ABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb.
Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib.
“İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram”, - Amerika liderinin yazılı açıqlamasında deyilir.
Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb.
Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı.
Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.