Güneydə etiraz aksiyalarına çağırış edildi

Bir sıra Güney Azərbaycan təşkilatları Urmiya gölünün bərpa edilməməsi, gölün qurudulmasına etiraz aksiyasına çağırış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən təşkilatların birgə bəyanatında bildirilib. Aksiya ilə bağlı yayılan elanda avqustun 27-i, yerli vaxtla saat 17:00-da hər kəsin Təbriz, Tehran, Kərəc, Urmiya, Ərdəbil və Zəncan şəhərlərinin mərkəzi meydanlarına toplaşması istənilib.

Azad olunan güneyli jurnalist bir gün sonra yenidən həbs olundu

Güneyli jurnalist Nazilə Mərufian müvəqqəti olaraq sərbəst buraxıldıqdan bir gün sonra yenidən həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun anası məlumat yayıb. Anasının sözlərinə görə, jurnalist girov qarşılığında müvəqqəti sərbəst buraxıldıqdan bir gün sonra, avqustun 14-də mobil telefonunu götürmək üçün polis bölməsinə getdiyi zaman həbs edilib: "O, polis bölməsində ağır şəkildə döyüldü, etiraz etdikdə məni də Nazilə ilə birlikdə təcridxanaya saldılar. Bir neçə saat sonra məni sərbəst buraxdılar, Naziləni isə Qərçək həbsxanasına köçürdülər". N.Mərufian bu ilin yanvar ayında "ictimai rəyi çaşdırmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq və yalan məlumatlar yaymaq" ittihamına görə iki il azadlıqdan məhrum edilmişdi. Bir müddət öncə səhhətində problem yaranan jurnalist tibb mərkəzinə yerləşdirilmişdi.

Millət vəkili Urmu gölü ilə bağlı xəbərdarlıq etdi

Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir ekoloji fəlakətlə bağlı növbəti dəfə xəbərdarlıq edib. O, mediaya müsahibəsində bu barədə bildirib. "Həm dövlət,  həm xalq Urmiya gölünün qurumasından qorxmalıdır. Gölün quruması nəticəsində duz qasırğaları paytaxtı da təsiri altına alacaq. Minlərlə hektar əkin və bağ sahəsi məhv olacaq, dəri , tənəffüs xəstəlikləri tuğyan edəcək",- Salman Zakir vurğulayıb. Qeyd edək ki, Urmu gölünün sahəsi ötən illə müqayisədə 1139,96 kvadrat kilometr azalaraq, 938,10 kvadrat kilometrə çatıb.  Bu, uzunmüddətli orta göstəricidən 3729,58 kvadrat kilometr azdır.  Göldə suyun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,41 milyard kubmetr, uzunmüddətli dövrdə isə 15.70 milyard kubmetr azalıb.

İranın Azərbaycandakı səfirliyi məhkəmə verildi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Sozcu.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti edib. Hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq işin mahiyyəti torpaq mübahisələridir.pravda)

Güneydəki 3 min illik abidə yox olmaq üzrədir

Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qırxqızlar kəndindəki 3 min illik daş kitabə yox olmaq üzrədir. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları və sənətçilər paylaşım ediblər. Yerli mədəniyyət xadimləri Mədəni İrs Təşkilatının qeyd olunan tarixi əsərlərin qorunması üçün tədbirlər görmədiyi üçün onların məhv olmaq üzrə olduqlarını yazıblar. Qeyd edək ki, Qırxqızlar kəndinin Qarakuh dərəsində 5,4 metr uzunluğunda qaya üzərində 12 sətirdən ibarət yazılar həkk olunub. Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır və burada Girdo, Gito Hani, Tovaişdo torpaqlarının tutulmasından bəhs edilir. Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.

