Əhərdə milli fəalın məhkəməsi olub

Azərbaycan milli hərəkatının tanınmış fəalı Saleh Molla Abbasinin məhkəməsi olub. İyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib. Fəala qarşı "yalan məlumatlar yaymaq" ittihamı ilə bağlı məhkəmənin son qərarının yaxın günlərdə açıqlanacağı bildirilir. Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Təbrizdə milli fəalların məhkəməsi olub

Təbrizin Ümumi və İnqilab Məhləməsinin 15-ci bölməsində 5 milli fəalın məhkəməsi olub.  Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amaniyə qarşı "hökumət əleyhinə təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb. Keçirilən məhkəmə iclasında onlar birinci ittiham görə bəraət alıb və ikinci ittihama görə özlərini müdafiə ediblər. Fəalların barəsində çıxarılan qəti hökmün yaxın günlərdə onlara bildiriləcəyi deyilib. Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar. Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Təbrizdə içməli su çatışmazlığı yaşanır

İyunun 20-dən başlayaraq Təbrizin bir neçə məhəlləsində içməli suyun verilişi dayandırılıb və bu günə kimi problemin həlli ilə bağlı heç bir tədbir görülməyib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat yayan yerli media və sosial media fəalları əlaqədar qurumların qəzəbinə tuş gəliblər. Şərqi Azərbaycan əyalətinin Su və Kabalizasiya Şirkətinin başçısı Məhəmməd Xaninin problemlə bağlı verdiyi açıqlama təbrizlilərin etirazları ilə qarşılaşıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, şəhərin yüksək yerlərdə yerləşən məhəllələri və çox mərtəbəli binalara içməli su verilməsi ilə bağlı başçılıq etdiyi qurumun heç bir öhdəliyi yoxdur. "Yüksək yerlərdə yerləşən, habelə 9 mərtəbəli və daha çox mərtəbəsi olan binalara su verməyə borclu deyilik. Bu günə kimi etdiklərimizə görə isə bizə minnətdar olmalıdırlar",- Xani qeyd edib. O, bununla yanaşı Təbrizin əsas içməli su təminatçısı olan Nəhənd su bəndində suyun tükənmək üzrə olduğunu və 25 gündən sonra ciddi su qıtlığı yaşanacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb. Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır. Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Milli fəala ağır həbs cəzası verildi

Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb. Əslən Ərdəbildən olan və Tehranda yaşayan milli-mədəni fəal “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” və "hökumətə qarşı təbliğat" ittihamlarına görə 6 il azadlıqdan məhrum edilib. Eyni zamanda onun həbsdən sonra iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi və ictimai qurumlara üzv olmasına qadağa qoyulub. Ramin Əliniya Təzəkənd barəsində hökm verən Qazi Sələvati, milli fəalın "İnstagram"dakı "Gündəm" adlı səhifəsində mədəni və ictimai paylaşımları ona qarşı irəli sürülən ittihamların sübutu kimi təqdim edib. Qeyd edək ki, Ramin Əliniya 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

İranda daha 6 məhkum edam edildi

İranın Sircan, Kərəc, Kirman və Xurrəmabad şəhərlərinin həbsxanalarında 6 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Edam edilənlərin qətl və narkotik maddələrin alverində günahlandırıldığı bildirilib. Qeyd edək ki, İranda 2023-cü ilin ilk ayında icra edilən edam sayı öncəki ilin eyni dövrünə nisbətdə təxminən 80% artıb.

Ərdəbildə təbii fəlakət qurbanları ilə bağlı aksiya keçirilib

İyunun 21-də Ərdəbildə şəhərində Germi və Biləsuvar bölgələrində sel daşqınlarından zərər çəkənlərlə bağlı aksiya keçirilib. Fəallar şəhər məhəllələrinin divarlarına yazılı vərəqələr və çağırışlar yapışdırılıb və paylanılaraq azərbaycanlıları təbii fəalkət qurbanlarına yardım etməyə çağırıblar. Çağırış və vərəqələrdə Bulut Qaraçörlu Səhəndin "Özgə çırağına yağ olmaq bəsdir, doğma ellərimiz qaranlıqdadır"  şeiri yazılıb. Qeyd edək ki, iyunun 14-dən başlayaraq Ərdəbil əyalətinin Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində 8 nəfər həyatını itirib, yüzlərlə ev və minlərlə hektar əkin sahələrinə xəsarət dəyib.

