İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ

Yanvarın 18-dən İran həbsxanasından azad edilən azərbaycanlı tələbə Fərid Səfərli Almaniyaya gedib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, Fərid Səfərli karyerasını davam etdirməsi üçün yenidən Almaniyaya qayıdıb: “Fərid iş fəaliyyətinə başlamadan öncə Bakıda TƏBİB-in həkimləri tərəfindən müayinə olundu, ona orta ağır dərəcəli depressiya diaqnozu qoyuldu. Hazırda müalicəsi davam edir. Eyni zamanda, o data analizi mütəxəssisi kimi işini davam etdirəcək”. O ki qaldı Fəridin təhsilinin davam etdirib-etdirməyəcəyinə, yaxınları yaxın vaxtlar üçün belə bir qərarın verilmədiyini deyiblər. Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib. Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

İranda polis zabiti öldürüldü

Dünən gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində polis zabiti güllələnərək öldürülüb. Sozcu.az xəbər verir ki, bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı

İran Prezidenti Məsud Pezeşkianın X hesabında Şəhriyarın “Heydərbabaya salam” poemasından bir bənd paylaşması etirazla qarşılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial mediada məlumatlar yayılıb. "Fəcr Film Festivalı təşkilatçıları və sənətçilərlə görüşümdə Şəhriiyarın ”Heydərbabaya salam” poemasından “Heydərbaba, göylər bütün dumandı, Günlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın amandı!” bəndini oxudum. Bununla demək istədim ki, bu gün daha çox birliyə ehtiyacımız var və aramızda dağınıqlıq yaradılmasına icazə verməməliyik", - Pezeşkian yazıb. Azərbaycanlı sosial media fəalları Pezeşkianı seçkiqabağı Azərbaycan dili ilə bağlı verdiyi vədləri ört-basdır etməkdə günahlandırıblar: "Cənab Pezeşkian! Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq bu, heç bir dərdə dərman deyil Yaxşı olardı ki, Konstitusiyanın 15-ci maddəsinin icrası və Urmiya gölünün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirəsiniz".

Azərbaycanlı arvadını, qızını və oğlunu öldürüb, intihar etdi

Şərqi Azərbaycan əyalətinin Binab rayonunda iki fərqli yerdə baş verən ailə münaqişəsi zəminində 5 nəfər öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, Binab şəhərində 40 yaşlı ailə başçısı həyat yoldaşını, 15 yaşlı qızını və 11 yaşlı oğlunu qətlə yetirdikdən sonra inthar edib. Bununla eyni vaxtda Binabın başqa bölgəsində 33 yaşlı şəxs ov tüfəngindən atəş açaraq 35 yaşlı qardaşını öldürüb. Hər iki hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib.

Urmiyada farslar əleyhinə şüarlar səsləndirildi

Güney Azərbaycanın Urmiya şəhərindəki “Durnalar Yuvası” idman kompleksində milli şüarlar səsləndirilib. Sozcu.az xəbər verir ki, “Urmu” voleybol klubu öz meydanında “Sircan Fulad” komandasını qəbul edib. Azarkeşlər tribunalarda “Təbriz, Bakı, Ankara - Biz hara, farslar hara!” şüarları səsləndiriblər.

Urmunun yeni meri seçildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinə yeni meri seçilib. Bu barədə yerli media məlumat yayıb. Məlumata görə, Aydın Rəhmani Rzaiyyə, Şəhər Şurasının keçirilən açıq iclasında səsvermə yolu ilə yeni vəzifəyə təyin olunub. Məlumata görə, səsvermə zamanı 10 səs onun lehinə, 1 səs isə tərəfsiz olub. Onun rəqibi Rza Cavankiya səsvermədən öncə namizədliyini geri götürüb. Yeni mer bundan əvvəl Qərbi Azərbaycan valiliyinində müavin, yol və nəqliyyatı nazirinin müavini və Qərbi Azərbaycan Qılıncoynatma Heyətinin rəhbəri vəzifələrində çalışıb. Qeyd edək ki, Urmunun miliyyətcə kürd olan meri Hüseyn Mehdizadə yanvarın 21-də istefa məktubunu Şəhər Şurasına göndərmişdi.

Repressiyalara hazırlıq: məşhur həbsxana boşaldılır

Son bir neçə gün ərzində Kərəc şəhərində yerləşən məşhur Qızılhisar həbsxanasının 4-cü bölməsinin 970 məhbusu başqa bölmələrə köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları fəalları həbsxana daxilindəki mənbələrə istinadən məlumat yayıb. Bildrilib ki, boşaldılan bölmənin məhbuslarının şəxsi əşyalarını götürmələrinə icazə verilməyib və əsasən narkotik, oğurluq və başqa bu kimi qeyri-siyasi cinayətlərə görə həbs olunan məhkumların saxlanıldığı 4-cü bölmə Kərəc Mərkəzi Həbsxanasının ixtiyarına verilib. Yüzlərlə məhbusun köçürülməsi başqa bölmələrdə sıxlıq yaranmasına və çox sayda məhkumun döşəmələrdə yatmağa məcbur qalmasına səbəb olub. Məlumata görə, həbsxananın 21-ci bölməsində saxlanılan siyasi məhbusların da başqa yerlərə köçürülməsinə hazırlıq gedir. İnsan haqları fəalları bunun qarşıda ehtimal olunan etiraz aksiyaları ilə bağlı olduğunu, boşaldılan bölmələrə gözlənilən etiraz aksiyalarında saxlanılan yeni məhbusların gətirilməsi üçün hazırlıq getdiyini bildirirlər. Qeyd edək ki, bundan əvvəl 2022-ci lin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı da bir neçə həbsxanada, o cümlədən Qızılhisar həbsxanasında oxşar köçürmələr olub və qısa müddət sonra boşaldılan bölmələrə minlərlə yeni məhbus yerləşdirilib.

