Tehran əyalətinin İslamşəhr şəhərində yaşayan və mayın 25-dən yoxa çıxan azərbaycanlı sosial media fəalı İlahə Hüseynnejadın meyiti tapılıb.
Sozcu.az xəbər verir ki, bununla bağlı Tehran əyalətinin polis idarəsi məlumat yayıb.
Məlumata görə, sinəsində iki bıçaq yarası olan 24 yaşlı gəncin meyiti Tehran ətrafında aşkar edilib.
Polis İlahə Hüseynnejadın qətlə yetirildiyini və şübhəlinin saxlanıldığını bildirib.
Saxlanılan şəxs gəncin telefonunu oğurlamaq üçün onu idarə etdiyi taksi ilə şəhərdən qıraq yerə apardığını etiraf edib.
Polisin məlumatı yerli sosial media platformalarında narazılıqla qarşılaşıb, qətlin səbəbinin ört-basdır edildiyi bildirilib. Onlar İlahə Hüseynnejadın bundan əvvəlki etiraz aksiyalarında fəal olduğuna diqqət çəkib, onun qadın hüquqlarının pozulması ilə bağlı sosial mediadakı tənqidi yazılarına görə öldürüldüyünü deyiblər.
Qeyd edək ki, İlahə Hüseynnejad ailəsi ilə birgə İslamşəhrdə yaşasa da, əslən Şərqi Azərbaycanın Sərab şəhərindəndir.