Azərbaycanlı ailə üzvlərini öldürüb, intihar etdi

Təbrizdə ailə başçısı 35 yaşlı həyat yoldaşı, 13 yaşlı qızı və 9 yaşlı oğlunu güllələyərək öldürdükdən sonra özünə də atəş açaraq həyatına son qoyub. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Adı açıqlanmayan şəxsin depressiyadan və psixi pozuntudan əziyyət çəkdiyi üçün cinayət törədiyi bildirilib. İranın Psixiatriya Assosiasiyasının verdiyi məlumata görə, son bir ildə ölkə vətəndaşları arasında depressiya halları iki dəfə artıb

Azərbaycan şəhərini sel iflic etdi

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində güclü yağışlardan sonra şəhər su altında qalıb, yollar bağlanıb və nəqliyyatın hərəkəti iflic olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar paylaşıblar. Məlumatda İmam, Ətayi, Mədəni, Müdərris, Kaşani, Rudəki, Sədi, Koştarqah və Mövləvi bölgələrində vəziyyətin daha ağır olduğu bildirilib.

Qəzzalılar Rəisinin ölümünü bayram etdilər

İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması barədə xəbər yayılandan sonra Qəzza zolağında yaşayan bir qrup fələstinli bunu bayram edib. Bu barədə ərəbdilli sosial media kanallarında paylaşımlar edilib. Videolarda fələstinlilərin qəza xəbərindən sevindikləri və bu münasibətlə şirniyyat payladıqları əks olunub. "Qəzza iranlı cinayətkarın ölümünə görə təbriklər", "Qəzza müsəlmanların qatilinin ölümünə sevinir" məzmunlu plakatlar qaldırıblar.

Ekoloq- Urmu gölünün rənginin dəyişməsi göölün quruması ilə bağlıdır

Urmu gğlünün rəngininyenidən dəyişərək qırımızya çalması gölün quruması və toplanan nisbi suyun azalması ilə bağlıdır. Bunu tanınmış ekoloq və ətraf mühit fəalı Məhəmməd Dərviş deyib. O, son vaxtlar göldə nisbi su artımının təbiət hadisəsi olduğunu, cari ildə düşən yağıntının miqdarının çox olduğunu söyləyib. "Yağıntıların şiddətli olmasına görə, çaylar, bəndlər daşdı və Urmu gölündə su həcminin artmasına səbəb oldu. Göl sentyabr ayına kimi yenidən quruyacaq",- ekoloq bildirib. O, hakimiyyətin gölün bərpası ilə bağlı iddialarının doğru olmadığını diqqətə çatdırıb. Məhəmməd Dərviş Urmu gölü ətrafında 680 min hektar ərazinin bölgənin vəziyyəti ilə zidiyyət təşkil edən məhsulların əkilməsinə ixtisas verildiyini deyib. Ətraf mühit fəalı bildirib ki, bu qədər geniş ərazilərdə çox su tələb edən kənd təsərrüfatı məhsullarının əkilməsi yanlışdır və hakimiyyət bu ərazilərin əvvəlki təyinatına qaytarılması üçün iş görmür. "Buna görə də, dövlət qurumlarının Urmu gölünün bərpası ilə bağlı iş apardıqları barədə iddiaları absurddur",- Dərviş vurğulayıb. Qeyd edək ki, mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb. Nəzərə almaq lazımdır ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır. GünazTV

Azərbaycanlı təqaüdçülər 4 şəhərdə etiraz aksiyası keçiriblər

Güney Azərbaycanın Urmu, Ərdəbil, Həmədan və Ərak şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri etiraz aksiyası keçiriblər.  Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb. Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Məlumata görə, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər: Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Şərqi Azərbaycandan Kirmana milyardlar daşınır

Azərbaycanın Vərziqan bölgəsində yerləşən və türklərə məxsus “Süngün” mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır. Sozcu.az xəbər verir ki, bunu Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani deyib. “Bunun üçün heç bir əziyyət belə çəkmirlər, sadəcə xammalı TIR-lara yükləyib Kirman əyalətinə daşıyırlar”, - millət vəkili bildirib. Onun sözlərinə görə, qanunla “Süngün” mis mədənindən əldə edilən gəlirin 10 faizi Şərqi Azərbaycan əyalətinin büdcəsinə əlavə edilməlidir,ancaq buna əməl olunmur: “Mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməlidir, amma dövlət büdcəsindən əyalətə 2 trilyon tümən (30 milyon dollar) ayrılır. Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə “Süngün” mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür". Qeyd edək ki, “Süngün” Yaxın Şərqin ən böyük mis mədənidir.

