələ olacaq.

Kamran Cəfərov, siyasi şərhçi 

Share on Facebook