İranda etiraz edən müəllimlər işdən qovuldu

İranda Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri Lida İsmaili və Əlirza Himməti işdən qovulublar. Sozcu.az xəbər verir ki, bu barədə Təhsil İşçiləri Həmkarlar İttifaqı məlumat yayıb. Hər iki müəllimin Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına dair işlər üzrə apellyasiya şurasının qərarı ilə cəzalandırıldığı bildirilib. Onlar müəllimlərin hüquqlarını təmini ilə bağlı fəaliyyətləri, etiraz aksiyasında həbs edilən müəllim və tələbələrin azadlığını tələb etdikləri üçün işdən qovulublar. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən, tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Müəllimlərin bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Hizbullah rəhbəri güneyliləri təhdid etdi

Hizbullahın rəhbəri Həsən Nəsrullah Güney Azərbaycana salam göndərərək deyib ki, onlar Xameneinin əmrindən çıxmasınlar. Onun Güney Azərbaycana mesajını təhdid kimi dəyərləndirmək olar. Bu sözləri Axar.az-a Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Hizbullah rəhbərinin Ərdəbilin cümə imamı Həsən Amili vasitəsi ilə güneylilərə göndərdiyi mesajı şərh edərkən deyib. Onun sözlərinə görə, bu, adi mesajdan daha çox təhdiddir və terror qrupunun rəhbəri bununla rejimin yanında olduqlarını göstərmək istəyir: “Ərdəbilin cümə imamı Həsən Amili özü Livan əsillidir. Livanın Cəbəl-Amil bölgəsindədir. Azərbaycana sonradan gəliblər. Eyni kökdən olan iki insan görüşüb, Azərbaycanı müzakirə ediblər. Heç vaxt Güney Azərbaycanın hüququndan, dil haqlarından, iqtisadi və siyasi ayrı-seçkiliyindən danışmayan bir adamın güneylilərə çatdırdığı sözlər başqa cür də anlaşıla bilməz”. Cavadi bildriib ki, rejimə bağlılığı ilə seçilən Hizbullah təşkilatı azərbaycanlılara qarşı əsl simasını dəfələrlə göstərib: “Nəsrullahın və İrana bağlı olan digər terror qruplarının Azərbaycana qarşı siyasətlərini və əməllərini uzun illərdən bəridir ki, görmüşük. Bunlar Qarabağ müharibəsində açıq şəkildə Ermənistanı dəstəkləyiblər. İranda və Güney Azərbaycanda keçirilən xalq etirazlarının yatırılmasında rejimin yanında olublar. Onlara dəstək veriblər”. Sözçü hesab edir ki, mesajın indiki məqamda göndərilməsi rejimin və onun ətrafının Azərbaycanla bağlı baş verən hadisələrə reaksiyasıdır: “İranda Azərbaycan məsələsi çox aktualdır. Güney Azərbaycanla yanaşı, Quzeylə münasibətlərdə gərginlik yaşanır. Urmiya gölü ilə bağlı xalqın gündən-günə artan narazılığı və oyanışı rejim tərəfdarlarını narahat edir. İndiki vəziyyətdə bu, sadəcə, xəbərdarlıqdır. Lakin yaxın zamanlarda İranda qarışıqlıq düşsə, Azərbaycan türklərinə qarşı terror əməllərinə əl atacaqları istisna olunmur. Çünki Güney azərbaycanlıların İranda əsas təsir qüvvələrindən biri olduğunu anlayırlar. Belə təhdidlər Güney Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan türklərinin Nəsrullah kimilərin sözünə məhəl qoyacaqlarını düşünmürəm. Onlar milli mücadilələrini belə boş sözlərə fikir vermədən davam etdirəcəklər. Bizim millətin üzərində bu mesajın təsir gücü yoxdur. Sadəcə, düşmənlərimizi daha yaxşı tanımış oluruq”.

İran güneyli fəalı həbs etdi

Şərqi Azərbaycan əyalətinin Binab mahalından olan milli-mədəni fəal Səid Minayi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirlib. Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib. Qeyd edək ki, Səid Minayi bundan öncə Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

SEPAH milli təhlükəsizliyə ən böyük təhdiddir - London

İran İnqilab Keşikçiləri Korpusu Britaniyanın milli təhlükəsizliyinə ən böyük təhdiddir. Sozcu.az xəbər verir ki, bunu Britaniya daxili işlər naziri Suella Braverman deyib. O, həmçinin, SEPAH-ın Böyük Britaniyada fəaliyyətinin mümkün artımından, ölkədə İran hökumətinə müxalifləri hədəfə almaq üçün iranlı casuslar tərəfindən mütəşəkkil cinayətkar dəstələrin cəlb edilməsi ilə bağlı kəşfiyyat hesabatlarından narahat olduğunu bildirib.

