İran Şərqi Azərbaycanı parçalamaq istəyir - Rəhmanifər

Şərqi Azərbaycanı parçalayıb, orada Səhənd adında yeni bir vilayət yaratmaq fikrindədirlər. Ora Şərqi Azərbaycan yox, Səhənd vilayəti deyiləcək və Azərbaycan adı üstündən götürüləcək. Bu sözləri Axar.az-a güneyli araşdırmaçı və milli fəal Məhəmməd Rəhmanifər İranın Güney Azərbaycanı parçalayaraq yeni vilayətlərə bölmək planından danışarkən deyib. Onun sözlərinə görə, bu vilayətləri yaratmaqda məqsəd İranın Azərbaycan kəlməsinə olan qısqanclığıdır: “İranın əsas məqsədi Azərbaycan kəliməsini Güney Azərbaycan torpaqlarından silməkdir. Bu siyasət illərdir davam edir. Hələ Pəhləvilər zamanında çalışıblar ki, torpaqlarımızı parçalayıb, vilayətlərə təzə adlar verməklə, Azərbaycan adını bölgələrin üzərindən götürsünlər. Bəzi yerləri Azərbaycandan ayırıb, başqa vilayətlərə verdilər. Bir vaxtlar Zəncanı ayırıb, vilayət etdilər. Astaranı, Sunquru, Bicarı ayırıb kürd vilayətlərinə tabe etdilər. Həmçinin, Xoy adında bir vilayət yaratmaq istəyirdilər, lakin o zaman biz qarşı çıxdıq. İndi isə Səhənd adlı vilayət yaratmaq fikrindədilər". O, hələ rəsmiləşdirilməyən prosesin Tehran KİV-lərində təbliğatının aparıldığını bildirib: "Azərbaycan adı hazırda iki vilayətin üstündə qalıb: Qərbi və Şərqi Azərbaycan. 20 il bundan öncə də Şərqi Azərbaycanın daxilində şəhər olan Ərdəbili eynən bu cür ayırıb, ayrıca vilayətə çeviriblər. Əsl məqsədləri birdir: Azərbaycanı parçalamaq və tarixi adını silmək. Çalışırlar, elə şərait yaratsınlar ki, Azərbaycan adını dilə gətirməyə ehtiyac qalmasın. İranın rəsmi televiziya və qəzetlərində Qərbi Azərbaycanı “Ustani Urmiyə”, Şərqi Azərbaycanı “Təbriz” olaraq təqdim edir, Azərbaycan Respublikasına da “Bakı Cümhuriyyəti” deyirlər".

Bir azərbaycanlı ailəni sel apardı

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində güclü yağışlardan sonra yaranan sel daşqını bir ailənin üç üzvünü aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Məlumatda ailənin iki üzvünün yaralı vəziyyətdə xilas edildiyi, 8 yaşlı uşağın isə boğularaq öldüyü bildirilib. Qeyd edək ki, iyunun 8-də İranın 22 əyalətində baş verən sel nəticəsində 8 nəfər həyatını itirib.

Tehran rejimi seldən zərərçəkən Güney Azərbaycan bölgələrinin sakinlərinə yardım etmir

İran hakimiyyəti seldən zərərçəkən Güney Azərbaycan bölgələrindəki əhalinin vəziyyəti ilə maraqlanmır. Bunu sosial şəbəkədə çoxsaylı faktlar və məlumatlar da təsdiqləyir. Bildirilib ki, İranın rəsmi xəbər saytları və agentlikləri də seldən zərərçəkən bölgələrlə bağlı məlumat vermir. Yerli sakinlər seldən zərər çəkən əhalinin ürəkdağlayan olduğunu bildirirlər. Onların sözlərinə görə, İran hökuməti onlara heç bir yardım göstərmir və taleyin ümidinə buraxıb. Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Güney Azərbaycanın Germi və Biləsuvar rayonlarında leysan yağışlar nəticəsində sel olub. Əhalinin əkin sahələri, şəxsi təsərrüfatına xeyli ziyan dəyib. Sakinlər ərzaq və içməli su çatışmazlığından əziyyət çəkir. Onlara Güney Azərbaycanın müxtəlif bölgələrinin sakinləri humanitar yardım edir.

