İranda daha bir media orqanı bağlandı

İranın məşhur "İntihab" xəbər saytının fəaliyyətinə qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb. Bildirilib ki, sayt İranın xarici siyasətinin zəifliyi, milli valyutanın dəyərdən düşməsi ilə bağlı material yaydıqdan sonra media haqqında qanunu pozmaq ittihamı ilə qapadılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl media barədə çıxış edib. O, mediaya nəzarətin gücləndirilməsini, vətəndaşlarda məyusluq və ümidsizlik aşılayan media orqanlarına qarşı tərdbirlər görülməsini tələb edib.

Güneyli fəal universitetdən qovuldu

Urmiya Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb. Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyi üçün cəzalandırıldığı bildirilib. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub. Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Azərbaycanlılar İsveçrədə aksiya keçirdi

Avqustun 29-da yerli vaxtla saat 17-dən 18:30-a kimi İsveçrənin Bern şəhərinin Kasino Platez meydanında aksiya keçirilib. Sozcu.az xəbər verir ki, aksiyada Arazın hər iki tayından olan azərbaycanlılar iştirak edib. Nümayiş Urmiya gölündə baş verən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə həyata keçirilib. Urmiya gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldıran aksiya iştirakçıları ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmiya gölü barədə məlumatlar verib və braşurlər paylayıblar.

Şərqi Azərbaycanda daşqın: bu şəhər iflic oldu

Avqustun 29-u gecə saatlarında Şərqi Azərbaycanın Əhər şəhəri və ətraf kəndlərində güclü yağışların səbəb olduğu sel fəsadlar törədib. Sozcu.az xəbər verir ki, bu barədə "Azərəncümən" məlumat yayıb. Bildirilib ki, Əhər şəhərinin tarixi bazarı, yollar və yüzlərlə ev sular altında qalıb, nəqliyyatın hərəkəti tamamilə dayanıb, çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Ətraf kəndlərdə də yolların dağıldığı, yüzlərlə kənd evinin ziyan gördüyü, altı kəndin ətraf aləmdən yamamilə təcrid olunduğu bildirilib.

Urmiyanın sarı maralları Kirmana aparılır

Urmiya gölünün quruması və ekosistemin dəyişməsindən sonra gölün adalarında yaşayan sarı maralların Kirmana aparılması prosesinə başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Kirman əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Mustafa Niktəb məlumat yayıb. O bildirib ki, Kirman indiyə kimi bu növün yaşayış yeri olmayıb: “Bu səbəbdən, əyalətdə sarı maralların yaşayış yerini müəyyən etmək üçün xüsusi araşdırmalar və işlər aparılır. Azərbaycan marallarının Kirmana köçürülməsi Urmiya gölündə baş verən dəyişikliklər, ekoloji problemlə bağlıdır”. Urmiyanın sarı marallarının Kirmana aparılması barədə açıqlama güneyli sosial media istifadəçiləri tərəfindən narahatlıqla qarşılanıb. Onlar bunun Urmiya gölünün bərpa edilməyəcəyinə dair mesaj olduğunu bildiriblər. Qeyd edək ki, bundan əvvəl Urmiya gölü hövzəsində, xüsusən Aşk və Kəbudan adalarında nadir maral növlərindən olan sarı maralın sayı minlərlə olub. Son illər ekoloji fəlakətin genişlənməsi, Urmiya gölünün suyunun quruması və ekosistemin dəyişməsi nəticəsində maralların sayı azalaraq 60-a çatıb.

Əhmədinejada qarşı sui-qəsd cəhdi edildi

İranın keçmiş prezidenti Mamhud Əhmədinejada qarşı sui-qəsd cəhdi edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Dolət-e Bahar” Teleqram kanalı məlumat yayıb. Əhmədinejadın ofisi hərbi və təhlükəsizlik orqanlarına ona qarşı edilən sui-qəsd barədə məktub göndərib və lazımi tədbirlərin görülməsini istəyib. Məktubun məzmununa görə, son günlər müşahidə edilən addımlar açıq şəkildə keçmiş prezidentə qarşı mütəşəkkil qaydada sui-qəsd cəhdindən xəbər verir.

Xüsusi təyinatlılar azərbaycanlılara hücum etdi

Avqustun 27-i axşam saatlarında Kərəcin Qohərdəşt və Urmiyanın İmam küçələrində təhlükəsizlik məmurları vətəndaşlara hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat və videolar yayıblar. Kərəcdə hələlik kimliyi müəyyən edilməyən iki nəfərin həbs edildiyi qeyd edilib. Bildirilir ki, Urmiya şəhərinin İmam küçəsində motosikletdə olan xüsusi təyinatlı qüvvələr vətəndaşları toplaşmağa qoymayıb, onların bölgədən uzaqlaşdırılmaları üçün zor tətbiq ediblər.

