Yeni dünya düzəni və Güney Azərbaycanın istiqlalı

İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası artıq mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər. Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni isə bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır. 

Yeni dünya düzənin qaçınılmaz bir proses olacağı aydın olsa da, yeni nizamın necə olacağı bağlı bir-birinin tam əksinə olan iddialar var. ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz. 

İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsirinin azalması qaçınılmazdır. Əslində isə, general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanın bütün çoğraiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil. 

Rusiyanın mövqelərinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərinin də zəifləməsinə səbəb olmağa başlayıb.   

0f3b285b9d1e8c4fa610dc757297e35f.jpg

Moskvanın itirdiyi mövqeni Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin dövlət başçısı Si Cinpin ABŞ-a qarşı avtoritarların alyansını, yuxaarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verdi. “Şər oxu” yaratmayacağı ilə vəd ilə yanaşı Si Cinpin Çinin ABŞ-ın dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır. 

Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın isə İranın yeganə sığınacaqq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümaunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığı üçün dağıldı.  

Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə münasibətdə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır.

“Post-Rusiya Azad Xalqlarının Forumu”nun ligitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisə edilməz dərəcədə dəstək qazandığını göstərir. 

Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükaftı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siaysətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək. 

Buna görə də müasir dövrdə “şər oxu”nun liderliyi ilə dünya düzəni yarana bilməz. Yaransa belə, belə dünya nizamı həyati qabliyyətli ola bilməz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Cozef Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır. 

“Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir.  

Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzənini İranda xalqların öz müqəddəratını təyin etmə hüquqnun tanınacağı bir dünya olacaq. Çünki, İran milli dövət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur. 

İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiteror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollara sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki, bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, Hizbullahın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar da qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin ligitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdən qaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə daxil qoyacaq. 

Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzənin formalaşması prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanunın diqtəsi olaraq tarixi zərurətə çevrilib.

Xəqani Cəfərli, politoloq 

Share on Facebook