İranda tanınmış jurnalist Məryəm Vəhidiyan həbs olunub

Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı bölməsi jurnalist Məryəm Vəhidiyan barəsində 4 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. Bu barədə İranın "Şərq" qəzeti məlumat paylaşıb. Məryəm Vəhdiyana qarşı "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq" ittihamı irəli sürülüb. Sərhədsiz Reportyorlar təşkilatı mayın 3-də Ümumdünya Media Azadlığı Günü ilə eyni vaxtda 2023-cü ildə media azadlığına dair yeni hesabatını yayıb. Hesabatda qeyd edilib ki, İran media azadlığı göstəricilərinə görə, reytinq cədvəlində 180 ölkə arasında Vyetnam, Şimali Koreya və Çindən sonra 177-ci yerdə qərarlaşıb. Qeyd edək ki, son 8 ay ərzində İranda 70 jurnalist həbs edilib və onlarla jurnalist isə təhlükəsizlik və prokurorluq orqanlarına çağırılaraq dindirilib.

İranda daha bir molla öldürülüb

Son vaxtlar İranda mollalara qarşı hücumların davamında daha bir molla İbrahim Fazili öldürülüb. İran mediasının verdiyi məlumata görə, ayətullah Fazil Əstərabadinin oğlu olan mollanın meyiti Mazəndəran əyalətinin Xəzər sahilində aşkar edilib. Qeyd edək ki, son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahiyanı da qorxuya salıb. O, bir neçə gün əvvəl molla və cümə imamlarını təhlükə və hücumların artdığını söyləyib. Fəllahiyan bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

İranda Sepahın təlim mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı açıqlanıb

İranın Semnan əyalətinin Damqan şəhəri ətrafında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) təlim mərkəzində baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı açıqlanıb. Məlumatı “alarabiya”nın farsca redaksiyası yayıb. Bildirilib ki, hadisə zamanı azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda partlayışın səbəbi və şəraiti araşdırılır, ölənlərin və yaralananların sayı dəqiqləşdirilir. Qeyri-rəsmi mənbələr isə xəsarət alanlarının sayının artacağını bildirib. Semnandakı Təcili tibbi yardım mərkəzindən isə bildirilib ki, hadisə Damqandakı flor mədənində baş verib.

Milli fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb

Təbrizdə yaşayan mili-mədəni fəal İbrahim Əhmədpur məhkəməyə çağırılıb. Ona İran məhkəməsinin elektron sistemi vasitəsilə çağırış göndərilib. Çağırışda milli fəaldan ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün mayın 10-da Təbriz İnqilab Məhkəməsinin 1-ci bölməsinə getməsi tələb edilir. Bundan öncə həbs edilən və martın 2-də 400 mlyon tümən girov qarşısında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılan Əhmədpura qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb. Qeyd edək ki, Mədəni Universitetinin siyasi elmlər institutunun tələbəsi olan İbrahim Əhmədpur fevralın 27-də Şərqi Azərbaycan əyaləti polisinin təhlükəsizlik bölməsinə çağrıldıqdan sonra həbs edilib. O, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin üzvüdürlər və adı çəkilən mərkəz Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra təzyiqlərlə üzləşib və fəaliyyəti dayandırılıb.

İranda polis rəisi öldürüldü

İranda Saravan şəhərinin polis rəisi Əlirza Şəhraki öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında ona maşında olarkən atəş açıblar. Atəş nəticəsində Şəhraki ölüb, yanında olan həyat yoldaşı isə ağır yaralanıb.

İranda iki gəmi yanaraq külə döndü - FOTO

Bu gün səhər saatlarında İranda iki yük gəmisi tamamilə yanıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, hadisə Qeşm adasının Bəhmən limanında baş verib.

Bu, İranın növbəti yalanıdır - Belçika

Belçikada həbsdə olan iranlı casus Əsədullah Əsədinin məhbusların mübadiləsi çərçivəsində İrana geri qaytarılması nəzərdə tutulmur. Sozcu.az xəbər verir ki, bu barədə Belçika Məhkəməsinin yaydığı məlumatda bildirilib. “Bu yalan danışmaqda peşəkarlaşan İran hökumətinin növbəti yalanıdır”, - bəyanatda qeyd olunub. Xatırladaq ki, İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi İslam Respublikasında həbsdə olan belçikalı Olivye Vande Kastelin azadlığı qarşısında Əsədullah Əsədinin ölkəyə qaytarılacağını iddia etmişdi. Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur. Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.

İranda aksiyada 7 etnik bəluc qətlə yetirilib, çoxlu sayda yaralı var

İranın Sistan-Bəlucistan əyalətində aksiya zamanı etnik bəluclarla hərbi-polis qüvvələri arasında baş verən toqquşma nəticəsində 7 etirazçı ölüb, çoxlu sayda dinc sakin isə yaralanıb. Məlumatı “Amerikanın səsi” radiosunun fars redaksiyası yayıb. Bildirilib ki, rejimin hərbi-polis qüvvələrinin motosikletçiləri aksiya zamanı əyalətin Fənuc şəhərində 4 yeniyetməyə hücum edib. Onlar ağır yaralanıb. Buna etiraz olaraq şəhər əhalisi yerli polis şöbəsinin binasını daş-qalaq ediblər. Bildirilib ki, hökumət qüvvələri etirazçılara odlu silahdan atəş açıb. Məlumata görə, Fənucə İnqilab Keşikçiləri Qvardiyasının yeni qüvvələri və hərbi texnikası yeridilib.

ETTELAAT əməkdaşları azərbaycanlı milli fəalın evinə hücum etdilər

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) agentləri milli fəal Kərim Xəlilinin Təbrizin Heydərabad məhəlləsindəki evinə basqın ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər. Xatırladaq ki, Kərim Xəlili İranın təhlükəsizlik agentləri tərəfindən dəfələrlə həbs olunaraq işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Aşıq Cəbrayıl Xəlilinin qardaşıdır.

İran Azərbaycanla sərhədə bu sistemləri yerləşdirib - Foto

İranın Azərbaycanla sərhədə xüsusi radar sistemləri yerləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qanadına bağlı Teleqram” kanalı yazb. “İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”, - Teleqram kanalında qeyd edilib.

İranda bir qrup müəllim aksiya keçirib

İranda bir qrup müəllim aksiya keçirib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, nümayiş Divandərə şəhərində baş tutub. Müəllimlər şagirdlərin naməlum şəkildə zəhərlənməsi və təhlükəli vəziyyətdə olmalarına etiraz ediblər.

Urmiya həbsxanasında məhbus öldürüldü

Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin həbsxanasında Abdullah Bədəvi adlı məhbus həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Abdullah Bədəvinin ürək çatışmazlığı və diabet xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müalicə almasına və dərman qəbul etməsinə icazə verilmədiyi üçün həyatını itirdiyi bildirilib. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı hesabatda Urmiya həbsxanasını məhbusların saxlanma şəraiti və həyati təhlükəsinə görə İslam Respublikasında ən pis həbsxana elan edib.