Putinin dünənki açıqlamaları ilə bağlı hökumətimizin "yumşaq güc"ü yenə təbliğat başındadır. Agah insanların, onları boş verməsi lazım, yoxsa çörəklərinə yağ sürtmüş olacaqsınız.
Çıxışın kontekstini tam anlamaq üçün isə verilən sualı da nəzərə almaq lazımdır. Putinin çıxışının əsas mahiyyəti budur ki, "Qarabağın itirilməsi" Ermənistana görə oldu, biz satmaqda qınamaq yersizdir. Xəbərdarlıqlarımız qulaq ardına vuruldu və nəticədə bu mənzərə qaçılmaz idi. Onsuz da əvvəldə Azərbaycanı biz durdururduq. Artıq durdurmağın yeri qalmadı.
Putinin dedikləri əslində mahiyyətcə yeni deyil. Sadəcə 2 yeni detal ifadə etdi ki, birincisilə bağlı uzun müddətdir narahatçılığımı ictimaiyyətlə bölüşürəm, aydınlıq gətirilməsi üçün sual ünvanlayıram:
1. Putin deyir: "...Görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsünüzmü, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”...
Başa düşürsünüzmü, Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən edilməsindən sonra sülhməramlılarımızın statusu məsələsi də keyfiyyətcə dəyişdi. O (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi ki, bəli, indi "ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır".
Keçən dəfə yazdığım kimi, son hadislərlə "3 tərəfli bəyanat" faktiki olaraq qüvvədən düşdü. İndi iki tərəf var.
Aydınlıq gətirilməli sualllar budur: deyildiyi kimi, təklif olunan iki tərəfli əsasda verilən qərar nədən ibarətdir? Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir?
Narahatçılığımın əsas mahiyyəti də budur ki, hökumətimiz açıq şəkildə heç zaman dilə gətirməsə də hamımız yaxşı bilirik ki, bu münaqişə Putinin dediyi kimi Sumqayıtda başlamayıb. Və əsas səbəbi də sadəcə etnik qarşıdurma kimi qələmə verməklə gerçəklik dəyişmir. Azərbaycanın ərazisinin işğal edilməsi və 26 il işğalda saxlanılması da Ermənistanın gücü hesabına olmayıb. Birbaşa Rusiyanın patronajlığı ilə baş verib. Bu patronajlıqdan imtinanın şəxsi qəzəblə əlaqəsi olsa da, təkcə buna görə baş verməsi Putin və Rusiyanın mahiyyətilə tərs mütənasibdir. Onların təfəkkürü, yaradılan imkanın əvəzinin də verilməsini mütləq tələb edir.
Ona görə də illərin Rusiya təcrübəsi aydın insanları yuxarıdakı sualları ölkə rəhbərliyindən açıq soruşmağa sövq etməlidir.
2. Putin: "Keçmiş rəhbərlərə gəlincə, bilmirəm, təfərrüatlara varmaq istəmirəm, amma başa düşdüyüm qədərilə əslində onları Yerevanda görmək istəmirlər. Amma mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan rəhbərliyi Azərbaycanın ərazi məsələlərinin tamamilə həll olunduğunu nəzərə alaraq humanitar xarakterli addımlar atacaq”.
Bu qeydi də xüsusi izləmək lazımdır.
Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri