Sayı günü-gündən artan piyada ölümləri: insanları necə xilas etməli?

Son vaxtlar ölkədə piyadavurma hadisələrinin sayı artıb. Elə bu gün Dövlət Yol Polisi də bununla bağlı əhaliyə müraciət edib. Bildirilib ki, piyadavurma hadisələrinin sayının artmasının əsas səbəbi hava şəraiti və yolların sürüşkən olmasıyla bağlıdır. Təkcə son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb. Ancaq piyada ölümləri yalnız hava şəraiti ilə bağlı deyil. Burada sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etməmələri, eləcə də digər amillər ciddi rol oynayır . Bəs, piyada ölümlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakupost.az -a açıqlamasında bildirib ki, piyada ölümlərinin qarşısını almaq üçün müasir yanaşmalar tətbiq olunmalıdır: "Qəzalar dünyanın hər yerində baş verir. Səbəblər müxtəlif ola bilər, amma ayrı-ayrı ölkələrin bu məsələyə yanaşması fərqlidir. Vision Zero konsepsiyası mövcuddur - ölüm hallarına sıfır dözümlülük siyasəti. Yəni qəza qaçılmazdır, lakin qəzanın nəticəsi olaraq insanlar yollarda ölməməlidir. Bunun üçün Azərbaycanda görülən işlərin davamı gəlməlidir. Məsələn, sürəti azaldan qərarlar qəbul edilib, nişanlar qoyulub, cərimə balları artırılıb və ya yağışlı havada sürətin azaldılmasının vacibliyi tablolarda əks olunub. Lakin fiziki olaraq sürətli sürməmək üçün yetərincə tədbirlər görülməyib”. Ekspert qeyd edib ki, piyada keçidlərinin təhlükəsizliyi artırılmalı, şəhər daxilində zolaqların enləri daraldılmalıdır: “Şəhər daxilindəki küçələrdə zolaqlar daha genişdir. Zolaqların ensizləşdirilməsi əməliyyatı aparılmalıdır. Bəzi prospektlərdə bunu görmək mümkündür. Məsələn, 8 Noyabr prospektində bu addım atılıb, amma bütün şəhərdə həyata keçirilməlidir. Zolaqlar ensizləşdirildikdə kanallaşma təmin edilir, yəni sürücülərin yanlış manevr etməsi mümkünsüz olur. İki zolaqdan artıq olan prospektlərdə, eyni səviyyəli piyada keçidlərində təhlükəsizlik adacıqları qurulmalıdır. Piyada küçəni tam keçə bilməsə belə, həmin adacıqlarda özünü təhlükəsiz hiss edir və avtomobilin keçməsini gözləyir. Bu adacıqlar olmadıqda, sürücülər sürəti artırır və piyadaların yanlış hərəkət etməsi ilə qəzalar qaçılmaz olur. Bundan əlavə, piyada keçidlərinin işıqlandırılmasına diqqət yetirilməli və işıqforlarla nizamlanan keçidlərin sayı artırılmalıdır. Bu tədbirlər həyata keçirildikdə, qəzalarda yalnız maddi ziyan və yüngül xəsarətlər ola bilər". Ekspert qeyd edib ki, qəzalar bir halda insan həyatına son qoya bilər, digərində isə zərər yalnız qırıq və ya zədə ilə məhdudlaşa bilər: "Əsas məqsəd insan həyatını qorumaqdır. Küçələri sakitləşdirən elementlərin sayını artırmaq və həssas insanların hərəkət etdiyi ərazilərdə fərqli həllərə üstünlük vermək lazımdır. Dünyada belə həllər tətbiq olunur. Məsələn, bağçalar, məktəblər və xəstəxanaların önündə süni maneələr qoyulur ki, buna "Berlin yastığı" deyilir. Riskləri azaldan həllərə gəldikdə, sürəti sakitləşdirən elementlər və qəzanın nəticəsini yüngülləşdirən tədbirlər iki hissədə nəzərdən keçirilməlidir. İnsan faktoru burada mühüm rol oynayır: sürücünün peşəkarlığı, avtomobilin texniki vəziyyəti və hava şəraiti qəza səbəbləri ola bilər. Amma əsas məqsəd nəticədə insanın həyatını itirməməsidir. Bir şeyi də qeyd edim ki, sadaladığım elementlər Bakı şəhərində var, amma nöqtəvidir. Məsələn, Həsən Əliyev küçəsində Kral şadlıq evinin yanında və Ağa Nemətulla küçəsində təhlükəsizlik adacıqları qurulub. Ağ Şəhər layihəsi çərçivəsində də müasir elementlər tətbiq olunub. Məhəllə girişləri səki səviyyəsinə qaldırılıb ki, bu da sürücüləri sürəti azaltmağa məcbur edir" Rauf Ağamirzəyev həmçinin, Bakı şəhərində mövcud piyada infrastrukturundakı problemləri də dilə gətirib: “Əgər biz hər hansı vərdişlərdən danışırıqsa, çox təəssüflər olsun ki, bizim piyada infrastrukturumuz bərbbaddır. Səki və keçidlərdə çoxlu maneələr -ağaclar, nişanlar, işıq dirəkləri və dükanların pilləkənləri kimi əngəllər mövcuddur. Konkret zəbt hallar var ki, bu da piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir və yanlış vərdişlər formalaşdırır. Biz ilk olaraq, səkiləri azad və abad etməliyik". Ekspert vurğulayıb ki, cərimələrin tətbiqində boşluqlar var: "Səkilər azad edilməli və qayadalar sərtləşdirilməlidir. Son statistikalara görə, taksilərlə hərəkət edənlərin müəyyən faizi avtobus və metroya keçib, lakin bunun əsas önəmli faizi piyadalardır. Şəhərimizdə məsafələr qısa olmasına baxmayaraq, şəxsi avtomobil və taksi istifadə edilir ki, bu da yol infrastrukturunda küçə yol şəbəkəsinin yüklənməsinə, tıxacların atmasına birbaşa təsir edir. Ona görə də piyada infrastrukturunun yaxşılaşdırılması, təhlükəsizlikliyin təmin olunması məsələlərinə diqqət artırılmalıdır".