Təbrizdə ilk elektrik muzeyi açılır

Təbrizdə elektrik enerjisindən istifadəyə başlanılmasının 122-ci ildönümü ilə eyni vaxtda, may ayının 1-də ilk Elektrik və İşıq Muzeyi fəaliyyətə başlayacaq. Bu barədə yerli media məlumat yayıb. İranda bu sahədə ilk olan muzey, tanınmış təbrizli kolleksiyaçı və tarixçi Rza Sərabi Aqdəmin təşəbbüsü və vəsaiti hesabına, Təbriz Elektrik Şirkətinin əməkldaşlığı ilə açılacaq. Qeyd edək ki, Təbrizdə ilk dəfə elektrik enerjisindən istifadə 1902-ci ildə başlayıb.

İran həbsxanalarında 12 məhkum edam edildi

Beynəlxalq ictimaiyyətin təzyiqlərindən sonra son bir neçə həftə ərzində İranda nisbətən azalan edam hökmlərinin icrası yenidən artıb. Bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, Qain, Kəhnuc, Şiraz, Kərəc və Bircənd şəhərlərinin həbsxanalarında 12 məhbus edam edilib. Onların dördü adam öldürməkdə, səkkizi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Qətldə ittiham olunaraq edam edilənlərdən biri qadındır. Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.   2023-cü ildə isə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

İctimai fəala ağır həbs cəzası verildi

Hazırda Tehran şəhərinin Evin həbsxanasında saxlanılan ictimai və sinfi fəal Fərəhnaz Nikxunun işinə yenidən baxılıb. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Məlumatda bildirilib ki, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi xanım fəal barəsində 10 il həbs qərarı çıxarıb. Fərəhnaz Nikxu "casusluq edərək ölkənin milli təhlükəsizliyinə zərbə vurçaq"da günahlandırılıb. Bundan əvvəl İran Rabitə İdarəsinin əməkdaşı olan 50 yaşlı xanım fəal, 3 dekabr 2022-ci ildə ölkəni tərk istədiyi vaxt həbs edilib. O, uzun müddət İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında dindirildikdən sonra 30 aprel 2023-cü ildə Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb. Fərəhnaz Nikxu ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, onun təhlükəsizlik məmurları ilə əməkdaşlıq etmədiyinə görə cəzalandırıldığını bildirib.

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Xarici İşlər Nazirliyi Təbrizdə Baş Konsulluq açacaq. Sozcu.az xəbər verir ki, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib. “Xərclər smetası da təsdiq edilib. O cümlədən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib”, - qərarda deyilir. Qeyd edək ki, İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı Tehranla Təbrizdə də Baş Konsulluğun açılması barədə razılıq əldə olunub.

“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti

“İranda yaşayan etnik azərbaycanlılar təqib olunur”. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2023-cü ilə dair “İnsan Hüquqları Təcrübələri Hesabatı”nda bildirilir. Sənəddə qeyd olunur ki, əhalinin təxminən 24 faizini və ya 18 milyondan çoxunu təşkil edən etnik azərbaycanlılar digər etnik azlıq qruplarına nisbətən hökumətə və cəmiyyətə daha çox inteqrasiya ediblər. “Ali Rəhbər Xamenei etnik azərbaycanlı idi. Azərbaycanlılar hökumətin fəalları və ya təşkilatçıları təqib edərək onlara qarşı ayrı-seçkilik etdiyini və bəzi valideynlərin uşaqlarına türk adları qoymasına mane olduğunu bildirirlər”, - hesabatda deyilir.

İranın 4 şəhərində 10 nəfər edam edildi

İranın Təbriz, Kərəc, Kirman və Çabahar şəhərlərinin həbsxanalarında 10 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, edam edilənlərin doqquzu narkotik maddələrin alverində günahlandırılıb. Təbriz həbsxanasında edam edilən 33 yaşlı Əfqanıstan vətəndaşı Vəliullah Bəxtavərin isə adam öldürməkdə ittiham olunduğu qeyd olunub.