Bu, İranın növbəti yalanıdır - Belçika

Belçikada həbsdə olan iranlı casus Əsədullah Əsədinin məhbusların mübadiləsi çərçivəsində İrana geri qaytarılması nəzərdə tutulmur. Sozcu.az xəbər verir ki, bu barədə Belçika Məhkəməsinin yaydığı məlumatda bildirilib. “Bu yalan danışmaqda peşəkarlaşan İran hökumətinin növbəti yalanıdır”, - bəyanatda qeyd olunub. Xatırladaq ki, İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi İslam Respublikasında həbsdə olan belçikalı Olivye Vande Kastelin azadlığı qarşısında Əsədullah Əsədinin ölkəyə qaytarılacağını iddia etmişdi. Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur. Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb. Məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb. Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib. Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər. Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb. Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

ETTELAAT əməkdaşları azərbaycanlı milli fəalın evinə hücum etdilər

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) agentləri milli fəal Kərim Xəlilinin Təbrizin Heydərabad məhəlləsindəki evinə basqın ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər. Xatırladaq ki, Kərim Xəlili İranın təhlükəsizlik agentləri tərəfindən dəfələrlə həbs olunaraq işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Aşıq Cəbrayıl Xəlilinin qardaşıdır.

İran Azərbaycanla sərhədə bu sistemləri yerləşdirib - Foto

İranın Azərbaycanla sərhədə xüsusi radar sistemləri yerləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qanadına bağlı Teleqram” kanalı yazb. “İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”, - Teleqram kanalında qeyd edilib.

İranda bir qrup müəllim aksiya keçirib

İranda bir qrup müəllim aksiya keçirib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, nümayiş Divandərə şəhərində baş tutub. Müəllimlər şagirdlərin naməlum şəkildə zəhərlənməsi və təhlükəli vəziyyətdə olmalarına etiraz ediblər.

Urmiya həbsxanasında məhbus öldürüldü

Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin həbsxanasında Abdullah Bədəvi adlı məhbus həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Abdullah Bədəvinin ürək çatışmazlığı və diabet xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müalicə almasına və dərman qəbul etməsinə icazə verilmədiyi üçün həyatını itirdiyi bildirilib. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı hesabatda Urmiya həbsxanasını məhbusların saxlanma şəraiti və həyati təhlükəsinə görə İslam Respublikasında ən pis həbsxana elan edib.

“Taym” 3 iranlını nüfuzlu şəxslər siyahısına saldı

"Taym" (Time) jurnalı bu il üçün 100 nüfuzlu şəxsin siyahısını açıqlayıb. Sozcu.az xəbər verir ki, jurnalın açıqladığı siyahıda İranda həbsdə olan iki jurnalist və bir müğənninin adı da yer alıb. Məlumata görə, müğənni Şərvin Hacıpur, jurnalistlər İlahə Məhəmmədi və Nilufər Həmidinin adları jurnalın siyahısına salınıb. Xatırladaq ki, Şərvin Hacipur etiraz aksiyalarından təsirlənərək oxuduğu "Bəraye" mahnısına, jurnalistlər isə etiraz aksiyaları barədə məlumatlar yaydıqlarına görə saxlanılıblar.

İranda kütləvi aksiyaya çağırış edildi

İran Tələbə Birlikləri vətəndaşlara rejimin orta çağdan qalma qanunlarına qarşı çıxmaları üçün aprelin 15-nə təyin edilən aksiyalara qoşulmaları ilə bağlı çağırış edib. Sozcu.az xəbər verir ki, bəyanatda Tehran rejimində repressiyaların davam etdiyi və buna etiraz edilməsi gərəkdiyi bildirilib. Qeyd edilir ki, etiraz aksiyalarının səngiməsindən sonra rejimin qadınlara qarşı məhdudiyyətləri artırılıb. Onlar hicab bəhanəsi ilə universitetlərə, ictimai nəqliyyata və iaşə obyektlərinə buraxılmır. İranda həbsxanalarda saxlanılan bir neçə tanınmış siyasi fəal və hüquq müdafiəçisi də çağırışlara qoşulub və əhalini etiraz aksiyalarına səsləyib. Xatırladaq ki, çağırışa İran rəsmilərinin və polis qüvvələri komandiri Əhmədrza Radanın məcburi hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər barədə xəbərdarlığı səbəb olub.

Urmiya gölünün səviyyəsi daha 49 sm aşağı düşdü

İran hökumətinin Urmiya gölünün bərpası, gölə su buraxılması ilə bağlı təbliğatlarına baxmayaraq, gölün hazırkı durumu ötən ilin eyni dövrü ilə müqayisədə daha pisləşib. Sozcu.az xəbər verir ki, bu barədə Xəzər və Urmiya Gölü Su Ehtiyatlarının İnteqrasiya edilmiş İdarəetmə Mərkəzinin baş direktoru Kiyasət Əmirian deyib. Onun sözlərinə görə, göldə suyun səviyyəsi ötən ilin aprel ayına nisbətdə 49 santimetr aşağı düşüb. Hazırda göldə 1.63 milyard kubmetr su olduğu bildirilib. Qeyd edək ki, Urmu gölünün su həcmi göl qurudulmamışdan öncə ortalama 17.28 milyard kubmetr olub.

İranda kütləvi etirazlar gözlənilir

İranda aprelin 10-na kütləvi etirazlar təyin edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məktəblilərin kimyəvi qazdan müəmmalı zəhərlənməsinə görə bu günə ümumxalq etirazlarına çağırışlar yayılmaqdadır.

Güneydə müəllimlər etiraz aksiyaları keçirib

Aprilin 6-da Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb. Təhsil İdarələrinin binaları qarşısına toplaşan müəllimlər əmək haqlarının verilməməsinə etiraz edib, aprelin 5-də həbs edilən İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbininin azad edilməsini tələb ediblər. Qeyd edək ki, eyni gündə Kirmanşah, Kərəc, Məlayer və başqa bir neçə şəhərdə də oxşar aksiyalar baş tutub.Günaz.TV

Tehranda etirazlar başladı

Aprelin 5-dən 6-a keçən gecə Tehranın Şər-i Ziba bölgəsində hökumətə qarşı etiraz aksiyaları keçirilib. Sozcu.az xəbər verir ki, aksiyalar 2022-ci ilin sentyabr ayında hökumət məmurları tərəfindən öldürülən Həmid Rza Ruhi adlı gəncin doğum günü münasibətilə keçirilib. Etirazçılar "Xamenei, bu qiyam sona çatmayacaq" , "Bu il sistemin son ilidir" kimi şüarlar səsləndiriblər.