Tramp Maskın gündəlik 1 milyon mükafatının harasındadır? - TƏHLİL

Seçkilərə 15 gün qalır.

Bu yazını, üzdə və pərdə arxasında baş verən hadisələrin mühümlüyü və özəlliyi baxımından xüsusilə qeyd etmək istəyirəm.

İlon Maskdan başlayaq.

İlon Mask və Tramp yeni "mexanizm" icad ediblər.

"America PAC"(siyasi aktivlik komitəsi) adlı təşkilat var, bu təşkilat üzərindən Donald Trampın seçki kampaniyası maliyyələşir. Bir neçə gün qabaq "America PAC" öz saytında onlayn-petisiya dərc edib və vətəndaşları bu petisiyanı imzalamağa çağırıb. Petisiya ABŞ Konstitusiyasına "Birinci düzəliş"(bildiyimiz, fundamental insan haqları prinsipləri. Mask hesab edir ki dem-lar söz azadlığına hücum çəkirlər deyə, "Birinci düzəlişi" önə çəkir, əslində isə gülməlidir)və "İkinci düzəliş"inə(silahların azad istifadəsi) dəstək məqsədilə yaradılıb.

"Amerika PAC" bədii peticiyanı dərc edəndən dərhal sonra, İlon Mask bəyan etdi ki, hər gün petisiyanı imzalayan təsadüfi 1 nsana 1 miyon dollar verəcək. 

Siz soruşacaqsınız, bəs Tramp və Trampa dəstək, bu petisiyanın və Maskın gündəlik 1 milyon mükafatının harasındadır? Yəni Trampın bura nə aidiyyatı var?

ABŞ-da federal qanun insanların səs verməsi və ya səs verməsi üçün qeydiyyatdan keçməsinə görə pul ödənişlərini qadağan edir, bu qanunun pozuntusuna görə həbs cəzası nəzərdə tutulur. Bununla belə, Maskın təşəbbüsü, səsvermədə iştirak etmək və ya səs vermək üçün qeydiyyatdan keçmək deyil, petisiya imzalamağa çağırmaqdır.

Bəs niyə?

Əsas məsələ ondadır ki, petisiyanı imzalamaq üçün insan öz şəxsi məlumatlarını sayta daxil etməlidir, sonra isə, bu məlumatlar Trampın seçki qərargahına göndərilir, qərargah isə öz növbəsində təbliğatı(zənglər, məktublar və s) həmin insanlara hədəfləyir. Qeyd edək ki, petisiya məsələsi sırf "bənövşəyi" ştatlar üçün nəzərdə tutulub, mahiyyəti başa düşdünüz.

İlon Maskın təşəbbüsünün məqsədini aydınlaşdırdıq, bu məsələyə qayıdacağıq, indi isə keçək əsas məqamlara.

"Polymarket" seçkilər üzrə əsas bukmeker şirkətlərindən biridir, nəhəngdir. Hal-hazırda "Polymarket"də çox qeyri-adi və ilk baxışdan bizim üçün dəhşətli hadisələr baş verir. Nə baş verir? "Polymarket" qələbə ehtimallarını belə verir:

Tramp-61%;

Harris-39%.

"Bənövşəyi" ştatlarda qələbə ehtimalları(sorğuların nəticələrilə qarışdırmayın, qələbə ehtimalı %-i başqa, sorğuların nəticələri %-ləri başqa) :

Miçiqanda Tramp-55%, Harris-45%.

Pensilvaniya Tramp-59%, Harris-41%.

Nevada Tramp-55%, Harris-45%.

Şimali Karolina Tramp-65%, Harris-35%.

Corcia Tramp-69%, Harris-31%.

Viskonsin Tramp-56%, Harris-44%.

Arizona Tramp-70%, Harris-30%.

Necə deyərlər toyumuz mübarək, 7 "bənövşəyi" ştatdan 7-sini uduzuruq, ən azı "Polymarket" belə göstərir. Bu həqiqətənmi elədir?

Əslində gerçəkdən çox qorxulu mənzərədir və hal-hazırda demək olar ki, hər yerdə eyni məlumatlarla rastlaşacaqsınız-"Tramp öndədir", "Tramp irəliləyir", "Bukmekerlər Trampı favorit sayır" və s. Narahatedici deyilmi?

İndi isə sizə verəcəyim məlumatlarda açıq mənbələrə istinad edə bilməyəcəm, amma əmin olun ki, mənbələrin etibarlılığı şübhə doğurmur.

Etibarlı mənbələr xəbər verir ki, Trampın seçkilər qərargahı sorğuların gerçək nəticələrini gizlədir, açıqlanan nəticələr isə hamısı resp-lərin kurasiyasında olan seçki monitorinqi mərkəzləri vasitəsilə olur və saxtadır. Məqsəd isə, "Tramp böyük fərqlə irəlidədir" mifi yaratmaqdır.

Deməli "Polymarket"in əsas investoru Piter Til İlon Maskın çox yaxın dostudur, Cey Di Vensin əsas sponsorudur. Deyilənə görə Mask və Piter Til arasında danışıqlar olub, Mask Piter Tildən xahiş edib ki, "Polymarket" süni şəkildə Trampın qələbə ehtimalları göstəricilərini kəskin artırsın(əmsalları endirsin) və başqa bukmeker nəhəngləri(misal üçün "Kalshi") eyni dərəcədə olmasa da, əmsalları eyni istiqamətdə dəyişməyə məcbur olacaq(Trampın lehinə).

Bunu dolayısı yolla sübut da edə bilərik. ABŞ-da bəzi ştatlarda erkən səsvermə artıq başlayıb. Erkən seçkilərdə iştirakçılıq faizi, indikator rolunu oynayır, niyə? Erkən səsvermədə adətən böyük şəhərlərin və mərkəzlərin sakinləri iştirak edir, böyük şəhərlər isə demokratların elektoratıdır. Başqa sözlərlə, erkən seçkilərdə nə qədər çox adam səs verirsə, dem-lara o qədər yaxşıdır, deməli iştirakçılıq faizi yüksək olacaq, deməli böyük şəhərlərin əhalisi evdə oturmayacaq. İndi baxın nə baş verib.

Corciyada erkən seçkilər başlayıb və ilk gündə rekord sayda adam səs verib, keçən ildəkindən 2.2 dəfə çox. Corciya "bənövşəyi" ştatdır və belə nəticə əmsallara təsir etməliydi, demokratların lehinə. Həmin gün isə əks proses gördük, Trampın qələbə ehtimalı göstəricilərini kəskin artırdılar, kim? Piter Til("Polymarket"). Məntiqsizlikdir, açıq görünür ki, müdaxilə var.

Yox, mən demirəm ki, "dağıda-dağıda gedirik", "bütün bənövşəyi ştatlarda irəlidəyik" və s. Elə deyil , çox çox gərgin savaş gedir, hər "bənövşəyi" ştatda. Amma resp-lərin hər yerdə yayımladığı kimi də deyil. Və ümumiyyətlə heç kim deməyib ki, asan olacaq, siyasət böyük savaşdır və bu savaşı qazana bilənlərlər irəli çıxmalıdırlar. Demokratlar bunu bacarırlar, bacaracaqlar. Mən buna inanıram.

Kamran Cəfərov, politoloq

Share on Facebook