Güneyli sənətçinin məhkəməsi keçirildi

Milli-mədəni fəal və sənətçi Məhəmmədrza Amani Nadarlının (Araz) Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərində məhkəməsi olub. Kult.az xəbər verir ki, bu barədə sosial media fəalları məlumat paylaşıblar. Məlumata görə, Azərbaycan rəqsi müəlliminə qarşı "İran İslam Respublikasına müxalif olan qrup və təşkilatların xeyrinə təbliğat" ittihamı irəli sürülüb. Qeyd edək ki, "Mişoc Qartalları" mədəniyyət dərnəyinin məsulu olan Məhəmmədrza Amani bundan əvvəl mayın 21-də həbs edilib. Ardınca iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onun barəsində son qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Gilanda repressiyalar: Fəallar həbs edilir…

Son iki gün ərzində Gilan əyalətinin Rəşt, Fumən, Tonekabon və Ənzəli şəhərlərində 13 nəfər təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Sozcu.az xəbər verir ki, saxlanılanlardan 11-i qadın, ikisi isə kişidir. ETTELAAT-ın yerli bölməsi bəyanat yayaraq məlumatı təsdiqləyib. İddia olunub ki, saxlanılanlar 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarının ildönümü ilə bağlı yeni nümayişlər təşkil etməyə hazırlıqla məşğul olublar.

Ərdəbildə Urmu gölü ilə bağlı yazılı vərəqlər paylanıb

Ərdəbildən olan ətraf mühit və mədəni fəallar Urmu gölü ilə bağlı çox sayda yazılı vərəqlər yayıblar. Şəhərin bir çpx məhəllələrində və ictimai yerlərdə paylanılan və divarlara yapışdırılan vərəqələrdə gölün acınacaqlı durumu əks olunub.  Azərbaycanlılardan ekoloji fəlakətə biganə qalmamalrı və gölün qurudulmasına qarşı etiraz aksiyalarına qoşulmaları istənilib. "Torpağımı, vətənimi məhv edib, iqtisadiyyatımı talayırsınız. İndi də Urmu gölünü məhv etməklə bütün Azərbaycanın məhv olmasını bayram etmək istəyirsiniz. Azərbaycan buna səssiz qalmayacaq!",- yazılı vərəqlərdə qeyd edilib.

“Rusiya Ermənistandan bazasını çıxarsa belə, Qarabağı heç vaxt tərk etməyəcək...”

“Rusiya 24 min kvadratkilometrlik Qarabağ dövləti yarada bilər...” Sozcu.az xəbər verir ki,  Tert.am-ın yaydığı məlumata görə, Ermənistan hərbi eksperti Hayk Nahapetyan belə bir fikri “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində bildirib. “Artsax enerji mərkəzləri üçün Ukraynadan daha çox qaynar nöqtələrdən biridir. Rusiyanın Qərbə enerji daşıyıcılarını təmin etmək yolu faktiki olaraq kəsilmişdi. İndi Şimal-Cənub yolu Rusiya üçün stratejidir. Hazırda Hindistana ixracın təşkili yolu kifayət qədər uzundur. Rusiya Federasiyasının yaratmağa çalışdığı quru yolu 4 dəfə qısalacaq və onun bir istiqaməti Azərbaycandan keçəcək”- H.Nahapetyan belə deyib. “Əgər Bakı İngiltərə və İsrailin təhriki ilə artsax və Ermənistana qarşı avantüraya getsə, Azərbaycanın parçalanması başlaya bilər... Nəticədə Artsax mərkəzdə qalacaq və indiki 4,4 min kvadrat kilometrlik Artsax əvəzinə, Rusiya 24 min kvadrat kilometrlik Qarabağ dövləti yarada bilər, ehtimal yüksəkdir”, - erməni ekspert belə çərənləyib. Nahapetyan hesab edir ki, Rusiya Federasiyası Ermənistandan - Gümrüdən bazasını çıxarsa belə, heç vaxt Qarabağı tərk etməyəcək.moderator)

İranda yanacaq çatışmazlığı yarandı

İranın bütün bölgələrinin yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığına görə uzun növbələr yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri və sürücülər paylaşım ediblər. Dövlət mediası yanacaq çatışmazlığını vətəndaşların yay səfərləri ilə bağlı daha çox yanacaq əldə etmələri ilə əlaqələndirib. SEPAH-a bağlı olan media orqanları isə problemin yanacaqdoldurma məntəqələrində texniki nasazlıqlarla bağlı olduğunu iddia edirlər. Qeyd edək ki, bir neçə aydır İranda yanacaq qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar dərc olunur.

