Urmu gölü ilə bağlı aksiyalar davam edir

Güney Azərbaycanın müxtəlif bölgələrindən olan fəallar diqqəti qurumaqda olan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün maraqlı aksiya keçiriblər. Avqustun 5-də Ərdəbil əyalətinin Muğan (Parsabad) bölgəsindən olan bir qrup alpinist və ekofəal Savalan zirvəsinə qalxıblar. Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan dağçılar üzərinə  "Save Urmia Lake!" (Urmu gölünü xilas edin!) yazılan plakat nümayiş etdirərək , sosial mediada paylaşıblar. Bununla yanaşı,  Urmu gölünün qurumuş yatağında da aksiya keçirilib. Orada da gölün acınacaqlı durumunu əks etdirən plakatlar qaldırılıb. Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.  Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub. Ən dərin nöqtəsi  16 m, orta dərinliyi isə 5 m təşkil edib.

İranda həbs olunan azərbaycanlının anası: "Oğluma qarşı irəli sürülən ittihamın dəyişdirilməsinin ciddi fərqi yoxdur"

"İran məhkəməsində oğlum Fərid Səfərliyə qarşı hakimlər tərəfindən təzyiqlər artıb. Ona qarşı ittihamın dəyişdirilməsinin ciddi fərqi yoxdur". Bunu "Report"a açıqlamasında İranda həbs olunan Azərbaycan vətəndaşı F.Səfərlinin anası Dilarə Əskərova bildirib. Ötən gün övladı ilə telefonla danışdığını xatırladan D.Əskərova onun vəziyyətinin olduqca pis olduğunu və məhkəmənin verəcəyi qərarla bağlı narahatlıq keçirdiyini söyləyib. İndiyə qədər F.Səfərlinin hər zaman çox sakit danışdığını deyən anası övladı ilə telefon danışığı zamanı onda həddindən artıq gərginlik hiss etdiyini bildirib. D.Əskərova bunun səbəbini məhkəmələrdə F.Səfərliyə qarşı artan təzyiqlərlə əlaqələndirib. O, həmçinin övladının qonşu ölkədə qanuni tələblərinə məhəl qoyulmadığını və vəkillə təmin olunmadığını bildirib. D.Əskərova bildirib ki, oğlu farsca dindirilir: "Hakimlər ona təzyiqlər göstərir və olmayanları etiraf edəcəyi təqdirdə cəzasının yüngülləşəcəyini deyirlər". Övladının tərcüməçi ilə təmin olunmamasının səbəbinə aydınlıq gətirən D.Əskərova deyib ki, F.Səfərli müəyyən qədər fars dilini bilir: "İran tərəfi də bildirir ki, sən farsca bilirsənsə, tərcüməçiyə ehtiyacın yoxdur. Düzdür, Fərid fars dilini məişət səviyyəsində bilirdi, hazırda məhkumlarla danışa-danışa bir qədər də öyrənib. Lakin bu, o demək deyil ki, Fərid hüquqi terminləri də bilir və məhkəmədə özünü tam mənası ilə ifadə edə bilər". D.Əskərova vurğulayıb ki, Fəridə qarşı irəli sürülmüş “casusluq” ittihamının “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunmasının da əslində ciddi fərqi yoxdur: "Çünki hər iki ittiham aktının cəzası ağır ola bilər. Hesab etmirəm ki, yüngülləşdirici hər hansı bir qərar verilə bilər. Ona görə olduqca narahatıq. Fəridə avqustun 3-nə qədər son söz üçün vaxt verilib. Bundan sonra nə olacağını isə bilmirik". Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra Fərid Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb. İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

İranda həbs edilən Fəridə son söz üçün vaxt verilib

“İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib”. Bunu Oxu.Az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib. Onun sözlərinə görə, heç bir sübut olmadan oğlu məhkəmədə təzyiqə məruz qalır: “Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib. Məhkəmənin də avqustun 3 və ya 4-də olması planlaşdırılır”. O bildirib ki, oğluna görə Xarici İşlər Nazirliyi tərəfindən onunla heç bir əlaqə saxlanılmır.  Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.

