Ərdoğan qılıncı qınından çıxaracaqmı?

Malazgirt Zəfərinin 954-cü ildönümünə həsr olunmuş tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qılınc qınından çıxarsa, qələmə və sözə yer qalmaz” sözləri Ankaranın Suriyanın bütövlüyünü qorumaq, kürd müxtariyyatının yaranmasının qarşısnı almaq üçün hərbi qüvvədən istifadə edəcəyi görüntüsü yaratsa da, bunun mümkünsüz olacağını söyləməyə borcluyuq. Suriyanın daxilində və ətrafında yaranmış vəziyyət Ankaranın hərbi müdaxiləsinin təhlükəli olacağını aydın göstərdiyi kimi, digər amillər də Türkiyənin belə bir addımının fəlakətə səbəb olacağını aydın göstərir. 

Suriyada kürdlərlə yanaşı druzlar və ələvilər də müxtariyyat iddiasındadır. Druzlar hətta bu məsələdə kürdləri qabaqlayırlar və müxtariyyatın təməllərini yaratmağa başlayıblar. Ələvilər də artıq müxtariyyat üçün hərəkətə keçiblər. Belə bir vəziyyətdə Ankaranın hərbi müdaxiləsi Suriyadakı etnik və məzhəb qarşıdurmasının Türkiyəyə ixracına səbəb olacaq. 

Suriyanın güclü radikal sünni dövlətinə çevrilməsinin ərəb təhlükəsini dəfələrlə artıracağı sübuta ehtiyacı olmayan məsələdir. Qərb mərkəzləri ərəblər arasında radikallığın artdığını açıq əndişə ilə izləyirlər. Araşdırmalar nəticəsində məlum olub ki, ərəblər arasında yeni doğulan oğlan uşaqlarına verilən adlar arasında İsrailin öldürdüyü HƏMAS lideri Yəhya Sinvar ismi hətta İslam peyğəmbərinin də ismini ötüb. Müşahidəçilər oxşar vəziyyətin 1991-ci ildə yaşandığını bildirirlər. İrakın o zamankı lideri Səddam Hüseyinin şərəfinə övladına “Səddam” ismini verənlər arasında Liviyanın indiki lideri Xalifa Haftar da var. 

Bütün ərəb çoğrafiyasında radikal islamın gücləndiyi bir zamanda Suriyanın güclü radikal sünni dövlətinə çevrilməsi Yaxın Şərqdə həyati əhəmiyyəti olan bütün böyük dövlətlərin maraqlarını təhdid edir. Yaxın Şərqin tarixini bilənlər Suriyanın nə qədər böyük əhəmiyyətə malik olduğunu bilirlər. Buna görə də Suriyada güclü radikal sünni dövlətinin yaranmasına imkan verməyəcəklərini əminliklə söyləyə bilərik. 

Ankara özünü bu alovun içərisinə atsa, Ərdoğanın təbirincə desək, qılıncı qınından çıxarsa bu Türkiyə üçün böyük fəlakətə səbəb olacaq. Türkiyə Suriyada Rusiyanın Ukraynada düşdüyü bataqlığından böyük bataqlığa düşəcək. Çünki, Rusiyadan fərqli olaraq Türkiyənin uzun müddətli hərbi münaqişə üçün iqtisadi resursları mövcud deyil.

Xəqani Cəfərli, politoloq

Share on Facebook