Tehranda dindirilməyə çağırılan 2 jurnalist həbs edildi

Tehranda saxlanılan Hoda Tohidi və Zəhra Tohidi adlı iki jurnalist Evin həbsxanasına köçürülüblər. Bu barədə onların qardaşı Əli Tohidi məlumat yayıb. Onun sözlərinə görə, jurnalistlər ümumxalq etirazları zamanı məlumat dərc etdikləri üçün saxlanılıb. Əli Tohidi bildirib ki, bacıları bir neçə gün öncə Tehranın Evin həbsxanası prokurorluğunun hökmlərin icrası bölməsinə çağırılıb. Onlar mühakimə olunmadan və barələrində irəli sürülən ittihamlar sübuta yetirilmədən cəzaçəkmə müəssisəsinə köçürülüb. Vəkilləri də bildirib ki, dindirilmə zaman jurnalist xanımların müdafiəsinə icazə verilməyib. Onlar bacıların mühakimə olunmadan həbsxanaya köçürülməsini qanunsuz adlandırıblar. Qeyd edək ki,  İran məhkəməsi jurnalistlər "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və hökumətə qarşı təbliğat aparmaq"da ittiham edilir.

İranda ölüm hökmünün ləğvi üçün kampaniya başladı - FOTO

İranda ölüm hökmünün ləğvi üçün kampaniya keçirilir. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.   Kampaniya çərçivəsində “Dini hökumətə yox, xalqın hakimiyyətinə hə”, “Məcburi dinə, məcburi hicaba, məcburi hakimiyyətə yox!” şüarları əks olunub.

İranda casusluqda ittiham olunan şəxsin anası: “Bu, absurddur”

İranda cəsusluqda ittiham olunan 27 yaşlı azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezindent İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Sozcu.az xəbər verir ki, D.Əsgərova oğlunun İranda müdafiəsiz ittiham olduğunu bildirib. “Üç aydır ki , İrana dostunu görməyə getmiş oğlum Səfərli Fəriddən xəbər ala bilmirəm. Dünən Azərbaycan Xarici İşlər Nazirliyinin mənə ünvanladığı məktubda oğlumun İranda casusluq maddəsi ilə saxlanıldığı bildirilir. Mən bu ittihamı rədd edirəm. Fərid öz üzərində daim çalışan, ana dilindən başqa 3 dildə sərbəst danışa bilən, kifayət qədər dünyagorüşü olan bir gəncdir. Onu tanıyan hər kəs - dostları, qonşular, qohumlar bunu təsdiq edə bilərlər. Almaniyada “Data Analizi” sahəsində ixtisaslaşmışdı və Leypsiq şəhərində bir şirkətdən iş təklifi almışdı. Bu ilin aprel ayından həmin şirkətdə işə başlayacaqdı. Belə bir insanın kiminsə təsiri altına düşüb casusluq etməsi absurddur. O, İrana, sadəcə, dostunu görməyə getmişdi. İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və onun indi nələr düşündüyünü təsəvvür edəndə içim yanır. Bir qarışqanı belə incitməyə ürəyi gəlməyən balamın saxta ittihamla, təmamilə təcrid olunmuş halda zindanda nələr yaşadığını ağlıma belə gətirmək istəmirəm. Fərid İranda müdafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm, Fəridin vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılmasına tapşırıq verəsiniz. Mən onun üçün çox darıxıam, onu görmək, bağrıma basmaq istəyirəm, ona mudafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm. Mən inanıram ki, Siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız”, - D.Əsgərova bildirib.

Güneyli milli fəallar Təbriz həbsxanasına köçürülüb

Təbrizdə yaşayan güneyli milli fəallar Hüseyn Amani, Əlirza Səbri və Cavad Əhmədzadə Təbriz həbsxanasına köçürülüblər. Bu barədə milli fəalların yaxınları məlumat verib. Bundan əvvəl təhlükəsizlik idarəsinin istintaq təcridxanasından həbsxanaya köçürülən Məhəmmədrza Amani (Araz) isə yenidən təcridxanaya geri qaytarılıb. 22 may qiyamının ildönümü öncəsi saxlanılan fəalların nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Güneyli rəssamın İstanbulda sərgisi keçiriləcək

İyunun 9-dan 24-ə kimi İstanbulda güney azərbaycanlı rəssam Reyhan Cabbarinin 35 əsərindən ibarət rəsm sərgisi keçiriləcək. Bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, Reyhan Cabbari karyerasını təkmilləşdirmək üçün 2015-ci ildə İstanbula gəlib. Hazırda o, rəssamlıqlaş məşğul olur, həmçinin fotoqrafiya, memarlıq və dizayn kimi sənət sahələrində çalışır.

