Etirazlarda öldürülən Azərbaycanlı fəalın cəsədi təhvil verilmir

Etirazlarda öldürülən Azərbaycanlı fəalın cəsədi təhvil verilmir. Bu barədə sosial mediada məlumat yayılıb. Rahilə Bərqi, 44 yaşlı azərbaycanlı fəal rejim qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, hökumət qurumları onun cəsədini ailəsinə təhvil verməkdən imtina ediblər. Mənbələr həmçinin qeyd ediblər ki, təhlükəsizlik orqanları cəsədin təhvil verilməsi üçün ailədən təxminən 800 milyon tümən məbləğində pul tələb ediblər.

İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər

İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər. Mülki geyimli təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri üzvləri Tehranın şərqində son etirazlarda həlak olanların ailələrinin evlərini hədəfə alıblar. Mənbələr bildiriblər ki, qüvvələr atəş açmaq, təhqir etmək və evləri talan etmək də daxil olmaqla amansız reydlər həyata keçiriblər. Ailələrə dəfn mərasimlərini tez və gizli şəkildə keçirmək tapşırılıb. Məlumata görə, ölənlərin ailələrindən güllə pulunun da alınacağı bildirilir. Yəni ailələr öz ailə üzvlərinin ölümünə səbəb olan güllənin pulunu da dövlətə ödəməlidirlər Qeyd edək ki, İranda bu qayda Pəhləvi dönəmindən icradadır.

Bu, dəhşətli faciədir - Moləvi Əbdülhəmid

Bir neçə gün ərzində ölkədə minlərlə insanın öldürülməsi dəhşətli faciədir. Bunu İranın sünni din xadimi və Zahidanın Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid deyib. "Bu acı hadisə İran xalqını kədər və qəzəbə qərq edib və dünyanın hər yerindəki azad insanların vicdanını dərindən yaralayıb",- o əlavə edib. Din xadimi qətliam məsullarının buna görə məsuliyyət daşıdıqlarını bildirib: "Şübhəsiz ki, bu cinayətə göstəriş verənlər və törədənlər bu dünyada məsuliyyət daşıyacaq və axirətdə ilahi əzaba düçar olacaqlar".

İranda etnik repressiyalar başladı

İranın Sistan və Bəluçistan əyalətində repressiyalar daha da sərtləşib. Sozcu.az Teleqram kanallarına istinadən xəbər verir ki, son iki gün ərzində bölgədə keçirilən etiraz aksiyaları zamanı azı 200 nəfər saxlanılıb. Həbslərin böyük hissəsi Zahidan şəhərində həyata keçirilib. Bununla bağlı, “Halvəş” Teleqram kanalı məlumat yayıb. Məlumatlara görə, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı zorakılığa əl atıb. Zahidanda tutulanlar arasında qadınlar, kişilər, uşaqlar və tələbələr də var. Bildirilir ki, saxlanılanların əksəriyyəti etnik bəluçlardır və onların çoxu döyülüb. Repressiv qüvvələrin öz məlumatına əsasən, saxlanılanların təxminən 80 faizi qadınlardır və onlar da fiziki zorakılığa məruz qalıblar. Etirazlar zamanı həbs edilən bəluçların sayının daha çox olduğu, ancaq hamısının kimliyinin hələlik müəyyən edilmədiyi qeyd olunur.BakuPost)

İranda etiraz aksiyalarında ölənlərin sayı şok etdi

İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib. Sozcu.az xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRNA) məlumat yayıb. Bildirilib ki, etirazlar zamanı ən azı 544 nəfər ölüb. Agentlik həmçinin daha 579 ölüm hadisəsi barədə məlumat aldığını və bununla da ölənlərin sayının 1123-ə çatdığını qeyd edib. Qurbanların əksəriyyətinin əsasən yaxın məsafədən aşılan atəşlə öldürüldüyü vurğulanıb. Dövlət televiziyası Tehranın məhkəmə ekspertizası binasının qarşısında yerdə uzanan onlarla cəsəd torbasını göstərərək, qurbanların "silahlı terrorçular" tərəfindən təşkil edilən tədbirlərin qurbanları olduğunu iddia edib, eləcə də paytaxtın Kəhrizak məhkəmə ekspertizası mərkəzinin qarşısında toplaşaraq cəsədlərin şəxsiyyətinin müəyyən edilməsini gözləyən insanların görüntülərini yayımlayıb. BBC-nin məlumatına görə, Rəşt şəhərindəki Pursina Xəstəxanasının morqu öldürülən iranlı etirazçıların cəsədləri ilə doludur. Qurbanların qohumlarına cəsədlərin dəfn edilməsinin təxminən 7000 dollara başa gələcəyi deyilib. CNN Tehranın bir neçə xəstəxanasında "tamamilə xaos" vəziyyətinin yarandığını bildirir. Kanalın məlumatına görə, ölənlərin cəsədləri üst-üstə yığılıb və tibb müəssisələri ölüm axınının öhdəsindən gələ bilmir.

Xalqı dinləməyə və islahatlar aparmağa hazıram - Pezeşkian

"İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır". Sozcu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib. "Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq", - deyə o bildirib. Pezeşkian etirazçıların pisləşən iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə etdiklərini, lakin bazarları yandırmadıqlarını və ya cinayət əməlləri törətmədiklərini iddia edib: "İrandakı iğtişaşlar Amerika və İsrail tərəfindən təşkil olunur və onlar öz agentlərinə vəziyyəti sabitsizləşdirmək əmri verirlər".