Təbrizli alim araşdırma apardı: AES Arazı məhv edir

Bəzi balıq nümunələrini analiz etmək məqsədilə çalışmalara başladıq. Nümunələri İranın Poldəşt bölgəsi və Araz su anbarı dediyimiz Naxçıvanla üz-üzə olan yerdən götürdük. Bu sözləri Axar.az-a Təbriz Tibb Elmləri Universitetinin molekulyar tibb sahəsi üzrə professoru Möhsün Abbaszadə Araz çayı və ona yaxın ərazilərdə yaranan ekoloji problemlərlə bağlı aparılan müayinələrin nəticəsi haqqında danışarkən deyib. O bildirib ki, çaya axıdılan çirkli sular bölgənin flora və faunasına ciddi şəkildə təsir edib: “Balığın daxili orqanları və nəfəs yollarında histoloji müayinələr həyata keçirdik. Balıq nümunələrinin üst toxmalarında və qaraciyərində fəsadlar aşkar olundu. Bunun səbəbi suda olan ağır metallar və radioaktiv maddələr idi”. Mütəxəssisin sözlərinə görə, balıqlar Ermənistan ərazində mövcud olan Metsamor AES-dən axıdılan kirli suya görə zərər görüb: “Su kirliliyinin qaynağının tək səbəbi Ermənistan torpağında fəaliyyət göstərən Metsamor AES və bir neçə mis mədənidir. Çünki İranda bizim çalışdığımız bölgə Araz çayının başlanğıc nöqtəsi hesab olunur. O bölgədə hər hansı fabrik, mədən yoxdur”. İstismar müddəti çoxdan bitən Metsamor AES-in təcili şəkildə qapadılmalı olduğunu deyən Möhsün Abbaszadə bildirib ki, əks halda insanlar və ətraf aləm bu stansiyanın mövcudluğundan əziyyət çəkməli olacaq: “Biz Fukusima qəzasını unutmamalıyıq. Buradan böyük bir dərs almalıyıq. 1970-ci illərdə qurulan “Metsamor”un istismar müddəti 2016-cı ildə bitməli idi. Lakin AES-in fəaliyyəti 2036-cı ilə qədər uzadıldı. 1988-cı ildə Spitak zəlzələsindən sonra AES-in işi 7 il dayandırılsa da, ciddi zərər görən stansiya 1995-ci ildə yenidən fəaliyyətə başlayıb. İnsanlara və ekologiyaya zərər vuran AES və mis mədənləri barəsində ciddi ölçü götürülməlidir. Millət vəkilləri və İran Səhiyyə Təşkilatı Araz çayının ətrafında olan şəhərlərdə xərçəng xəstəliyinin daha çox yayıldığını qeyd ediblər. Su kirliliyinin aradan qaldırılmasının tək yolu Metsamor AES-in dərhal qapadılmasıdır. Ayrıca, orada fəaliyyət göstərən mis mədənləri də yoxlanmalı, tullantıları nəzarətdə saxlanmalıdır. Araz çayından mütamadi olaraq su analizləri götürülməlidir”.

İranda saxlanılan Fəridin anası: “Ona tapşırmışam ki, ...”

“Fərid casusluq maddədi ilə həbs olunub. Mənimlə iki dəfə danışıb. Amma Azərbaycanın İrandakı konsulu ilə demək olar ki, hər iki gündən bir danışırlar. Hazırda Fəridin tutulması ilə bağlı işlər gedir”. Bu barədə AzEdu.az-a İrana sevgilisi ilə görüşməyə gedərkən həbs edilən Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.  O qeyd edib ki, Fəridin bir neçə dəfə məhkəməsi, olub və bu proses farsca aparılır: “Ancaq mən Fəridə tapşırmışam ki, farsca ifadə verməsin, tərcüməçi tələb etsin. Əvvəlki məhkəmələrdə ingilis tərcüməçi verilmişdi, ancaq sonradan verilmədi”. Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yyana Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə gedib və həmyerlimiz orada saxlanılıb.

Güneyli fəalın məhkəmə iclası keçirilib

İyulun 24-də Tehranda yaşayan ictimai fəal və hüquq müdafiəçisi Yaşar Təbrizinin (Əkbər Quluzadə) məhkəmə iclası keçirilib. Tehranın Şəhriyar şəhərinin İnqilab Məhkəməsində keçirilən iclasda ondan "hökumətə qarşı təbliğat" və "yalan məlumatlar yaymaq" ittihamları barədə müdafiəsi istənilib. Fəalın barəsində çıxarılacaq son qərarın bir neçə gün içiundə elan ediləcəyi bildirilib. İyunun 10-da Tehranda özünün şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilən tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi, iyunun 18-də Evin həbsxanasının 209 nömrəli təhlükəsizlik bölməsinə köçürülüb. Yaşar Təbrizi bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb. O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qalıb. Yaşar Təbrizi yanvar ayının 8-də SEPAH-ın Ukrayna təyyarəsini vurduğu yerdə çəkdiyi, terror qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Urmu gölü ilə bağlı kampaniya davam edir

