İvanişvili artıq Gürcüstanın keçmişidir

Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq.  Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir.   Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb. Lakin bu, çox riskli oyundur. Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar.  Yeni Georgiyevsk traktatı mümkün deyil. Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib.  İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən... Şahin Cəfərli, politoloq 

Türkiyədə yeni dönəmdə idarəetmə necə olacaq?

Millət İttifaqı liderləri parlament üsul-idarəsinə keçidin yol xəritəsini elan etdilər.  - Bildirilir ki, parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişiklikləri yeni parlament tablosunun imkan verdiyi ən qısa müddətdə tamamlanacaq; - Keçid dövründə 5 siyasi partiyanın liderləri vitse-prezident vəzifəsini tutacaq; - Ankara və İstanbul bələdiyyə başqanları yeni prezidentin uyğun görəcəyi zamanda və müvafiq səlahiyyətlərlə vitse-prezident təyin olunacaq; - Vitse-prezdentlər formal olmayacaq, xüsusi prezident qərarnaməsi ilə onların konkret cavabdehlik sahələri müəyyənləşdiriləcək; - Prezident yanında yaradılmış bütün şuralar və ofislər ləğv ediləcək; - Hökumət formalaşdırılarkən hər partiyaya 1 nazirlik veriləcək, digər nazirliklər bu partiyaların parlament seçkisində alacağı səslərə uyğun bölüşdürüləcək. (Bu, o deməkdir ki, nazirlər əsasən CHP və İyi Partidən olacaq); - Nazirlərin təyinatı və çıxarılması onların təmsil etdiyi partiyanın lideri ilə məsləhətləşmə şəraitində həyata keçiriləcək; - Prezident önəmli qərarları (fövqəladə vəziyyətin elanı, milli təhlükəsizlik məsələləri, yüksək vəzifəli dövlət məmurlarının təyinatı və s.) vitse-prezidentlərlə məsləhətləşmə şəraitində qəbul edəcək;  - Parlament sisteminə keçdikdən sonra erkən seçki olmayacaq, prezident və TBMM səlahiyyət müddətini tamamlayacaq... Təbii ki, bütün bunlar həm prezident, həm də parlament seçkilərində qələbə əldə olunacağı təqdirdə mümkündür.  Mən prezident seçkilərində Kamal Kılıçdaroğlunun elə ilk turda qələbə ehtimalını yüksək görürəm.  Parlament seçkilərində Millət İttifaqı partiyaları vilayətlərin təxminən yarısında ortaq siyahı ilə iştirak etməyi planlaşdırır. Şahin Cəfərli, politoloq 

Meral Akşenerin qayıdışı "masa"nı əvvəlkindən də güclü edəcək

Azərbaycan toplumunda, o cümlədən demokratik düşərgədə Maral Akşenerə qarşı simpatiya demək olar ki, yoxdur. Əslində, Türkiyə siyasətçiləri içərisində ən sağlam mövqedə olan Maral xanımdır. Azərbaycana münasibəti də lap əvvəldən çox yaxşı olub.  Türkiyə televiziyalarında gedən diskussiyalardan məlum olur ki, Kamal Qılıçdaroğlu "Altılı masa"nın vahid namizədi müəyyən edilməsi ərəfəsində Maral xanım xaric digər bütün partiya rəhbərləri ilə təkbətək görüşüb və gələcək iqtidar koalisiyasının şərtlərini onlarla müəyyənləşdirib, lakin İyi Partiyasının rəhbərliyi ilə razılaşmağı zəruri saymayıb. Bəzi təhlilçilərin rəyinə görə, Kamal bəy bu hərəkəti ilə Maral xanımı və rəhbərlik etdiyi partiyanı fakt qarşısında qoymaqla İyi Partiyasını CHP- nin satilleti səviyyəsinə endirmək niyyəti varmış. Əgər bu mülahizələrdə həqiqət payı varsa, onda "masa" ətrafında yaranan krizə görə qınaq obyekti məhz Kamal Qılıçdaroğlu olmalıdır.   Maral xanımın "Altılı masa"ya qayıdışı bu qurumu əvvəlkindən daha güclü hala gətirəcək. İstənilən halda, Maral Akşenər "masa" daxilində gedən proseslərə şəffaflıq gətirdi. Heç şübhəsiz ki, bu da son nəticədə düşünərək qərar qəbul edən seçicinin iradəsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, "Altılı masa"nın dağılacağı barədə bir il əvvəl verdiyi proqnozun doğrulmasından sevincək hala düşüb son günlərdə teleulduza dönən Məhərrəm İncənin də kefinə soğan doğranacaq. O, hətta Maral xanıma baş nazir vəzifəsini verməyə hazır olduğunu bəyan etmişdi.  Güman edirəm ki, Türkiyədəki növbəti cümhurbaşqanı seçkilərində ikinci tur qaçılmazdır. Böyük ehtimalla ikinci turda Məhərrəm İncə Kamal Qılıçdaroğlunun namizədliyini dəstəkləyəcək. İkinci turda Kamal bəyin qalib gəlməsi üçün bu dəstəyin yetərli olub - olmayacağı sual altındadır. Təəssüf ki, son nəticədə seçkinin taleyini HDP seçiciləri həll edəcək. Bu mənada hansı namizədin qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq hələlik mümkün deyil. Vaqif Hacıbəyli, hüquqşünas 