İsrail İranla 8 cəbhədə MÜHARİBƏYƏ HAZIRLAŞIR

İsrail İranla 8 cəbhədə müharibəyə hazırlaşır. Sozcu.az xəbər verir ki, dünən İsrail Prezidentinin Bakıya gəlişi ilə eyni vaxtda İsrail ordusu İran və onun təsiri altında olan formal dövlətlərlə müharibəyə hazırlaşmaq üçün iki həftəlik irimiqyaslı təlimlərə başlayıb. Eyni zamanda 8 cəbhədə hərbi əməliyyatlar kontekstində müdafiə və hücum əməliyyatlarının işlənməsi planlaşdırılır. Birbaşa İran və onun havadarlıq etdiyi terror qruplarına qarşı İraq, Livan, Suriya, Yəmən, İordan çayının qərb sahilində, Qəzza zolağında, həm də Qırmızı dənizdə hücum əməliyyatları hazırlanır. Hərbi Hava Qüvvələrinin əməliyyatlarına xüsusi diqqət yetiriləcək. Bundan əlavə, “Hizbullah” hərbi-siyasi təşkilatının (Valla, Maariv) Radvan komandosunun xüsusi təyinatlıları tərəfindən Livandan İsrail ərazisinə müdaxilə ediləcəyi təqdirdə tədbirlər hazırlanacaq. Radvan mayın 21-də sərhədi yarmaq və İsrail yaşayış məntəqələrini ələ keçirmək üçün təlimlər keçirib və iki gün sonra Livanın cənubundakı qalalarını sərhədə yaxınlaşdırmaq əmri alıb.

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, may ayının 28-də saat 04 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycandan İran istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri - Quliyev İbrahim Teymur oğlu və Əhmədov Ceyhun Rza oğlu saxlanılmış, üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulan 1 ədəd universal termal nişangahı aşkar edilərək götürülüb. Bundan başqa, may ayının 29-da saat 03:50-də “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İrandan Azərbaycan istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Tanrıverdiyev Kamil Firuddin oğlu və Samux rayon sakini İbrahimli Ramiz Akif oğlu saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

"Urmu" və "Yağış" adlı əkizlərə 4 aydan sonra kimlik vəsiqəsi verildi

Təbrizdən olan azərbaycanlı valideynlər dörd aylıq mübarizə apardıqdan sonra əkiz qızları "Urmu" və "Yağış"a şəxsiyyət vəsiqəsi almağa nail olublar. Bu barədə əkizlərin atası Vəhid Baqirpur özünün sosial media hesabında paylaşım edərək övladlarına türk adı seçdiyi üçün İran Qeydiyyat İdarəsi tərəfindən incidildiyini yazıb. "İranda və hakimiyyətdə çox dəyişikliklər olsa da, bir şey dəyişilməz qalb. O da, İranda hakim rejimin İranda yaşayan xalqlara, xüsusilə azərbaycanlılara sistemli faşist münasibətidir",- Baqirpur bildirib. Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər. İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır. Onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Milli fəallar müvəqqəti sərbəst buraxılıb

Güney Azərbaycan milli hərəkatının milli fəalları Ruhullah Əhmədinejad və Həmzə Vəlizadə saxlanılaraq istintaq edildikdən sonra müvəqqəti sərbəst buraxılıblar. Milli fəalların mayın 18-də təhlükəsizlik məmurları tərəfindən həbs edildiyi bildirilir. Lakin onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib. Qeyd edək ki, eyni gündə adı çəkilənlərdən başqa daha bir neçə milli fəal saxlanılıb. Ehtimal olunur ki, onlar 22 may qiyamının ildönümündə aksiyaların keçirilməsinin qarşısını almaq məqsədi ilə təcrid edilib.