Urmu gölü ilə bağlı aksiyalar davam edir

Güney Azərbaycanın müxtəlif bölgələrindən olan fəallar diqqəti qurumaqda olan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün maraqlı aksiya keçiriblər. Avqustun 5-də Ərdəbil əyalətinin Muğan (Parsabad) bölgəsindən olan bir qrup alpinist və ekofəal Savalan zirvəsinə qalxıblar. Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan dağçılar üzərinə  "Save Urmia Lake!" (Urmu gölünü xilas edin!) yazılan plakat nümayiş etdirərək , sosial mediada paylaşıblar. Bununla yanaşı,  Urmu gölünün qurumuş yatağında da aksiya keçirilib. Orada da gölün acınacaqlı durumunu əks etdirən plakatlar qaldırılıb. Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.  Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub. Ən dərin nöqtəsi  16 m, orta dərinliyi isə 5 m təşkil edib.

İranda həbs olunan azərbaycanlının anası: "Oğluma qarşı irəli sürülən ittihamın dəyişdirilməsinin ciddi fərqi yoxdur"

"İran məhkəməsində oğlum Fərid Səfərliyə qarşı hakimlər tərəfindən təzyiqlər artıb. Ona qarşı ittihamın dəyişdirilməsinin ciddi fərqi yoxdur". Bunu "Report"a açıqlamasında İranda həbs olunan Azərbaycan vətəndaşı F.Səfərlinin anası Dilarə Əskərova bildirib. Ötən gün övladı ilə telefonla danışdığını xatırladan D.Əskərova onun vəziyyətinin olduqca pis olduğunu və məhkəmənin verəcəyi qərarla bağlı narahatlıq keçirdiyini söyləyib. İndiyə qədər F.Səfərlinin hər zaman çox sakit danışdığını deyən anası övladı ilə telefon danışığı zamanı onda həddindən artıq gərginlik hiss etdiyini bildirib. D.Əskərova bunun səbəbini məhkəmələrdə F.Səfərliyə qarşı artan təzyiqlərlə əlaqələndirib. O, həmçinin övladının qonşu ölkədə qanuni tələblərinə məhəl qoyulmadığını və vəkillə təmin olunmadığını bildirib. D.Əskərova bildirib ki, oğlu farsca dindirilir: "Hakimlər ona təzyiqlər göstərir və olmayanları etiraf edəcəyi təqdirdə cəzasının yüngülləşəcəyini deyirlər". Övladının tərcüməçi ilə təmin olunmamasının səbəbinə aydınlıq gətirən D.Əskərova deyib ki, F.Səfərli müəyyən qədər fars dilini bilir: "İran tərəfi də bildirir ki, sən farsca bilirsənsə, tərcüməçiyə ehtiyacın yoxdur. Düzdür, Fərid fars dilini məişət səviyyəsində bilirdi, hazırda məhkumlarla danışa-danışa bir qədər də öyrənib. Lakin bu, o demək deyil ki, Fərid hüquqi terminləri də bilir və məhkəmədə özünü tam mənası ilə ifadə edə bilər". D.Əskərova vurğulayıb ki, Fəridə qarşı irəli sürülmüş “casusluq” ittihamının “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunmasının da əslində ciddi fərqi yoxdur: "Çünki hər iki ittiham aktının cəzası ağır ola bilər. Hesab etmirəm ki, yüngülləşdirici hər hansı bir qərar verilə bilər. Ona görə olduqca narahatıq. Fəridə avqustun 3-nə qədər son söz üçün vaxt verilib. Bundan sonra nə olacağını isə bilmirik". Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü Fərid Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra Fərid Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb. İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

İranda həbs edilən Fəridə son söz üçün vaxt verilib

“İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə məhkəmədə son söz demək üçün vaxt verilib”. Bunu Oxu.Az-a açıqlamasında onun anası Dilarə Əsgərova bildirib. Onun sözlərinə görə, heç bir sübut olmadan oğlu məhkəmədə təzyiqə məruz qalır: “Hakimdən sübutun gətirilməsini də tələb etdik, heç nə təqdim edilmir. Oğlumun saxlanma şəraitindən elə də narazılığı yoxdur. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fəridə son söz üçün avqustun 3-ə kimi vaxt verilib. Məhkəmənin də avqustun 3 və ya 4-də olması planlaşdırılır”. O bildirib ki, oğluna görə Xarici İşlər Nazirliyi tərəfindən onunla heç bir əlaqə saxlanılmır.  Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da onunla bağlı bu ölkəyə nota verib.