Ən doğru mövqe, zamanın doğruladığı mövqedir

Təxminən iki il əvvəl Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Şuşada məktəb açımaq istədiyi haqqında məlumat yayıldı. Bu məlumat MHP-i sədrinin “Twitter” üzərindən yaydığı bir açıqlamaya əsaslanırdı. Həmin açıqlamada Dövlət Baxaçılı belə yazmışdı: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”. Bu məlumat yayıldıqdan sonra bunun əleyhinə çıxaraq Azərbaycanda heç bir xarici siyasi qüvvənin və dini cəryanın orta məktəb açmasının yol verilməz olduğunu bildirmiş, bu səbəbdən də Türkiyənin Milliyətçi Hərəkat Partiyasına bağlı “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi”nin Şuşada məktəb açmasına icazə verililməsinə də qarşı çıxmışdım.  Bu müzakirələrin getdiyi bir zamanda sosial şəbəkələrin Azərbaycan seqmentində belə bir fikir yayıldı ki, Dövlət Baxçalıya Şuşada məktəb tikməsinə icazə verilməyib. O zaman iştirak etdiyim bütün müzakirə və yayımlarda bu qərarı dəstəklədim. Dostlarımızın bəziləri buna görə məni qınadı, bəziləri isə incidi.  Türkiyənin böyük bir ərazisində milyonlarla insan üçün faciəyə çevrilən zəlzələnin baş verdiyi gündən Dövlət Baxçalının mövqeyi mənim iki il əvvəlki mövqeyimin nə qədər doğru olduğunu göstərir. Zəlzələ bölgəsində zərərçəkənlərin fəryadlarını dinləmək, istəklərinə qarşı həsas olmalı olan 75 yaşlı bir siyasi lider insanları təhdid edir: “Sayın Cumhurbaşkanımızın ve diğer yetkililerin ziyaretlerini sabote etmeye hakkınız yok. Sessizlik olacak”. Belə bir düşüncə sahibinin Azərbaycanın mədəniyyət paytaxtında məktəb açmasından absurd heç nə ola bilməzdi. Xəqani Cəfərli, politoloq  Sozcu.az

Putin və Medvedyevin qorxusu

Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terroru himayə edən dövlət kimi tanınan Rusiyanın rəsmi şəxsləri yenə bəşəriyyəti məhv etməklə hədələməyə başlayıblar.  Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin əsas təmsilçilərindən keçmiş prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev  “İzvestiya”  qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsində yenidən bəşəriyyəti məhv edə biləcəkləri ilə hədələyib. İstənilən imperiyanın dağılan zaman dünyanın yarısını öz xarabalıqları altında basdırdığı haqqında heç bir tarixi əsası olmayan, uydurma bir fikir irəli sürən Medvedyev yazır: “Apokalipsis. Tüstülənən dağıntılar radiasiya yaymağı dayandırana qədər, keçmiş həyat əsrlər boyu unudulmalı olacaq”. Medvedyevin belə bir məqalə ilə çıxış edərək, yenidən bəşəriyyəti dünyanın nüvə külünə qərq olunacağı ilə hədələməsi təsadüfi deyil. Ukraynaya qarşı müharibənin bir ili tamam oldu və nəticələr Rusiya üçün faciəlidir. Rusiya çox ağır itgilər verməkdədir. Ağlı başında olan hər kəs anlayır ki, Rusiya “qan” itirməkdən ölmək üzrədir. Rusiyanın uzun müddətli mühibəyə cəlb olunacağı halda “qan” itirməkdən öləcəyi haqqında təxminən bir əvvəl yazmışdım.  Medvedyevdən bir gün öncə isə Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin başçısı Putin “Moskva. Kreml. Putin” adlı televiziya proqramına müsaibəsində deyib ki, Qərbin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Putin bildirib Rusiya dağılacağı halda rus xalqı mövcudluğunu qoruya bilməyəcək və öz kimliklərinə malik yeni millətlər yaranacaq.  Bir il öncə Ukraynanın “demilitarizasiya” və “denazifikasiya” məqsədi ilə başladılan “Xüsusi hərbi əməliyyat” adlı müharibənin Rusiyanın özü üçün faciəyə çevriəcəyini dünyada və Azərbaycanda çoxları təsəvvür belə edə bilmirdilər.  Qərb ölkələrinin və onların “satellitləri”nin dünya əhalisinin yalnız 15 faizini təşkil etdiyini, özlərinin isə daha çox olduğunu olduğunu yazan Medvedyev anlamır ki, bəşəriyyəti təhdid etdikləri nüvə külünün altında həmin çoxluq da qalacaq. Çoxluq dedikdə Medvedyev Çin və Hindistanı da aid etdikləri mücərrəd birlik nəzərdə tutulur. Çin və Hindistanın Rusiyanın avanturasının qurbanı olmağa hazır olmasını düşünmək üçün insan normal düşünmək qabliyyətini itirməlidir. Putin və Medvedyevlərin bu sayıqlamalarının yalnız bir səbəbi var: Qorxu. Xəqani Cəfərli, politoloq