Azərbaycan şəhərində 20 dərəcə şaxta qeydə alındı

Son 24 saat ərzində Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhəri 20 dərəcə şaxta ilə İranın ən soyuq şəhəri olub. Sozcu.az xəbər verir ki, bu barədə əyalətin Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. Əyalətin Sarab şəhəri isə 15 dərəcə şaxta ilə ölkə üzrə ikinci ən soyuq şəhər olub. Təbrizdə 8 dərəcə şaxta qeydə alınıb.

Azərbaycanın 3 əyalətində qar və çovğun gözlənilir

Yanvarın 26 və 27-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində güclü qar yağacaq, çovğun olacaq. Sozcu.az xəbər verir ki, bu barədə İran Meteorologiya Təşkilatı məlumat yayıb. Hazırda adıçəkilən əyalətlərin əksər bölgələrində nəqliyyatın hərəkəti çətinləşib, məktəblər tətilə buraxılıb. Bununla yanaşı, İranın başqa 7 əyalətində də havanın kəskin dəyişəcəyi proqnozlaşdırılıb.

Təbrizdə satıcılarla polis arasında qarşıdurma: yaralılar var

Bu gün Təbrizdə səyyar satıcılarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar. Bildirilib ki, səyyar satıcılar onların mallarını müsadirə edən bələdiyyə məmurlarının özbaşınalığına etiraz ediblər. Bələdiyyə işçilərinin çağırdığı polis qüvvələri satıcılara qarşı zor tətbiq edib. Bir neçə satıcının yaralandığı, bir neçəsinin isə polis məntəqələrinə aparıldığı vurğulanıb.

İranda polis bölməsinə hücum edildi: ölən var

Yanvarın 9-dan 10-a keçən gecə Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin yaxınlığında yerləşən Bideld polis bölməsinə silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, avtomat silahlar və minaatandan edilən hücum nəticəsində Əmirhüseyn Hüseynabadi adlı polis öldürülüb. Hücumun kimlər tərəfindən edildiyi və təfərrüat barədə məlumat verilməyib.

İrandan qayıtmaq istəyən tələbə şərlənib HƏBS OLUNDU

İranda dini təhsil alan Səfərov Davud Səfər oğlu İranda qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb və nəzarət buraxılış məntəqəsindən buraxılmayıb. Davud Səfərov İranda qalmağa məcbur edilir və ona terrorçu “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilir. Sozcu.az xəbər verir ki, etibarlı mənbələrdən Musavat.com-a daxil olan məlumata görə, 2021-ci ildən İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan Səfərov Davud Səfər oğlu təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmadığı bəhanəsi altında saxlanıb və sərhəd buraxılış məntəqəsindən buraxılmayıb. Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də tələbələrin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməmiş və Azərbaycana qayıtmaq niyyətində olub. Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınmış və azadlığı məhdudlaşdırılıb. Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və KİV-lər üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

İranda həbs edilən Fəridin anasından xahişi…

Fərid bayramda zəng etmişdi. Yeni ilimi təbrik etdi. Dedim ki, mənim bayramım sən gələndə olacaq. Xahiş etdi ki, bacısının xətri üçün bayramı keçirdim. Bu sözləri Axar.az-a İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. D.Əsgərova bildirib ki, Fərid onunla türmədə görüşmək istəmir: “İrana gedib, oğlumla görüşmək üçün SEPAH-dan icazə almaq lazımdır. Oğlum bunu istəmir. Vəziyyətinin yaxşı olduğunu deyir”. Onun sözlərinə görə, oğlu istədiyi kitabla təmin edilmir: “Yalnız fars dilində kitablar oxumaga icazə verirlər. Onları da yaxsı başa düşmür. İngilis, alman dilində kitablara isə qadağa qoyublar”. Qeyd edək ki, F.Səfərli ötən il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb. İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib.

Güneyl aktivistə qarşı yeni iş açılıb

“Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsinin” 25 dekabrda yaydığı xəbərə görə, güneyli aktivist bu barədə İnstaqram hesabında bildirib.  Təhlükəsizlik İdarəsi elektron sistem vasitəsi ilə mesaj göndərməklə, ona qarşı “İslam Respublikası sisteminin əleyhinə təbliğat” ittihamını irəli sürüb.  Həmçinin, itihamla əlaqədar açılmış iş barədə təhqiqatın Baharistan şəhəri Ümumi və “İnqilab” Prokurorluğunda aparılacağı bildirilib. Əlirza Fərşi ittiham barədə məlumat üçün İdarə ilə 5 dəqiqə ərzində 6 dəfə əlaqə saxladığını, lakin cavab verilmədiyini deyib. Qeyd edək ki, bundan əvvəl Ana Dili Günü münasibəti ilə uşaqlara Azərbaycan dilində kitab paylama və sair fəaliyyətlərinə görə aktivistə 4 il həbs verilmişdi. O, Tehran şəhəri Evin Həbsxanasında 3 il 3 ay həbsdə qaldıqdan sonra cari ilin fevral ayında sərbəst buraxılıb. 

Güneyli Nobel mükafatçısı məhkəməyə getməkdən imtina etdi

Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus və Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi bu gün keçirilməsi planlaşdırılan məhkəməyə getməkdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə onun adına olan sosial media kanalı məlumat yayıb. "İnqilab Məhkəməsi ölkənin gənclərinin qətliamı barədə qərarlar çıxardığı, məhkəmə hakimləri isə təhlükəsizlik mərkəzlərinin və hakimiyyətin sifarişlərini yerinə yetirdikləri üçün etibarsızdırlar", - məlumatda qeyd olunub. Qeyd edək ki, bu, hüquq müdafiəçisinin həbsxanadakı fəaliyyətləri ilə əlaqədar ona qarşı əlavə cinayət işlərinə görə keçirilən üçüncü məhkəmədir. Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Sozcu.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib. Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir. Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib.

İranda edamların sayı: Rekord göstərici...

2023-cü ilin 11 ayı ərzində İranın müxtəlif şəhərlərində 707 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, İsrail-HƏMAS arasında müharibə başlayandan sonra İranda edam edilənlərin sayı daha da artıb. Təkcə 54 gün ərzində 176 məhbusun edam hökmü həyata keçirilib. Məlumata görə, cari ilin 11 ayı ərzində icra edilən edamlar son 8 ilin rəqəmləri ilə müqayisədə rekord kimi qeydə alınıb. Bununla bağlı Avropa Birliyi (AB) bəyanat yayaraq, İran hökumətinin əməlini “dəhşətli və qeyri-insani davranış” adlandırıb, bu ölkədən edamları dayandırmağı tələb edib. AB-nin bəyanatında etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam edilənlərin bir neçəsinin adları çəkilib, Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilib.

Azərbaycanlılar təzyiq altındadır - AP nümayəndələri

Avropa Parlamentinin nümayəndələri bu qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə məktub ünvanlayıb. Sozcu.az xəbər verir ki, məktubu AP-nin 9 nümayəndəsi imzalayıb. Məktub müəllifləri İranda 30 milyon azərbaycanlının yaşadığını, İran hakimiyyətinin onlara qarşı assimilyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını qeyd edib. Nümayəndələr azərbaycanlıların milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar. Müxtəlif ölkələrdən olan AP nümayəndələri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını da yazıblar. Nümayəndələr, həmçinin, azərbaycanlıların ətraf mühit məsələlərində ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Bayden İranı Nobel sülh mükafatı almış Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb. Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib. “İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram”, - Amerika liderinin yazılı açıqlamasında deyilir. Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir. Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb. 2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb. Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı. Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib. Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.