Rusiyada “ölüm iqtisadiyyatı” çiçəklənir: ölkə parçalana bilər

Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Avropanın qaz bazarının 40 faizinə nəzarət edən, OPEK+ formatında dünya neft bazarında qaydaları və qiymətləri müəyyən edən Rusiya enerji gücü idi. Neft, qaz və daş kömürün satışından Rusiyaya hər il orta hesabla 500-550 milyard dollar daxil olurdu. Putinin “fateh”lik niyyəti bütün bu uğurları məhv etdi.

Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib.

Onun sözlərinə görə, Rusiya neft, qaz və daş kömürün satışını davam etdirsə də, Avropa bazarlarından qovulduğu üçün Çin, Hindistan və Türkiyə kimi alıcıların mərhəmətinə möhtac vəziyyətə düşüb:

“Üstəlik, Avropa və dünya bazarlarında neft və qazın qiyməti də ucuzlaşmaqda davam edir. Niderlandın TTF (Title Transfer Facility) mərkəzində ən yaxın qaz fyuçers müqaviləsi 1000 kubmetr üçün 338 dollara düşüb. Aprel ayı üçün 1000 kubmetr qaz 334 dollardan təklif olunur. Böyük Britaniyada isə qiymətlər daha da ucuzlaşaraq 317 dollara düşüb. Bütün bunların nəticəsində Rusiyanın qaz və daş kömür sənayesi zərərlə işləyir. Neft sənayesinin gəliri 77 faiz azalıb. “Lukoyl” vergi yükünün azaldılması üçün dövlətdən kömək istəyib, “Surqutneftqaz”ın maliyyə vəziyyəti pisləşib, “Rosneft”in mənfəəti kəskin şəkildə azalıb. Hazırda neft sənayesindəki şirkətlərin təxminən yarısı zərərlə işləyir və bəzi kiçik şirkətlər iflas edir. Rusiya Energetika Nazirliyinin hesablamalarına görə, 2030-cu ilə qədər Rusiyada çətinliklə çıxarılan neft hasilatın təxminən 80 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, Rusiyada neftin bir barrelinin hasilatı ən azı 40-45 dollara başa gələcək. Hazırda Rusiyanın “Urals” markalı xam neftinin qiyməti 60 dollar civarında olsa da, Moskva onu Çinə 25 dollar endirimlə satır. Yəni, Rusiya bir daha böyük valyuta axınını hətta yuxuda da görməyəcək. Bu o deməkdir ki, Rusiya hələlik hərbi məğlubiyyətə məruz qalmasa da, iqtisadi məğlubiyyəti artıq gerçəkləşib. Bu məğlubiyyət Rusiyanı hökmən çökdürəcək.

Rusiya iqtisadiyyatının aparıcı sahələri çökdüyü halda, “ölüm iqtisadiyyatı” (dəfn xidməti) yüksəliş dövrünü yaşayır. Bu “sənaye” 2024-cü ildə 7,7%, 2025-ci ildə 12,7% böyüyüb. Dəfn xərcləri yüksək olduğu üçün meyitlərin yandırılması da artıb. Bu isə krematoriyalara təlabatı artırıb. Hazırda Rusiyada 38 krematoriya var. Onlardan 27-si özəldir və 8-i son iki ildə açılıb. Halbuki özəl krematoriyaların fəaliyyəti də tamamilə qanunauyğun deyil. Maliyyə çatışmamazlığı səbəbindən dövlətə aid krematoriyaların tikintisi mümkün olmadığı üçün rəsmi orqanlar özəl krematoriyaların fəaliyyətinə göz yumur. Məlumata görə, 30-dan artıq krematoriyanın tikintisi də davam edir.

Neft, qaz və daş kömür sənayesinin çöküşü, “ölüm iqtisadiyyatı”nın (dəfn xidməti) yüksəlişi Rusiyanın böyük bir sarsıntı ərəfəsində olduğunu təsdiqləyir. Bu nəhəng dövlət çökür və onu bir daha kimsə xilas edə bilməz. Elə bir vəziyyət yaranıb ki, Federal Təhlükəsizlik Xidmətinə yaxınlığı ilə bilinən “Komsomolskaya Pravda” radiosunda da Rusiyanın süqut edərək parçalanacağı təhlükəsindən danışmaq tabu mövzu olmaqdan çıxıb”.

Share on Facebook