Xalqı dinləməyə və islahatlar aparmağa hazıram - Pezeşkian

"İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır". Sozcu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib. "Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq", - deyə o bildirib. Pezeşkian etirazçıların pisləşən iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə etdiklərini, lakin bazarları yandırmadıqlarını və ya cinayət əməlləri törətmədiklərini iddia edib: "İrandakı iğtişaşlar Amerika və İsrail tərəfindən təşkil olunur və onlar öz agentlərinə vəziyyəti sabitsizləşdirmək əmri verirlər".

Arif Hacılı: Güney Azərbaycan həlledici mərhələyə daxil olur

İranda etirazlar Güney Azərbaycan şəhərlərinə yayılıb: dinc mübarizə üçün real imkanlar yaranır Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı yazır: İranda davam edən etiraz dalğası artıq Güney Azərbaycan şəhərlərinə də çatıb. Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan və digər Azərbaycan şəhərlərində sosial və siyasi şüarlarla etiraz aksiyaları keçirilir. Mövcud məlumatlara görə, hələlik bu şəhərlərdə yanğınlar, dağıntılar və insan tələfatı qeydə alınmayıb. Bu isə onu deməyə əsas verir ki, hazırkı mərhələdə dinc mübarizə üsulları ilə hədəflərə çatmaq və real nəticələr əldə etmək imkanları daha real görünür. Məhəmməd Əmin Rəsulzadənin “Yalnız insan haqlarını tanıyan və onları müdafiə edən millətlər qalib gələcəkdir” fikri bu gün İranda baş verən proseslər fonunda xüsusi aktuallıq kəsb edir. “İnsanlara hürriyyət, millətlərə istiqlal” prinsipi mövcud şəraitdə ən doğru konseptual yanaşma kimi ön plana çıxır. Hazırkı mərhələdə əsas vəzifə vahid milli iradənin formalaşdırılması üçün ortaq istinad nöqtələrinin müəyyənləşdirilməsidir. Vaxtilə irəli sürülmüş “Azadlıq, Ədalət, Milli hökumət” şüarı və bu əsasda milli hüquq və azadlıqların təminini nəzərdə tutan ümummilli manifest — indiki terminologiya ilə desək, yol xəritəsi — ümummilli hərəkat üçün real baza ola bilər. Eyni zamanda, Abbas Lisani və digər milli fəalların azadlığa buraxılması, mühacirətdə olan siyasi liderlərin ölkəyə qayıtmasına şərait yaradılması kimi ilkin tələblər ümummilli hərəkatın başlanması üçün əsas istinad nöqtələri hesab edilə bilər. İran çoxmillətli ölkə olsa da, azərbaycanlılar bu ölkənin ən böyük və dominant etnik qrupudur. Güney Azərbaycanın hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız, xüsusilə Tehran və Kərəc şəhərlərində məskunlaşmış 6 milyondan artıq azərbaycanlı ölkənin ictimai-siyasi taleyində həlledici rola malikdir. Bu baxımdan, İranın gələcəyi Azərbaycan türklərinin milli iradəsi, eləcə də Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin regional maraqları nəzərə alınmadan müəyyən edilə bilməz. Bu reallıq ümummilli ideya kimi ictimai şüurda möhkəmlənməli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Güney Azərbaycan milli-siyasi təşkilatlarının dəstək bəyanatı

Güney Azərbaycan milli-siyasi təşkilatlarının dəstək bəyanatı yayıblar. Güney Azərbaycan milli-siyasi təşkilatları hər zaman Güney Azərbaycanda Azərbaycan Türklərinin öz milli şüar və istəkləri əsasında apardıqları milli mübarizəni yüksək qiymətləndirərək dəstəkləyiblər və bu mübarizənin müstəqil, düşünülmüş və millətimizin milli maraqlarına hesablanmış şəkildə aparılmasının tərəfdarı olublar. Biz hesab edirik ki, Güney Azərbaycanın şəhərlərində başladılacaq hər bir kütləvi etirazın və qiyamın əsas məqsədi Vətənimiz Azərbaycanı fars faşizminin fars mərkəzli rejimlərinin sistematik zülmündən qurtarmaq olmalıdır. Çünki, Azərbaycan Milli Hərəkatı dövlətçilik ideyasına söykənən, milli və siyasi iradəyə əsaslanan bir hərəkatıdır. O, öz mübarizəsini bir rejimin başqa bir diktator rejimə dəyişdirilməsinə hesablanan siyasi oyunlardan kənar, bağımsız olaraq aparır. Güney Azərbaycan Milli Hərəkatı özünün müəyyənləşdirdiyi milli–demokratik prinsiplər üzərində hərəkət etməli, qarşılıqlı hörmət əsasında qeyri-fars millətləri ilə həmrəy olmalı, faşizm üzərində qurulan farsçılığa son qoymaq üçün azadlıq mübarizəsini öz milli şüarlarına əsaslanaraq aparmalıdır. Azərbaycan mərkəzli milli-siyasi qurumlar olaraq, biz də millətimizin mübarizəsinin yanındayıq və onu dəstəkləyirik.  Hər bir Azərbaycan Türkü bilməlidir ki, Vətənimiz Azərbaycanın qurtuluşu milli-siyasi iradəmizin təmin olunması deməkdir. Bu isə millətimizi təmsil edən çağdaş-demokratik milli dövlətçiliyin qurulmasından keçir. İnanırıq ki, millətimizin milli iradəsini təmsil edən Güney Azərbaycan Milli Hərəkatı müstəqil mübarizəsi ilə özünü beynəlxalq səviyyədə təsdiqləyəcək və azadlıq uğrunda qələbəsini məhz öz gücü ilə gerçəkləşdirəcəkdir. Yaşasın Azərbaycan! Yaşasın millətimiz! Gümey Azərbaycan Milli Dövlətçilik Şurası (MDŞ) Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Güney Azərbaycan Öyrənci Birliyi