İranda dəhşətli xəstəlik: 2 nəfər öldü

İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub ki, onlardan 2-si həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir. Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı vətəndaşlara xəbərdarlıq edib. “Krım-Konqo qızdırması olduqca öldürücüdür və onun yayılma, yoluxdurma gücü digər xəstəliklərdən, hətta koronadan da yüksəkdir”, - o bildirib.

Güneyli idmançı həbs olundu

Güney azərbaycanlı boksçu Ümid Mustafazadə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, tanınmış boksçu avqustun 22-də Təbrizin Səhənd stadionunun qarşısında saxlanılıb. Təhlükəsizlik məmurları tərəfindən həbs edilən idmançının Təbriz həbsxanasına köçürüldüyü bildirilib. Onun nədə ittiham olunduğu barədə məlumat verilməyib. İdmançının Urmiya gölü aksiyaları ilə bağlı saxlanıldığı ehtimal olunur. Bundan öncə Ümid Mustafazadə Türkiyədə keçirilən beynəlxalq boks yarışında ekoloji problemə diqqət cəlb etmək üçün Urmiya gölünün fotosu olan bannerlə rinqə çıxmışdı.

Güney təşkilatları Urmu üçün niyə birləşmir?

Təşkilatların bir neçəsinə birlikdə çağırış etmək üçün müraciət etsək də, heç biri zaman və yer təyin etməyə hazır deyildi. Sadəcə, Urmu gölünün quruması ilə bağlı etiraz çağırışları səsləndirməklə yetinirdilər. Bu da bizi qane etmirdi. Bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Urmu gölünün qurumasına etiraz olaraq keçirilməsi planlaşdırılan aksiya haqqında danışarkən deyib. O, İstiqlal Partiyasının təşkil etdiyi aksiyanın digər Azərbaycan təşkilatları ilə eyni günə təyin edilməməsi məsələsinə aydınlıq gətirib: “Millət hara gedəcəyini bilməlidir. Təşkilatımız etiraz aksiyasının keçiriləcəyi yeri və tarixi müəyyən etdi. Bizdən altı gün sonra digər təşkilatlar da çağırış etdilər. Onlara əvvəlcədən xəbərdar etmişdik ki, gec-tez çağırış edəcəklər. Çünki ictimai rəy bunu tələb edir. Xalq küçələrdədir, etiraz edir. Bu etiraz təkcə sosial şəbəkələrdə paylaşım etmək, yaxud pankartlar asmaqla kifayətlənmir. Gərək, meydanlara çıxaq. Təklif edirlər ki, Avropada keçirək. Orda da olsun, amma bu məsələ küçələrdə, xalqın gücü ilə həll olunacaq. Odur ki, digər təşkilatların çağırışını dəstəkləyirik. Biz onlara da qoşulacağıq. Avqustun 24-də və 27-də meydanlarda olacağıq. Bu, bir günlə həll oluna bilən məsələ deyil”. Urmu gölünün xilasına nail olana kimi hər gün aksiya keçirilməli olduğunu deyən partiya sədri bildirib ki, bəzi qüvvələr onların işinə mane olur: “Rejimə təzyiq etməliyik. Bu, bir savaşdır. Digər təşkilatlar yaxşı olardı, bizdən bir ay sonraya təyin edəydilər. Ya da bizim təyin etdiyimiz tarixə qoşulub, birgə etiraz aksiyası keçirəydik. Lakin onlar birlik istəmir, irançı cərəyanlardır. Məqsədləri İran daxilində müəyyən hüquqlar əldə etməkdir. Lakin Urmu gölü ilə bağlı etiraz aksiyası keçirmək istəkləri xeyirli əməldir. Azərbaycan ruhlu təşkilat olmasalar da, biz Urmu gölünə görə onları dəstəkləyirik”. Qeyd edək ki, Urmu gölünün qurudulmasına etiraz olaraq bir sıra Azərbaycan təşkilatları avqustun 27-də, İstiqlal Partiyası isə avqustun 24-də Güney Azərbaycanın əksər şəhərlərində etiraz aksiyası keçirəcək.

İranda yeni növ narkotikdən istifadə kəskin artdı

İranda, xüsusən, yeniyetmələr və gənclər arasında yeni növ narkotik maddə olan “Keptaqon” həblərinin istifadəsi geniş yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Narkotiklərlə Mübarizə Polisinin keçmiş rəisi Məhəmməd Məsud Zahidian açıqlama verib. İrandan olan mənbələr bildiriblər ki, etiraz aksiyalarını yatırmaq üçün göndərilən məmurlara qəddarlaşmaları və daha da aqressivləşmələri üçün “Keptaqon” verilir.

İranlı millət vəkili türkləri təhqir etdi

İranın Sumee-Səra şəhərinin parlamentdəki nümayəndəsi Seyid Kazım Delxoş Əbatəri azərbaycanlıları təhqir edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Belə ki, o, insanlarla görüşü zamanı fars dilində telefonla danışarkən “Bunlar türklərdir, heç nə anlamırlar”, - deyərək, həyasızcasına Azərbaycan türklərini aşağılayıb.