Sozcu.az xəbər verir ki, politoloq Şahin Cəfərli İranın siyasi və hərbi rəhbərliyində baş verən son hadisələri şərh edib.
Onun sözlərinə görə, Əli Laricani və “Bəsic” komandanı, general Qulamhüseyn Süleymanidən sonra “Ettelaat”ın rəhbəri İsmayıl Xətib də öldürülüb. Bu hadisələr İranın ali siyasi və hərbi elitasına qarşı həyata keçirilən hücumların ikinci dalğası kimi qiymətləndirilir.
Politoloq qeyd edir ki, Əli Laricani ölkə daxilində mühüm nüfuza malik fiqur idi və sistem daxilində balans yaradan əsas şəxslərdən biri sayılırdı. Onun aradan götürülməsi, eləcə də Əli Xamenei kimi liderlərin yoxluğu rejim daxilində konsensusun qorunmasını çətinləşdirə bilər.
Ekspertin fikrincə, “İranda sistem şəxslərdən asılı deyil” yanaşması reallığı tam əks etdirmir. Formal olaraq vəzifələrə yeni şəxslər təyin etmək mümkün olsa da, uzun illər ərzində formalaşmış təcrübəli siyasi və hərbi kadrları qısa müddətdə əvəz etmək olduqca çətindir.
Şahin Cəfərli vurğulayır ki, İranda tez-tez “Mossad agenti” ittihamı ilə edamların həyata keçirilməsi fonunda son hadisələr Mossadın ölkə daxilində geniş kəşfiyyat imkanlarına malik olduğunu göstərir. Hətta rejimin təhlükəsizliyinə cavabdeh olan şəxslərin belə qoruna bilməməsi ciddi suallar doğurur.
Politoloq hesab edir ki, müharibənin uzanması İran üçün daha ağır nəticələr vəd edir. Bu vəziyyət ABŞ üçün müəyyən iqtisadi üstünlüklər yaratsa da, İranın daxili sabitliyini ciddi şəkildə sarsıdır. Uzanan qarşıdurma İsrailə İran daxilində müxtəlif hədəflərə zərbə endirmək imkanı verir.
Ekspert həmçinin xəbərdarlıq edir ki, enerji infrastrukturu hədəfə alınarsa, xüsusilə “Cənubi Pars” kimi strateji obyektlərə zərbələr İran iqtisadiyyatını çöküşə sürükləyə bilər. Bu halda dövlət maaşlarının ödənilməsində problemlər yarana və bu da geniş narazılığa səbəb ola bilər.
Sonda politoloq qeyd edir ki, mövcud vəziyyətdə İran rəhbərliyində rasional düşünən qüvvələr diplomatiyaya üstünlük verməli və ABŞ-la anlaşma yollarını axtarmalıdır. Əks halda, ölkənin “süquta uğramış dövlət” vəziyyətinə düşməsi riski artır.