İranda etirazçılar prokuroru diri-diri yandırdı

İranın İsfahan şəhərində dünən gecə keçirilən nümayişlər zamanı prokuror öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.  Qeyd olunub ki, Esfarayenin Dövlət Prokuroru Əli Əkbər Hüseynzadə iğtişaşçılar tərəfindən yandırılan binada yanaraq ölüb.  Şimali Xorasan Prokurorluğunun açıqlamasına görə, etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olub, buna görə də prokuror və onu müşayiət edən polis əməkdaşları yanğında həlak olublar. Prokurorluq məsələ ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.

Kürd təşkilatları aktivləşdi: Azərbaycana qarşı torpaq iddiası

Kürd təşkilatlarının İranda baş verən etiraz aksiyaları fonunda tətil aksiyasına çağırışlarında yenidən Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının yaydığı bəyanatda əks olunub. Partiya çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə verib.

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı

Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyaları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar yayıblar. Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlərin baş tutduğu bildirilir. Mitinqlərdə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir. Xüsusən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində mitinqin gözləniləndən daha güclü və izdihamlı keçirildiy bildirilir. Mitinqlər keçirilən şəhərlərdə hökumət qüvvələri aksiya iştirakçılarına hücum edib, atəş açıb və həbslər həyata keçirsə də, hələlik yaralananlar və saxlanılanların kimliyi və sayını müəyyənləşdirmək mümkün olmayıb.

İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir

Etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. Sozcu.az xəbər verir ki, bu haqda "İran İnternational" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qeuplaşmalarının 800 üzvü İrana keçib. "Bu qüvvələrin köçürülməsi prosesi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir və rəsmi olaraq Məşhəddəki İmam Rzanın məzarının ziyarətçiləri kimi kimi qələmə verilir. Ancaq bu qüvvələr Əhvazdakı Xamenei bazasında toplanır və sonra etirazların yatırılmasında iştirak etmək üçün müxtəlif bölgələrə göndərilir",- məlumatda qeyd olunub.

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirildi

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirilib. Sozcu.az xəbər verir ki, İlam əyalətinin Abdanan şəhərində hiddətlənmiş xalq kütlələri hökumət qüvvələrini qovub meydanlardan çıxarıb və hökumət binalarına girməyi bacarıb. Qeyd edək ki, dolların kəskin bahalaşması və inflyasiya səbəbindən İranda kütləvi etirazlar onlarla şəhəri əhatə edib.

Tehranda gərginlik artır: etirazçılar parlamentə doğru irəliləyir

Bu gün Tehranın 15 Xordad küçəsində etiraz aksiyası keçirilib. Sozcu.az "Azad İran"a istinadən xəbər verir ki, aksiyada iştirak edən insanlar İran parlamentinin binası istiqamətində hərəkət edir. Hadisə ilə bağlı paylaşılan xəritədə izdihamın olduğu ərazi qırmızı, parlament binasının yerləşdiyi nöqtə isə mavi rənglə işarələnib. Məlumata görə, təhlükəsizlik qüvvələri “15 Xordad” metro stansiyası ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bölgədə vəziyyət gərgin olaraq qalır.

Güneyli fəal Yürüş Mehralıbəyli saxlanılıb

İranın inzibati bölgüsündəki Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb. İranın rəsmi qaynaqları milli fəalın həbsi ilə bağlı açıqlama yaymayıblar. Onun harada saxlanıldığı və həbs səbəbi məlum deyil. Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəyli 2023-cü ildə də ETTELAAT məmurları tərəfindən saxlanılmıdı. O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin “Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir. İlk dəfə 2002-ci ilin 12 dekabr tarixinda Şəbistər şəhərində, prof. Məhəmmədtağı Zehtabinin məzarı üstə tutularaq bir aydan sonra azadlığa buraxılır. İki il sonra – 2005-ci ildə Bəzz (Babək) qalasında keçirilən mitinq zamanı yenidən həbs edilərək 2 ay saxlanılır. O, 2006-cı ildəki Xordad etirazlarında bir daha həbs olunur. 2010-cu ilin may ayında isə Güney Azərbaycan Milli Oyanış Hərəkatına (GAMOH) üzv olduğu üçün 9 ay həbsdə saxlanılmışdı. Bu müddətin 7 ayını təknəfərlik kamerada keçirib. Yürüş Mehrəlibəyli həbsdən azad edildikdən sonra orada yaşadığı günləri və işgəncələri “Qarçiçəyi” adlı kitabında qələmə alıb. O, 2012-ci ildə “Yeni GAMOH” təşkilatının yaradılmasında ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilir, 5 il sonra isə şərti azadlığa buraxılır. AzNews.az)

İranda etirazlar: 16 nəfər öldü, 582 etirazçı həbs edildi

İranda həftə ərzində iğtişaşlarda ən azı 16 nəfər öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən "HRANA" hüquq təşkilatı məlumat yayıb. "Bununla yanaşı, 582 nəfər həbs edilib", – məlumatda bildirilib. Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir. Xatırladaq ki, daha əvvəl Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçıların polis idarələrindən birinə daxil olmağa cəhd göstərməsi nəticəsində silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub. Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.

İranda etirazlar şiddətlənir - Daha 3 nəfər öldü

İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb. Toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumat yayılıb.