1500 məktəbin bağlanması xəbəri haradan qaynaqlanır?

Hidayət Allahverdi, Müsavat Partiyası Təhsil Komissiyasının sədri Parlamentin son iclasında bəzi deputatlar sosial yönümlü çıxışlar etdilər və onlardan biri ölkədə 4000 məktəbdən 1500-nün bağlanacağı barədə də məlumat verdi. Dedi ki, rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır: “Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”. Bunun ardınca Elm və Təhsil naziri E.Əmirullayev sosial şəbəkə hesabında bu çıxışa və cəmiyyətdə yaranan rezonansa cavab verdi: “”Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib. Bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün ANLAŞILMAMASIDIR” (fərqləndirmə bizimdir—müəllif). Ardınca ANLAŞILMAYAN fikirləri sadalayır. Bu sadalamadan belə qənaətə gəlmək olar: 1.Ölkədə 4400 məktəbdən 1500-də 100-dən az şagird təhsil alır. 2.Bu məktəblərə çəkilən xərc böyükdür ki, bəzi hallarda özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur və tədrisin keyfiyyəti aşağıdır. 3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq. Bu üç fikri ümumiləşdirən nazir ANLADIR ki, həmin fikirlərdən çıxış edərək “Ölkədə 1500 məktəb bağlanacaq” qənaətinə gəlmək düzgün deyil. Daha sonra sadalanan fikirlərdə işlədilən “RASİONALLAŞMA” sözünün açıqlamasını verərək görüləcək işlərdən qısaca danışır. Anlada bildi, ya bilmədi, bu qalsın hər iki şəxsin insafına. Hesabla gərək anlaşa biliblərsə, deməli,  söhbətə son qoyulmalıdır. Amma onların anlaşa bilməsi hələ təhsildə uzunömürlü problemlərin bitməsi anlamına gəlməməlidir. Elə buna görə də mətbuat və sosial şəbəkələrdə müzakirələr davam etməkdədir. Səbəb?.. …Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk əsaslı dəyişikliklərdən biri TQDK tərəfindən test üsulu ilə imtahan götürülməsi oldu və bu hadisə təhsilin qarayarası olan qəbul imtahanlarında rüşvət amilini aradan qaldırdı. Müstəqil Azərbaycanın ilk “Təhsil haqqında” Qanunu 1992-ci ilin 7 oktyabrında qəbul edildi. Bu qanun Azərbaycanın müstəqillik əldə etməsindən sonra təhsil sahəsində hüquqi əsasları olan ilk sənəd idi. Qanun, təhsilin demokratik prinsiplər əsasında qurulması, milli maraqlara və standartlara uyğunlaşdırılmasına uyğun olaraq hazırlanmışdı. 1992-ci il qanunu təhsil sisteminin bütün pillələri (ümumi, ali, peşə, əlavə təhsil və s.) əhatə edir və Azərbaycanın təhsil siyasətinin formalaşdırılmasında mühüm rol oynayırdı. Amma cəmiyyət dəyişdikcə, dünyaya inteqrasiya prosesi gücləndikcə təhsil sistemində islahatlar zərurətə çevrilirdi. 1992-ci il Qanunu üzərində aparılan dəyişikliklər (1995-ci və 1999-cu il dəyişiklikləri) daha sonra yeni Qanunun qəbuluna gətirib çıxarsa da (2009_cu il) sistemdə köklü dəyişiklik nəzərə çarpmadı. Daim yenilənmə tələb edən təhsil sistemi2006-cı ildə ümumi təhsil pilləsində “Milli Kurikulum”un tətbiqinə başlasa da, bu sahədə görülən işlər kosmetik xarakter daşıyırdı. Əslində bu sahədə külli miqdarda vəsait xərclənirdi, lakin görülən işlərin effekti çox da hiss edilmirdi. Çünki kadr hazırlığı sahəsində görülən işlər gözlənilən dəyişikliklərə uyğun deyildi. Həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də Təhsil haqqında Qanunda qeyd edilən vətəndaşın təhsilə əlçatanlığı (özü də keyfiyyətli təhsilə), təhsil sisteminin ayrı-ayrı pillə və səviyyələri arasında güclü rabitənin olması, təhsil sisteminin əmək bazarına uyğun qurulması, təhsil verənlərin əməyinin qiymətləndirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi və s. bu kimi istiqamətlərdə görülməli olan işlərin ləngiməsi təhsil sisteminin yüklənməsinə gətirib çıxardı. