Putin və Medvedyevin qorxusu

Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terroru himayə edən dövlət kimi tanınan Rusiyanın rəsmi şəxsləri yenə bəşəriyyəti məhv etməklə hədələməyə başlayıblar. 

Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin əsas təmsilçilərindən keçmiş prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyev  “İzvestiya”  qəzetində dərc olunan “Geri dönüşü olmayan nöqtələr” başlıqlı məqaləsində yenidən bəşəriyyəti məhv edə biləcəkləri ilə hədələyib. İstənilən imperiyanın dağılan zaman dünyanın yarısını öz xarabalıqları altında basdırdığı haqqında heç bir tarixi əsası olmayan, uydurma bir fikir irəli sürən Medvedyev yazır: “Apokalipsis. Tüstülənən dağıntılar radiasiya yaymağı dayandırana qədər, keçmiş həyat əsrlər boyu unudulmalı olacaq”.

Medvedyevin belə bir məqalə ilə çıxış edərək, yenidən bəşəriyyəti dünyanın nüvə külünə qərq olunacağı ilə hədələməsi təsadüfi deyil. Ukraynaya qarşı müharibənin bir ili tamam oldu və nəticələr Rusiya üçün faciəlidir. Rusiya çox ağır itgilər verməkdədir. Ağlı başında olan hər kəs anlayır ki, Rusiya “qan” itirməkdən ölmək üzrədir. Rusiyanın uzun müddətli mühibəyə cəlb olunacağı halda “qan” itirməkdən öləcəyi haqqında təxminən bir əvvəl yazmışdım. 

Medvedyevdən bir gün öncə isə Avropa Şurası Parlament Assambleyası tərəfinən terrorçu rejim kimi tanınan Rusiya hakimiyyətinin başçısı Putin “Moskva. Kreml. Putin” adlı televiziya proqramına müsaibəsində deyib ki, Qərbin əsas məqsədi Rusiyanı dağıtmaqdır. Putin bildirib Rusiya dağılacağı halda rus xalqı mövcudluğunu qoruya bilməyəcək və öz kimliklərinə malik yeni millətlər yaranacaq. 

Bir il öncə Ukraynanın “demilitarizasiya” və “denazifikasiya” məqsədi ilə başladılan “Xüsusi hərbi əməliyyat” adlı müharibənin Rusiyanın özü üçün faciəyə çevriəcəyini dünyada və Azərbaycanda çoxları təsəvvür belə edə bilmirdilər. 

Qərb ölkələrinin və onların “satellitləri”nin dünya əhalisinin yalnız 15 faizini təşkil etdiyini, özlərinin isə daha çox olduğunu olduğunu yazan Medvedyev anlamır ki, bəşəriyyəti təhdid etdikləri nüvə külünün altında həmin çoxluq da qalacaq. Çoxluq dedikdə Medvedyev Çin və Hindistanı da aid etdikləri mücərrəd birlik nəzərdə tutulur. Çin və Hindistanın Rusiyanın avanturasının qurbanı olmağa hazır olmasını düşünmək üçün insan normal düşünmək qabliyyətini itirməlidir. Putin və Medvedyevlərin bu sayıqlamalarının yalnız bir səbəbi var: Qorxu.

Xəqani Cəfərli, politoloq

Share on Facebook