Daha bir güneyli xanım yazıçı ETTELAAT-a aparıldı

Tanınmış yazıçı-şair Nigar Xiyavi ETTELAAT-ın Təbriz bölməsinə çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. Bildirilib ki, avqustun 15-də ETTELAAT məmurları Nigar Xiyaviyə zəng edərək Təbriz təhlükəsizlik idarəsinə getməsini istəyiblər. Telefon zəngindən qısa müddət sonra məmurlar onun evinə basqın edərək axtarış aparıb, Xiyaviyə məxsus şəxsi əşyaları müsadirə ediblər. Dindirilmək üçün idarəyə aparılan Nigar Xiyavi barəsində dəqiq məlumat almaq mümkün olmayıb.

Güneydə etiraz aksiyalarına çağırış edildi

Bir sıra Güney Azərbaycan təşkilatları Urmiya gölünün bərpa edilməməsi, gölün qurudulmasına etiraz aksiyasına çağırış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən təşkilatların birgə bəyanatında bildirilib. Aksiya ilə bağlı yayılan elanda avqustun 27-i, yerli vaxtla saat 17:00-da hər kəsin Təbriz, Tehran, Kərəc, Urmiya, Ərdəbil və Zəncan şəhərlərinin mərkəzi meydanlarına toplaşması istənilib.

Azad olunan güneyli jurnalist bir gün sonra yenidən həbs olundu

Güneyli jurnalist Nazilə Mərufian müvəqqəti olaraq sərbəst buraxıldıqdan bir gün sonra yenidən həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun anası məlumat yayıb. Anasının sözlərinə görə, jurnalist girov qarşılığında müvəqqəti sərbəst buraxıldıqdan bir gün sonra, avqustun 14-də mobil telefonunu götürmək üçün polis bölməsinə getdiyi zaman həbs edilib: "O, polis bölməsində ağır şəkildə döyüldü, etiraz etdikdə məni də Nazilə ilə birlikdə təcridxanaya saldılar. Bir neçə saat sonra məni sərbəst buraxdılar, Naziləni isə Qərçək həbsxanasına köçürdülər". N.Mərufian bu ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilmişdi. Bir müddət öncə səhhətində problem yaranan jurnalist tibb mərkəzinə yerləşdirilmişdi.

Millət vəkili Urmu gölü ilə bağlı xəbərdarlıq etdi

Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir ekoloji fəlakətlə bağlı növbəti dəfə xəbərdarlıq edib. O, mediaya müsahibəsində bu barədə bildirib. "Həm dövlət,  həm xalq Urmiya gölünün qurumasından qorxmalıdır. Gölün quruması nəticəsində duz qasırğaları paytaxtı da təsiri altına alacaq. Minlərlə hektar əkin və bağ sahəsi məhv olacaq, dəri , tənəffüs xəstəlikləri tuğyan edəcək",- Salman Zakir vurğulayıb. Qeyd edək ki, Urmu gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb.  Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır.  Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb.

İranın Azərbaycandakı səfirliyi məhkəmə verildi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Sozcu.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti edib. Hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq işin mahiyyəti torpaq mübahisələridir.pravda)

Güneydəki 3 min illik abidə yox olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qırxqızlar kəndindəki 3 min illik daş kitabə yox olmaq üzrədir. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları və sənətçilər paylaşım ediblər. Yerli mədəniyyət xadimləri Mədəni İrs Təşkilatının qeyd olunan tarixi əsərlərin qorunması üçün tədbirlər görmədiyi üçün onların məhv olmaq üzrə olduqlarını yazıblar. Qeyd edək ki, Qırxqızlar kəndinin Qarakuh dərəsində 5,4 metr uzunluğunda qaya üzərində 12 sətirdən ibarət yazılar həkk olunub. Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır və burada Girdo, Gito Hani, Tovaişdo torpaqlarının tutulmasından bəhs edilir. Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.

İranda etiraz edən müəllimlər işdən qovuldu

İranda Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri Lida İsmaili və Əlirza Himməti işdən qovulublar. Sozcu.az xəbər verir ki, bu barədə Təhsil İşçiləri Həmkarlar İttifaqı məlumat yayıb. Hər iki müəllimin Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına dair işlər üzrə apellyasiya şurasının qərarı ilə cəzalandırıldığı bildirilib. Onlar müəllimlərin hüquqlarını təmini ilə bağlı fəaliyyətləri, etiraz aksiyasında həbs edilən müəllim və tələbələrin azadlığını tələb etdikləri üçün işdən qovulublar. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən, tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Müəllimlərin bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.