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş beş istiqamət üzrə tədbirlərin həyata keçirilməsinin ləngiməsi də vaxtilə ləngiyən islahat prosesi və eyni zamanda pedaqoji kadr hazırlığının keyfiyyətinin tələblərə uyğun olmaması ilə də sıx bağlıdır. Təhsilverənlərin hazırlanması ilə məşğul olan orta ixtisas təhsili müəssisələrinin hələ də mövcudluğu, ali məktəblərin hazırladığı kadrların sayı ilə ehtiyacın uzlaşmaması, təhsili başa vurduqdan sonra iş yeri tapmaq istiqamətində yaranan çətinliklər günün problemlərindəndir. Sadalananların hər biri ayrıca müzakirə mövzusu ola bilərdi. Amma problemlərin bolluğunda rasionallaşma və optimallaşma prosesini məktəblərin kütləvi bağlanması kimi dəyərləndirib gündəmdə qalmaq da olar. Amma çıxış yolu göstərmək hər bir vətəndaşın hüququ olsa da, hamının vəzifəsi deyil. Çıxış yolu isə vətəndaşın təhsilə əlçatanlığının təmin edilməsinə qulluq etməli, hüquqi bazaya istinad etməlidir. Rəsmilərin dediklərinə inansaq, bağlanmaq zərurəti qaçılmaz olan məktəblərin şagirdlərin yaxın məktəblərə daşınması təmin ediləcək. Daşınmanın davamlılığı gözləniləcəkmi və bu işə kim nəzarət edəcək? Təhsil sektorları və ya məktəb rəhbərliyinin daşınmaya nəzarət mexanizmi olacaqmı? Elə buradaca xatırladaq ki, təhsil müəssisələrinə bir sıra səlahiyyətlər vermək idarəetmədə təmərküzləşmə yükünün azaldılmasına da yardımçı olardı. Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, distant təhsil sisteminin, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin imkanlarından yararlanmaqla zərərləri minimuma endirmək olar. 2023-2024-cü tədris ilindən əhatə dairəsi genişləndiriləcək peşə təmayüllü siniflərin, Regional Model Peşə Təhsil Mərkəzi və Regional Peşə Kompetensiya Mərkəzi tipli mərkəzlərinin sayını artırmaqla da təhsilə əlçatanlıq imkanlarını reallaşdırmaq olar.

Merkel: Putin Ukrayna əleyhinə müharibədə qalib gəlməməlidir

Almaniyanın keçmiş kansleri Angela Merkel 26 noyabrda Berlindəki Alman Teatrında öz xatirə kitabının təqdimatında verdiyi bəyanatda, Ukraynanın suverenliyini qorumaq üçün beynəlxalq tərəfdaşların kömək etməli olduqlarını vurğulayıb. Musavat.com-un məlumatına görə Merkel bildirib ki, Rusiyanın müharibədə qalib gəlməməsi vacibdir: "Bizim maraqlarımıza uyğun olan, Ukraynanın müstəqil bir dövlət olaraq qalmasıdır", - deyə o, əlavə edib. Keçmiş kansler, Avropa və beynəlxalq icmanın Ukraynanın ərazi bütövlüyünü təmin etmək və onun müstəqilliyini qorumaq üçün daha fəal dəstək göstərməli olduğunu qeyd edib. Merkel həmçinin qeyd edib ki, bu müharibənin yalnız Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyi üçün də ciddi əhəmiyyət kəsb etdiyi üçün daha çox həmrəylik və birgə mübarizə tələb edir. Merkelin sözləri, beynəlxalq dəstəyi daha da gücləndirmək və Ukraynanın qalib gəlməsi üçün diplomatik və hərbi yardımların davam etdirilməsini təşviq edən bir çağırış kimi qiymətləndirilir.