Azərbaycan şəhərində əhali ilə polis toqquşdu

İyunun 20-də Ərdəbil şəhərində vətəndaşlarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə ərdəbilli sosial media fəalları məlumat yayıb. Bildirilir ki, satıcının məmurlar tərəfindən döyülməsinə dözməyən ərdəbillilərin müdaxilə etməsi qarşıdurma ilə nəticələnib. Vətəndaşlara hücum edən polislər onları döyüb. Bir neçə nəfərin isə saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.

İran Almaniyada müxalifləri oğurlayır – Xəbərdarlıq

Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı ölkədə yaşayan iranlı mühacirlərin oğurlanması ilə bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə təşilatın hazırladığı 380 səhifəlik son hesabatında deyilib. Hesabatda İran hökumətinin dövlət səviyyəsində terrorla məşğul olduğu, Almaniyada yaşayan Tehran müxaliflərinin İran hökumətinə bağlı qüvvələr tərəfindən oğurlanması təhlükəsi barədə xəbərdarlıq edilib.

Separatçılar təlaşda: Ukrayna kütləvi hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinin 150 nəfərlik qrupu Kremennaya şəhərində Rusiya ordusunun müdafiə xəttini yarmağa cəhd edir. Sozcu.az xəbər verir ki, bu barədə Luqansk “xalq milis dəstəsi”nin “polkovnik-leytenantı” Andrey Maroçko deyib. O bildirib ki, şəhərdə vəziyyət olduqca ağırdır və Ukrayna uzun müddətdir ki, hücum əməliyyatları icra edir: “Üstəlik, dəfələrlə kütləvi hücum cəhdləri qeydə alınıb. Yəni kiçik qruplarla deyil, taktiki qruplarından başlayaraq təxminən 150 nəfərədək... Düşmən bizim müdafiə xəttimizi yoxlayır və onu yarmağa çalışır”.

Yazıçılar Birliyi Əkbər Azadın həbsini pislədi

İran Yazıçılar Birliyi Tehranda yaşayan Güney azərbaycanlı ziyalı və ana dili hərəkatının fəalı Əkbər Azadın həbsi və sürgün cəzasına məhkum edilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə Yazıçılar Birliyinin sosial media kanalında məlumat verilib. Bəyanatda Əkbər Azadın iki illik həbs cəzasından sonra iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə sürgünə göndərilməsi azad sözə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib. "İran Yazıçılar Birliyi bu cür qəddar hökmlərin verilməsini öz ana dilində danışmaq, yazmaq və nəşr etmək istəyən hər kəsə qarşı söz azadlığının açıq-aşkar pozulması və təzyiq nümunəsi hesab edir. Buna görə də yazıçının özü və ailəsinə qarşı vurulan ziyanların məsuliyyətinin bu ədalətsiz hökmləri verənlərin üzərinə düşdüyünü bildiririk",- bəyanatda qeyd edilib. Qeyd edək ki, Tehranda yaşayan Güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə gedib. 2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

Korrupsiyada ittiham olunan şəxs Təbrizə başçı təyin edildi

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xürrəm əvvəllər korrupsiyada ittiham olunan Yunis Fatehi Təbrizə başçı (fərmandar) təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Fatehin fərmandar təyin edilməsi yerli media orqanları və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Onlar bundan öncə bir sıra qanunsuz işlərdə, o cümlədən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan şəxsin şəhər başçısı seçilməsinə etiraz ediblər. Qeyd edək ki, İnzibati Ədliyyə Məhkəməsi Baş Kollegiyasının 1417 saylı qərarına əsasən, Yunis Fatehin özəl şirkət, qurum və təşkilatlarda, habelə rəsmi orqanlarda vəzifəyə təyin olunması qanuna ziddir.

İranda SEPAH zabiti öldürülüb

İranın Kürdüstan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri ilə “PJAK” arasında toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Məlumata əsasən, Mərivanın Darehtafi və Kani Sənan kəndlərində “PJAK” üzvləri ilə baş vermiş toqquşma nəticəsində bir SEPAH zabiti öldürülüb.