Meral Akşenerin qayıdışı "masa"nı əvvəlkindən də güclü edəcək

Azərbaycan toplumunda, o cümlədən demokratik düşərgədə Maral Akşenerə qarşı simpatiya demək olar ki, yoxdur. Əslində, Türkiyə siyasətçiləri içərisində ən sağlam mövqedə olan Maral xanımdır. Azərbaycana münasibəti də lap əvvəldən çox yaxşı olub. 

Türkiyə televiziyalarında gedən diskussiyalardan məlum olur ki, Kamal Qılıçdaroğlu "Altılı masa"nın vahid namizədi müəyyən edilməsi ərəfəsində Maral xanım xaric digər bütün partiya rəhbərləri ilə təkbətək görüşüb və gələcək iqtidar koalisiyasının şərtlərini onlarla müəyyənləşdirib, lakin İyi Partiyasının rəhbərliyi ilə razılaşmağı zəruri saymayıb. Bəzi təhlilçilərin rəyinə görə, Kamal bəy bu hərəkəti ilə Maral xanımı və rəhbərlik etdiyi partiyanı fakt qarşısında qoymaqla İyi Partiyasını CHP- nin satilleti səviyyəsinə endirmək niyyəti varmış. Əgər bu mülahizələrdə həqiqət payı varsa, onda "masa" ətrafında yaranan krizə görə qınaq obyekti məhz Kamal Qılıçdaroğlu olmalıdır.  

Maral xanımın "Altılı masa"ya qayıdışı bu qurumu əvvəlkindən daha güclü hala gətirəcək. İstənilən halda, Maral Akşenər "masa" daxilində gedən proseslərə şəffaflıq gətirdi. Heç şübhəsiz ki, bu da son nəticədə düşünərək qərar qəbul edən seçicinin iradəsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, "Altılı masa"nın dağılacağı barədə bir il əvvəl verdiyi proqnozun doğrulmasından sevincək hala düşüb son günlərdə teleulduza dönən Məhərrəm İncənin də kefinə soğan doğranacaq. O, hətta Maral xanıma baş nazir vəzifəsini verməyə hazır olduğunu bəyan etmişdi. 

Güman edirəm ki, Türkiyədəki növbəti cümhurbaşqanı seçkilərində ikinci tur qaçılmazdır. Böyük ehtimalla ikinci turda Məhərrəm İncə Kamal Qılıçdaroğlunun namizədliyini dəstəkləyəcək. İkinci turda Kamal bəyin qalib gəlməsi üçün bu dəstəyin yetərli olub - olmayacağı sual altındadır. Təəssüf ki, son nəticədə seçkinin taleyini HDP seçiciləri həll edəcək. Bu mənada hansı namizədin qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq hələlik mümkün deyil.

Vaqif Hacıbəyli, hüquqşünas 

Share on Facebook