Urmu gölü ətrafında baş verən ekoloji fəlakətlə bağlı başladılan kampaniya davam edir. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlılar və əcnəbi ekofəallar "SAVE URMIA LAKE" adı altında sosial mediada videolar paylaşaraq, Urmu gölünün yox olması ilə bağlı xəbərdarlıq mesajları paylaşırlar. Onlar beynəlxalq ictimaiyyətə, ekofəallara və əlaqədar beynəlxalq qurumlara müraciət edərək Urmu gölünün quruması və İran hökumətinin bərpaişləri ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyini bildirirlər. Kampaniyaya qoşulanlar Tehran hakimiyyətini ekologi faciəyə görə qınayr və milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin həlli üçün əməli addımlar atmasını tələb edirlər.

İranda səssiz etiraz aksiyası keçirildi

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində səssiz etiraz aksiyası keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəalları Kampaniyası məlumat yayıb. Məlumata görə, cümə namazından sonra sünni bəluclar məhərrəm ayında şiələrə hörmət əlaməti olaraq şüarlar səsləndirmədən səssiz yürüş ediblər. Aksiya baş tutan vaxt Zahidan şəhərinin əksər bölgələrində internet kəsilib, mobil telefon operatorlarında problemlər yaranıb. Qeyd edək ki, bu, bəlucların Tehrana hökumətinə qarşı hər həftə keçirdikləri 42-ci etiraz aksiyasıdır.

Milli fəal həbs cəzasına məhkum edildi

Güney Azərbaycanın Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi 91 gün azadlıqdan məhrum edilib. Cinayət Məhkəməsinin 101-ci bölməsinin çıxardığı həbs qərarında milli fəalın "ictimai rəyi təhrik etmək üçün yalan məlumatlar yaymaq"da günahlandırıldığı bildirilib. Bundan əvvəl iyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib. Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Azərbaycanlı millət vəkilinə həbs cəzası verildi

Təbrizin İran parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi iyulun 18-də hökumət işçiləri məhkəməsi tərəfindən çıxarılan qərara əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb. Məlumatda Əlirzabeyginin keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə rüşvət olaraq avtomobillər verməsini ifşa etdiyinə görə "yalan məlumatlar yaymaq"da ittiham edildiyi bildirilib. Qeyd edək ki, bir müddət əvvəl Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığını açıqlamışdı. Onun ifşaedici çıxışlarından sonra nazirin və himayəçilərinin bütün səylərinə baxmayaraq, İran parlamentinin deputatları nazirin impiçmentinə razılıq veridlər. Bununla da aprelin sonunda Rza Fatimi Əmini nazir vəzifəsindən istefa verməyə məcbur oldu. Bundan sonra təbrizli millət vəkilinə qarşı təzyiqlər başlayıb və onun parlamentdə çıxışlarına qadağa qoyulub.

Urmu gölündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə çatdı

İranın Şərif Universitetinin araşdırmalarının nəticələrinə görə, Urmu glündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə düşüb. Bu barədə İranın "Etimad" qəzeti məlumat dərc edib. Məlumatda İranın keçmiş Ekologiya naziri İsa Kələntəriyə istinadən bildirilib ki, İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra gölün bərpası ilə bağlı bütün təbliğatlara baxmayaraq, Urmu gölündə suyun səviyyəisi dahada azalaraq 700 milyon kubmetrə düşüb. "Bu gedişlə ilin sonuna kimi Urmiya gölündə su qalmayacaq və göl bataqlığa çevriləcək",- keçmiş nazir xəbərdarlıq edib. 

İranda tanınmış aktyor həbs edildi

İranın təhlükəsizlik məmurları tanınmış aktyor Məhəmməd Sadiqinin Tehrandakı evinə basqın edərək onu saxlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar. Məhəmməd Sadiqinin həbsi bir çox aktyor və sənətçinin etirazına səbəb olub. Onlar bəyanat yayaraq sənətçilərə qarşı yeni repressiya dalğasının başladığını bildiriblər. Qeyd edək ki, aktyor sosial mediada paylaşımlar edərək hökumətin vətəndaşların geyim tərzi və şəxsi həyatına müdaxiləsini, yeni cəza tədbirlərini pisləyib, insanları buna qarşı çıxmağa çağırıb.