İran İslam Respublikasının sonuncu ili

Novruz bayramının ilk dəfə nə zaman və harada qeyd edildiyi haqqında tarixi qeyd yoxdur. Ancaq Doğu Türküstandan Ərəbistan sərhədlərinə qədər uzanan çoğrafiyada ərəblər istisna olmaqla Novruzu bütün xalqlar milli bayramları olaraq qeyd edirlər. Novruz bayramının tarixdə ilk dəfə harada və nə zaman qeyd olunduğu haqqında məlum olmasa da, son 1400 ildə ərəbləşməyə qarşı ən kütləvi ayin, qoruyucu zirehi olub.  

Bu il Novruz bayramı İslamın beş şərtindən biri hesab olunan orucluğun tutulması zamanını müəyən edən Ramazan ayı ilə üst-üstə düşmüşdü. Bundan başqa bu il Novruz bayramı İslam peyğəmbərinin kürəkəni, Rəşidi xəlifələrin dördüncüsü və şiələrin ilk imamı Əli ibn Əbu Talibin yaralanması və vəfatının ildönümünə təsadüf edirdi. Bütün bunlara baxmayaraq İranda Novruz bayramı çox geniş qeyd olunub. Sosial şəbəkəklərdə və Youtebe-də yayılan video və fotolar təsdiqləyir ki, bu il Novruz bayramı geniş və kütləvi əyləncələrlə müşaiyyət olunub. Elə bir vəziyyət yaranıb ki, baş verənlər İranın dini lideri Seyid Əli Xameneini özündən çıxarıb. Təmkinliyi ilə fərqlənən Seyid Əli Xamenei son cümə xütbəsində Novruz bayramı şənliklərində iştirak edənləri pisləyib. Seyid Əli Xameneini özündən çıxaran əsas məsələ dini ziyarətgah və məscidlərə getməyən İran vətəndaşlarının musiqili əyləncələr və kütləvi yürüşlər keçirmələri olub. İranın bəzi yerlərində kütləvi Novruz tədbirlərinə görə yollar bağlanıb. Müşahidəçilər İran İslam İnqilabından ötən 46 ildə ilk dəfə olaraq Novruz bayramının bu qədər açıq sürətdə mövcud rejimə və dinə qarşı yönəldiyini qeyd edirlər. Bütün bunlar göstərir ki, İrandakı mövcud rejimin ideoloji-mənəvi əsasları tamamilə dəyərini itirib. Rejim ancaq süngü- sərt represiya maşının üzərində mövcudluğunu saxlaya bilir. Bu represiya maşınını əzildikdən sonra İrandakı mövcud rejim dərhal çökəcək. İranda və bölgədə gedən proseslərin təhlili onu göstərir ki, bu il İran İslam Respublikasının sonuncu ilidir. Çökən imperiyanın dağıntıları altında qalmamaq, əksinə imperiyanın çöküşünü böyük bir başlanğaca çevirmək üçün xalqımızın çox böyük tarixi şansı var.

Xəqani Cəfərli, politoloq

Share on Facebook