10 azərbaycanlı ağır həbs cəzası aldı

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 10 azərbaycanlı mədəni fəalın apellyasiya şikayətini rədd edərək, ilkin məhkəmə instansiyasının verdiyi ağır həbs cəzasını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Azərbaycanlı fəallar “casusluq”da, “milli təhlükəsizliyə qarşı fəaliyyət”də, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham olunurlar. Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14, Araz Aman Zərrinabad 13, Bağır Hacızadə Məzrəə 13, Kərəm Mərdanə Məstəlibəyli 11, Tahir Nəqəvi 6, Salar Tahir Əfşav 5, Mürtəza Pərvin Cuda 6, Həsən İbrahimi 3, Səid Minayi Qışlaq 5 və Fatimə Atəş Xiyavinəsəb 5 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayında Güney Azərbaycanın müxtəlif şəhərlərində saxlanılaraq Evin həbsxanasına köçürülüblər. Onlardan bir neçəsi dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, əksəriyyəti həbsdə saxlanılıb.

Məhbus fəalın həyatı təhlükədədir

Təbriz həbsxanasında saxlanılan ictimai fəal Yaşar Təbrizi işgəncəyə məruz qalıb və səhhətində ciddi problemlər yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. “Yaşar 33 gün xəbərsizlikdən sonra dekabrn 22-də qısa telefon əlaqəsi saxlayaraq həbsxanada fiziki və psixi işgəncələrə məruz qaldığını bildirib”, - məlumatda deyilir. Onun yaxınlarının həbsxanadakı mənbələrə istinadən bildirdiyinə görə, ictimai fəal işgəncəyə məruz qalmasına etiraz olaraq quru aclıq aksiyası keçirib. Günlərlə aclıq edən Yaşar huşunu itirdikdən sonra həbsxananın tibb məntəqəsinə köçürülüb. Azərbaycanlı fəalın ailəsi bildirib ki, onun həyatına görə Təbriz həbsxanasının rəhbərliyi və İran məhkəmə sistemi məsuliyyət daşıyır. Noyabrın 12-də təhlükəsizlik məmurları məhkəmə hökmü olmadan təbrizli fəalın evinə basqın edib, axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə edilər. Qeyd edək ki, son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb. O, “milli təhlükəsizliyə zərbə vurmaq” və “xarici ölkələrlə əlaqə qurmaq”da günahlandırılır.

Həmədanlı fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır

Həmədan əyalətinin Kəbudərahəng şəhərindən olan azərbaycanlı sosial media fəalı Mürtəza Xaki Həmədan həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Bu barədə insan haqları təşkilatları Xakinin ailəsinə istinadən məlumat yayıb. "25 gün əvvəl həbs edilən Mürtəza Xakinin 1 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılması barədə qərar verilməsinə və ailəsinin bu məbləği təmin etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə onun sərbəst buraxılmasına maneçilik törədilir",- mlumatda bildirilib. Mürtəza Xaki noyabrın 25-də Həmədan əyalətinin Kəbudərahəng şəhərinin təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra saxlanılıb və 3 gün sonra Həmədan şəhərinin həbsxanasına köçürülüb. O, "islam inqilabının banisi və müqəddəsləri təhqir etmək"də günahlandırılıb. Qeyd edək ki, Mürtəza Xaki həbs olunmadan əvvəl sosial mediadakı paylaşımlarına görə təzyiqlərlə üzləşib və İran Ali Məhkəməsi sentyabr ayından onun telefon nömrəsi və bank hesabının bağlanması barədə qərar çıxarıb. GünazTV

Soyuq hava İranı iflic etdi: 18 əyalətdə tətil elan edildi

Havaların kəskin soyuması və enerji çatışmazlığı səbəbindən İranın 18 əyalətində məktəblər, universitetlər və bir sıra dövlət idarələrində tətil elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bununla yanaşı, enerjiyə qənaət etmək üçün bir neçə əyalətdə də dövlət idarələrinin iş rejimi dəyişdirilib, iş saatları azaldılıb. Tətil elan edilən əyalətlər arasında Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan və Qəzvin əyalətləri də var.

Həbsxana məni susdura bilməyəcək - Nərgiz Məhəmmədi

Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, həbsxananın məni susdurmasına imkan verməyəcəyəm. Sozcu.az xəbər verir ki, bunu tibbi məzuniyyətdə olan Nobel Sülh Mükafatı laureatı və siyasi məhbus Nərgiz Məhəmmədi deyib. O, Nobel Komitəsinə verdiyi ilk müsahibədə bildirib ki, insan hüquqlarını və qadın hüquqlarını müdafiə etmək cinayət deyil. “Qadın hüquqlarına, insan hüquqlarına və azadlığına sadiqlik heç bir həbsxana divarı ilə məhdudlaşdırıla bilməz. Tehran rejimi məni susdura bilsə də, bu heç nəyi dəyişməyəcək. Ona görə ki, İran xalqı artıq üsyan edib”, - Məhəmmədi bildirib.