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Bayden səlahiyyətlərini təhvil vermək ərəfəsində Ukrayna ilə bağlı daha bir mühüm qərara hazırlaşır. Söhbət ABŞ-ın Ukraynaya AGM-158 JASSM raketlərini verməsindən gedir. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib. O bildirib ki, AGM-158 JASSM raketləri Almaniya “Taurus”unun analoqudur: “ATACMS-lardan fərqli olaraq, AGM-158 JASSM “hava-yer” tiplidir və atəş F-16-lar vasitəsilə həyata keçirilir (ATACMS-lar isə HİMARS-lardan atılır). Bu raketlərin ən köhnə və zəif modifikasiyası 370 kilometr mənzilə sahibdir, ən müasir modifikasiyalar isə 900 kilometr məsafəyə zərbə endirə bilir. Ən əsas məsələ ondadır ki, istehsal olunan AGM-158 JASSM raketlərinin sayı “Storm Shadow”, “Taurus” və SCALP raketlərinin toplamda sayından çoxdur. Başqa sözlə, Pentaqonun bazalarında bu raketlər yetərincədir”. Politoloq xatırladıb ki, noyabrın 23-ündən 24-ünə keçə gecə Ukrayna ordusu Kursk vilayətində S-400 kompleksini məhv edib və ən əsası, bu kompleksə məxsus RLS-i də sıradan çıxarıb: “Zərbə kombiləşdirilmiş olub, yəni eyni zamanda raketlər və dronlarlarla. Rusiyanın hərbi müxbirləri zərbənin ATACMS-larla endirildiyini bildirir, Ukrayna zərbəni etiraf etsə də, hansı raketlərdən istifadə edildiyini açıqlamayıb. Rusiya MN isə ümumiyyətlə susur. Belə məlumat da var ki, Ukrayanın hərbi-siyasi rəhbərliyi 26 noyabr tarixində keçiriləcək Ukrayna-NATO sammitinə qədər Rusiya ərazisinə Qərb istehsallı raketlərlə zərbələri dayandırmaq əmri verib”.

Tramp bu qadını nazir təyin edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimimdən sonra kənd təsərrüfatı katibi postuna Bruk Rollinsi gətirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında bildirib. Xanım Rollins yeni hökumətdə kənd təsərrüfatı, qida, ərzaq təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, həmçinin, ərzaq ticarəti məsələlərinə cavabdeh olacaq. Bruk Rollins Trampın ilk prezidentliyi dövründə Daxili Siyasət Şurasına rəhbərlik edib.

Rusiya "dəhşət" saça bilməz: bir raket 50 milyon dollaradır

Rusiya Dneprə qitələrarası ballistik raketlə zərbə vurdu, lakin rusların belə silahları çox az olduğu üçün bunun tez-tez təkrarlanması mümkün deyil. Sozcu.az xəbər veri ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib. “Düşünmürəm ki, Rusiya “dəhşət” saçacaq. Ona görə ki, Rusiyada raket yüzlərlədir, qitələrarası ballistik raket isə onlarladır. Ballistik raketin birinin qiyməti 50 milyon dollar civarındadır”, - deyə o bildirib.

Ukraynanın neçə təhlükəli raketi var?

Ukrayna silahlı qüvvələrində hazırda Amerika istehsalı olan təxminən 50 ATACMS raketi var. Sozcu.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Ukrayna silahlı qüvvələri ATACMS-i işə salmaq üçün kifayət qədər sayda HIMARS və MLRS M270 çoxsaylı buraxılış raket sistemlərinə malikdir. Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərini ATACMS raketləri ilə zərbələr endirməyə icazə verib.

