Həmədandanlı şair həbs edilib

Güney Azərbaycanın Həmədan şəhərində yaşayan şair, yazıçı və ictimai fəal Əli Cahaniyan həbs olunub.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşı Firiştə Surini özləri ilə aparıblar.

Bir neçə saatdan sonra yazıçının xanımı sərbəst buraxılsa da, özü Həmədan şəhərinin təhlükəsizlik təcridxanasına salınıb.

Azərbaycanlı şairin evində axtarış aparılıb, ona məxsus şəxsi əşyalar, komputer, mobil telefon və b. müsadirə olunub.

Əli Cahaniyanın həbsi sosial mediada hakimiyyəti sərt tənqid edən video paylaşdıqdan sonra baş verib.

Şair, İranın HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qısasını alacağı barədəki bəyanatlarını tənqid edib:

"Həsən Nəsrullahlar, İsmayıl Haniyələr iranlı gənclərin saçının bir tükünə dəyməzlər, xalqın dərdi HƏMAS, Hizbullah, Livan, Qəzza, hicab və ərbəin mərasimləri deyil. Edamların sayını artırmaqla xalqı qorxudub susdura bilməyəcəksiniz. Siz İsmayıl Haniyənin qısasını almaq istəyirsiz, biz isə öldürdüyünüz gənclərimizin qısasını sizdən alacayıq".

Qeyd edək ki, azərbaycanlı şair bundan əvvəl də tənqidi yazıları və çıxşlarına görə, dəfələrlətəzyiqlərə məruz qalıb və həbs olunub.

O, 2023-cü ilin aprel ayında Əli Xaməneini tənqid etdiyinə görə təhlükəsizlik məmurları tərəfindən oğurlanmış, döyülmüş və bir neçə gündən sonra huşsuz vəziyyətdə şəhər ətrafına atılmışdı.

Share on Facebook