Güney Azərbaycan milli-siyasi təşkilatlarının dəstək bəyanatı

Güney Azərbaycan milli-siyasi təşkilatlarının dəstək bəyanatı yayıblar. Güney Azərbaycan milli-siyasi təşkilatları hər zaman Güney Azərbaycanda Azərbaycan Türklərinin öz milli şüar və istəkləri əsasında apardıqları milli mübarizəni yüksək qiymətləndirərək dəstəkləyiblər və bu mübarizənin müstəqil, düşünülmüş və millətimizin milli maraqlarına hesablanmış şəkildə aparılmasının tərəfdarı olublar. Biz hesab edirik ki, Güney Azərbaycanın şəhərlərində başladılacaq hər bir kütləvi etirazın və qiyamın əsas məqsədi Vətənimiz Azərbaycanı fars faşizminin fars mərkəzli rejimlərinin sistematik zülmündən qurtarmaq olmalıdır. Çünki, Azərbaycan Milli Hərəkatı dövlətçilik ideyasına söykənən, milli və siyasi iradəyə əsaslanan bir hərəkatıdır. O, öz mübarizəsini bir rejimin başqa bir diktator rejimə dəyişdirilməsinə hesablanan siyasi oyunlardan kənar, bağımsız olaraq aparır. Güney Azərbaycan Milli Hərəkatı özünün müəyyənləşdirdiyi milli–demokratik prinsiplər üzərində hərəkət etməli, qarşılıqlı hörmət əsasında qeyri-fars millətləri ilə həmrəy olmalı, faşizm üzərində qurulan farsçılığa son qoymaq üçün azadlıq mübarizəsini öz milli şüarlarına əsaslanaraq aparmalıdır. Azərbaycan mərkəzli milli-siyasi qurumlar olaraq, biz də millətimizin mübarizəsinin yanındayıq və onu dəstəkləyirik.  Hər bir Azərbaycan Türkü bilməlidir ki, Vətənimiz Azərbaycanın qurtuluşu milli-siyasi iradəmizin təmin olunması deməkdir. Bu isə millətimizi təmsil edən çağdaş-demokratik milli dövlətçiliyin qurulmasından keçir. İnanırıq ki, millətimizin milli iradəsini təmsil edən Güney Azərbaycan Milli Hərəkatı müstəqil mübarizəsi ilə özünü beynəlxalq səviyyədə təsdiqləyəcək və azadlıq uğrunda qələbəsini məhz öz gücü ilə gerçəkləşdirəcəkdir. Yaşasın Azərbaycan! Yaşasın millətimiz! Gümey Azərbaycan Milli Dövlətçilik Şurası (MDŞ) Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Güney Azərbaycan Öyrənci Birliyi

İranda etirazçılar prokuroru diri-diri yandırdı

İranın İsfahan şəhərində dünən gecə keçirilən nümayişlər zamanı prokuror öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.  Qeyd olunub ki, Esfarayenin Dövlət Prokuroru Əli Əkbər Hüseynzadə iğtişaşçılar tərəfindən yandırılan binada yanaraq ölüb.  Şimali Xorasan Prokurorluğunun açıqlamasına görə, etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olub, buna görə də prokuror və onu müşayiət edən polis əməkdaşları yanğında həlak olublar. Prokurorluq məsələ ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.

Kürd təşkilatları aktivləşdi: Azərbaycana qarşı torpaq iddiası

Kürd təşkilatlarının İranda baş verən etiraz aksiyaları fonunda tətil aksiyasına çağırışlarında yenidən Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının yaydığı bəyanatda əks olunub. Partiya çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə verib.

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı

Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyaları başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar yayıblar. Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlərin baş tutduğu bildirilir. Mitinqlərdə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir. Xüsusən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində mitinqin gözləniləndən daha güclü və izdihamlı keçirildiy bildirilir. Mitinqlər keçirilən şəhərlərdə hökumət qüvvələri aksiya iştirakçılarına hücum edib, atəş açıb və həbslər həyata keçirsə də, hələlik yaralananlar və saxlanılanların kimliyi və sayını müəyyənləşdirmək mümkün olmayıb.

İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir

Etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. Sozcu.az xəbər verir ki, bu haqda "İran İnternational" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qeuplaşmalarının 800 üzvü İrana keçib. "Bu qüvvələrin köçürülməsi prosesi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir və rəsmi olaraq Məşhəddəki İmam Rzanın məzarının ziyarətçiləri kimi kimi qələmə verilir. Ancaq bu qüvvələr Əhvazdakı Xamenei bazasında toplanır və sonra etirazların yatırılmasında iştirak etmək üçün müxtəlif bölgələrə göndərilir",- məlumatda qeyd olunub.

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirildi

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirilib. Sozcu.az xəbər verir ki, İlam əyalətinin Abdanan şəhərində hiddətlənmiş xalq kütlələri hökumət qüvvələrini qovub meydanlardan çıxarıb və hökumət binalarına girməyi bacarıb. Qeyd edək ki, dolların kəskin bahalaşması və inflyasiya səbəbindən İranda kütləvi etirazlar onlarla şəhəri əhatə edib.