"Balta əvəzinə neştər": Tramp Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmaq qərarına gəlib" - "Politico"

"Mask Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib..."

ABŞ prezidenti Donald Tramp Nazirlər Kabineti ilə görüş keçirib və burada kadr siyasəti ilə bağlı yekun sözün federal agentlik rəhbərlərinə məxsus olduğunu, Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın isə bu məsələdə həlledici rol oynamadığını bəyan edib.

Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Politico" və CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatına görə, Trampın federal agentlik rəhbərləri ilə görüşü 90 dəqiqə davam edib və mətbuata qapalı keçirilib. Görüş zamanı Tramp bildirib ki, o, federal hökumətin işçi sayının və xərclərinin azaldılması istiqamətində Maskın səylərini tam dəstəkləsə də, milyarçı və onun rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti yalnız məsləhətçi rolunda çıxış edəcək.

Görüşdə iştirak edən Mask da Trampın göstərişi ilə razılaşdığını bildirib. "Politico"nun məlumatına görə, iş adamı hətta departamentinin "bəzi səhvlərə yol verdiyini" etiraf edib. Qeyd edilir ki, bu görüş "prezidentin Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmağa çalışmasının ilk nümunələrindən biri olub". 

Nəşr bunu "Maskın mandatının daraldılması istiqamətində atılan ilk ciddi addım" kimi qiymətləndirir. Qeyd edək ki, Mask daha öncə Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib.

Ağ Evdə keçirilən görüşdən sonra Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, dövlət qulluqçularının sayını azaltmaq ideyasından imtina etmir, lakin "ən yaxşı və ən məhsuldar əməkdaşların qorunub saxlanmasının vacib olduğunu" hesab edir.

"Biz deyirik: balta yox, neştər istifadə edin. Onlar birlikdə- Nazirlər Kabinetinin üzvləri, İlon, DOGE və digər möhtəşəm insanlar tarixi səviyyədə uğurlar qazana bilərlər," - Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, görüş "çox pozitiv ruhda" keçib və iştirakçılar arasında "qeyri-adi dərəcədə yaxşı münasibətlər" formalaşıb. Tramp belə görüşlərin hər iki həftədən bir keçiriləcəyini və dövlət qulluqçularının sayının "lazımi səviyyəyə çatana qədər" bu praktikanın davam edəcəyini vəd edib.

Kütləvi ixtisarlar davam edir

Son həftələrdə Tramp administrasiyası müxtəlif federal agentliklərdən on minlərlə işçini işdən çıxarıb.

Yeni administrasiya fəaliyyətə başladıqdan sonra Təhsil Nazirliyi, Kiçik Biznes Administrasiyası, İstehlakçı Maliyyə Müdafiəsi Bürosu, Ümumi Xidmətlər Administrasiyası, ABŞ Poçt Xidməti və digər dövlət qurumlarına tam bağlanması, kütləvi ixtisarlar və ya müddətsiz məzuniyyətlər haqqında bildirişlər göndərilib.

Federal hakim və Federal Dövlət Xidməti Şurasının sədri bildiriblər ki, bu ixtisarlar məhsuldarlıq problemləri ilə bağlı olmayıb və dövlət qulluğu qanunlarının pozulması ehtimalı var.

"Tesla" və "SpaceX"-in baş direktoru İlon Mask Tramp administrasiyasında Hökumət Effektivliyi Departamentinin rəhbəri təyin edilib. Maskın sözlərinə görə, departamentin məqsədi büdcə xərclərini, şişirdilmiş dövlət aparatını azaltmaq və korrupsiya ilə mübarizə aparmaqdır.

Fevral ayının sonunda Maskın nəzarətində olan Kadr Məsələləri İdarəsi dövlət qurumlarının milyonlarla əməkdaşına həftəlik fəaliyyət hesabatı təqdim etmələri ilə bağlı məktub göndərib. Bəzi idarələr bu tələbə əməl etməyi tövsiyə etsələr də, ABŞ-ın əsas qurumlarından olan FTB, Dövlət Departamenti və Pentaqon Maskın tələblərini yerinə yetirməkdən imtina edib.

Share on Facebook