İranda etirazlar Güney Azərbaycan şəhərlərinə yayılıb: dinc mübarizə üçün real imkanlar yaranır
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı yazır:
İranda davam edən etiraz dalğası artıq Güney Azərbaycan şəhərlərinə də çatıb. Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan və digər Azərbaycan şəhərlərində sosial və siyasi şüarlarla etiraz aksiyaları keçirilir.
Mövcud məlumatlara görə, hələlik bu şəhərlərdə yanğınlar, dağıntılar və insan tələfatı qeydə alınmayıb. Bu isə onu deməyə əsas verir ki, hazırkı mərhələdə dinc mübarizə üsulları ilə hədəflərə çatmaq və real nəticələr əldə etmək imkanları daha real görünür.
Məhəmməd Əmin Rəsulzadənin “Yalnız insan haqlarını tanıyan və onları müdafiə edən millətlər qalib gələcəkdir” fikri bu gün İranda baş verən proseslər fonunda xüsusi aktuallıq kəsb edir. “İnsanlara hürriyyət, millətlərə istiqlal” prinsipi mövcud şəraitdə ən doğru konseptual yanaşma kimi ön plana çıxır.
Hazırkı mərhələdə əsas vəzifə vahid milli iradənin formalaşdırılması üçün ortaq istinad nöqtələrinin müəyyənləşdirilməsidir. Vaxtilə irəli sürülmüş “Azadlıq, Ədalət, Milli hökumət” şüarı və bu əsasda milli hüquq və azadlıqların təminini nəzərdə tutan ümummilli manifest — indiki terminologiya ilə desək, yol xəritəsi — ümummilli hərəkat üçün real baza ola bilər.
Eyni zamanda, Abbas Lisani və digər milli fəalların azadlığa buraxılması, mühacirətdə olan siyasi liderlərin ölkəyə qayıtmasına şərait yaradılması kimi ilkin tələblər ümummilli hərəkatın başlanması üçün əsas istinad nöqtələri hesab edilə bilər.
İran çoxmillətli ölkə olsa da, azərbaycanlılar bu ölkənin ən böyük və dominant etnik qrupudur. Güney Azərbaycanın hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız, xüsusilə Tehran və Kərəc şəhərlərində məskunlaşmış 6 milyondan artıq azərbaycanlı ölkənin ictimai-siyasi taleyində həlledici rola malikdir.
Bu baxımdan, İranın gələcəyi Azərbaycan türklərinin milli iradəsi, eləcə də Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin regional maraqları nəzərə alınmadan müəyyən edilə bilməz. Bu reallıq ümummilli ideya kimi ictimai şüurda möhkəmlənməli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