HƏMAS üzvləri Türkiyədə olsalar... - Vaşinqton

Vaşinqton HƏMAS üzvlərinin Türkiyədə olduqları təqdirdə ekstradisiya edilməsində israrlıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib. "Dohada olan HƏMAS rəhbərliyinin bir hissəsinin indi Türkiyəyə köçməsi ilə bağlı xəbərlər görmüşəm. Hesab edirik ki, qəddar terror təşkilatının rəhbərləri heç bir yerdə rahat yaşamamalıdır. Bu şəxslərin bəziləri uzun müddətdir ki, ABŞ tərəfindən ittiham olunur. Hesab edirik ki, onlar ABŞ-a ekstradisiya edilməlidir. HƏMAS üzvləri amerikalıları həm öldürməkdə, həm də vətəndaşlarını girov götürməkdə ittiham olunur", - Miller bildirib. Xatırladaq ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə getdikləri barədə məlumat yayılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi də məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

İtaliya da Ukraynaya raket icazəsi verir?

Kiyevin silahlardan istifadəsinə dair mövqeyimiz dəyişmir, onlar yalnız Ukrayna ərazisində istifadə oluna bilər. Sozcu.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib. Tajani həmçinin ruslar, çinlilər, hindlilər və braziliyalıların iştirakı ilə sülh konfransının keçirilməsi üçün çıxış edib: “Ümid edirəm ki, Pekin Moskvaya bu mənasız müharibənin dayandırılmalı olduğunu başa düşməkdə müsbət rol oynaya bilər. Təbii ki, Şimali Koreya əsgərlərinin orada olması yaxşı hal deyil”. Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.

Zelenski Trampı öz tərəfinə çəkə bilər: "kozır"ı var

Ukraynanın Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlarda Donald Trampı öz tərəfinə çəkmək üçün "kozır"ı var. Sozcu.az xəbər verir ki, bu barədə "Velt" nəşri yazıb. Bildirilir ki, bu "kozır" Vladimir Zelenskinin əvvəllər müttəfiqlərə təqdim etdiyi Qələbə planında mövcud idi. Bu məqam ictimaiyyətdən gizli saxlanılıb. Nəşr qeyd edir ki, Kiyevdə insanlar Trampın müharibəni bitirmək üçün hələ də elan olunmamış strategiyasının qeyri-müəyyən perspektivləri ilə bağlı çox əsəbidirlər. Prezident Vladimir Zelenski indi bütün gücü ilə mövqeyini yaxşılaşdırmağa çalışır ki, onların Kiyevə sırımağa çalışacaqları hər şeylə razılaşmasın. Kiyev indi Trampla mümkün qədər tez “randevu almaq” istəyir: "Zelenski ilə Trampın hələ sentyabr ayında Nyu Yorkda keçirilən görüşdə Qələbə planının əvvəllər məlum olmayan hissəsini müzakirə etdiyi iddia edilir. Bu bənd nəzərdə tutur ki, gələcəkdə kimin Ukraynaya "yatırım edəcəyinə" Tramp qərar verə bilər. "Hər kəs ola bilər - yalnız Çin istisnadır", - ideya belədir. Bunun arxasında dayanan məntiq Pekini qiymətli resurslara çıxış əldə etməməsi üçün Ukrayna ilə bağlı planlar qurmaqdan çəkindirməkdir", - nəşr bildirib.

Əgər Tramp Putinə həqiqətən zəng edibsə... - Britaniya

Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə mümkün telefon danışığı Ukrayna üçün yaxşı əlamətdir. Belə bir çağırış Vaşinqtonun ukraynalılara dəstəyini davam etdirəcəyini göstərə bilər. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib. “Əgər Trampın Putinlə söhbəti barədə şayiələr doğrudursa, bu, Tramp administrasiyasının Ukraynanı dəstəkləyəcəyinə dair çox yaxşı ilk addım və erkən işarədir”, - nazir bildirib. Hilki qeyd edib ki, Rusiya kimi ölkələr beynəlxalq sərhədləri güc yolu ilə yenidən çəkə bilsələr, bu, bütün ölkələrin təhlükəsizliyinə xələl gətirən bir siqnaldır. Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri peskov 7 noyabrda Trampın Putinə zəng etdiyi barədə "Vaşinqton Postun" yaydığı məlumatı təkzib edib.

Bu, dəhşətli çağırışdır - Zelenski

Kiyevə təhlükəsizlik zəmanəti vermədən atəşkəs haqqında ideyalar Ukraynanın Rusiya tərəfindən işğalına və məhvinə səbəb ola bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz anlayırıq ki, atəşkəslə bağlı bu ritorikanı (atəşkəs təklifləri - red.) hansı liderlər səsləndirir. Bütün vətəndaşlarımız üçün çox dəhşətli çağırışdır", - Zelenski qeyd edib. O bildirib ki, Ukraynada artıq 2014-cü ildən atəşkəs təcrübəsi var və Rusiya həmişə həmin razılaşmaları pozub: "Əvvəlcə Krım və Donbasın bir hissəsi işğal edildi, sonra genişmiqyaslı işğal başladı".