"Əgər Brüssel hələ də Rusiya neftini və qazını almağa davam edirsə, ABŞ-dan əlavə sanksiyalar gözləməsin..."
Avropa İttifaqı Rusiyaya qarşı artıq 19-cu sanksiya paketini hazırlayır. Əvvəlki məhdudiyyətlər daha çox maliyyə sektorunu və müəyyən şəxsləri əhatə edirdisə, bu dəfə dairə daha da genişlənib.
Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Avropanın 19-cu sanksiya paketi - təzyiqin sərtləşdirilməsi
Brüssel böyük banklarla yanaşı "Rosneft" kimi enerji nəhənglərini, həmçinin Rusiyanın kölgə donanmasını və üçüncü ölkələrdə fəaliyyət göstərən neft treyderlərini hədəfə almağı planlaşdırır. Məqsəd aydındır - Moskvanın enerji ixracından əldə etdiyi milyardlarla gəliri kəsmək və bu yolla Putinin müharibə maşınının maliyyə damarlarını quruda bilmək.
"Bloomberg"-in məlumatına görə, yeni paketin ən diqqətçəkən tərəfi Qazaxıstan məsələsidir. Avropa ilk dəfə "sanksiyalardan yayınmaya qarşı mexanizm"i tətbiq etməyi düşünür. Söhbət Qazaxıstan üzərindən Rusiyaya daşınan maşın və texnologiyalardan gedir. Bu mallar sonradan hərbi sənaye üçün istifadə olunur və Brüssel bu kanalı bağlamağa çalışır. Paralel olaraq, kriptobirjalar, süni intellekt texnologiyaları, hətta sığorta şirkətləri də sanksiya siyahısına düşə bilər.
"Rusiya qazından tam imtina edin"
Vaşinqton Avropaya birbaşa mesaj verir: əgər Brüssel hələ də Rusiya neftini və qazını almağa davam edirsə, ABŞ-dan əlavə sanksiyalar gözləməsin. Energetika naziri Kris Raytın sözləri sərtdir: "Rusiyanın enerji ixracatı onun müharibə büdcəsidir. Avropa bu asılılığı qırmasa, Moskvanın maliyyə imkanlarını tam dayandırmaq mümkün olmayacaq".
ABŞ bunun əvəzində Avropaya öz maye təbii qazını (LNG), benzinini və digər enerji məhsullarını təklif edir. Raytın arqumenti ikiqatdır: bir tərəfdən bu, Avropanın enerji təhlükəsizliyi üçün alternativdir, digər tərəfdən ABŞ-Avropa ittifaqının siyasi gücünü göstərən addım ola bilər. Amma bu yanaşma Avropa daxilində parçalanmaya səbəb olur. Macarıstan və Slovakiya hələ də daha ucuz Rusiya qazına üstünlük verir, buna görə də sanksiyaların sərtləşdirilməsinə qarşı çıxırlar.
Brüsselin 2028-ci ilə qədər mərhələli şəkildə Rusiyanın enerji asılılığından xilas olmaq planı kağız üzərində cazibədar görünsə də, siyasi reallıqda bu, çox çətin prosesə çevrilib. Hətta statistika da bunu göstərir: 2024-cü ildə Rusiya qazı Avropanın ümumi çıxarılan yanacaq idxalının 14 faizini təşkil edib. Bu, 2022-ci illə müqayisədə azalsa da, 2023-cü illə müqayisədə, əsasən də Rusiyanın mayeləşdirilmiş qazının daha çox alınması hesabına artım var.
İqtisadiyyat, yoxsa siyasi mövqe?
Avropanın qarşısında indi bir seçim dayanır: ya ucuz enerji resurslarından imtina edib Moskvanı zəiflətmək, ya da öz iqtisadi rahatlığını qoruyub Putinə dolayısı ilə nəfəs imkanı vermək. Hər iki variantın bədəli yüksəkdir. Sanksiyaların sərtləşdirilməsi şübhəsiz ki, Rusiya iqtisadiyyatına zərbə vuracaq, lakin eyni zamanda Avropanın bazarlarında enerji qiymətlərini daha da artıracaq, istehsal xərclərini yüksəldəcək və sosial gərginlik yaradacaq. Bu isə siyasi baxımdan Avropa hökumətlərinə ağır yükdür.
Digər tərəfdən, sanksiyaların yumşaq saxlanılması Rusiyanın hərbi maşınını daha uzun müddət maliyyələşdirməsinə imkan verir və müharibəni uzadır. Vaşinqtonla Brüssel arasında koordinasiya güclənir, amma sual açıq qalır: Avropa öz iqtisadi asılılığını qurban verməyə nə qədər hazırdır? Çünki indi qarşıda təkcə enerji balansı deyil, həm də strateji mövqe dayanır. Avropa öz maraqlarını qısamüddətli iqtisadi faydada, yoxsa uzunmüddətli siyasi sabitlikdə görəcək?..