Azərbaycanlı millət vəkilinə həbs cəzası verildi

Təbrizin İran parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi iyulun 18-də hökumət işçiləri məhkəməsi tərəfindən çıxarılan qərara əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb. Məlumatda Əlirzabeyginin keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə rüşvət olaraq avtomobillər verməsini ifşa etdiyinə görə "yalan məlumatlar yaymaq"da ittiham edildiyi bildirilib. Qeyd edək ki, bir müddət əvvəl Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığını açıqlamışdı. Onun ifşaedici çıxışlarından sonra nazirin və himayəçilərinin bütün səylərinə baxmayaraq, İran parlamentinin deputatları nazirin impiçmentinə razılıq veridlər. Bununla da aprelin sonunda Rza Fatimi Əmini nazir vəzifəsindən istefa verməyə məcbur oldu. Bundan sonra təbrizli millət vəkilinə qarşı təzyiqlər başlayıb və onun parlamentdə çıxışlarına qadağa qoyulub.

Urmu gölündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə çatdı

İranın Şərif Universitetinin araşdırmalarının nəticələrinə görə, Urmu glündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə düşüb. Bu barədə İranın "Etimad" qəzeti məlumat dərc edib. Məlumatda İranın keçmiş Ekologiya naziri İsa Kələntəriyə istinadən bildirilib ki, İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra gölün bərpası ilə bağlı bütün təbliğatlara baxmayaraq, Urmu gölündə suyun səviyyəisi dahada azalaraq 700 milyon kubmetrə düşüb. "Bu gedişlə ilin sonuna kimi Urmiya gölündə su qalmayacaq və göl bataqlığa çevriləcək",- keçmiş nazir xəbərdarlıq edib. 

İranda tanınmış aktyor həbs edildi

İranın təhlükəsizlik məmurları tanınmış aktyor Məhəmməd Sadiqinin Tehrandakı evinə basqın edərək onu saxlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar. Məhəmməd Sadiqinin həbsi bir çox aktyor və sənətçinin etirazına səbəb olub. Onlar bəyanat yayaraq sənətçilərə qarşı yeni repressiya dalğasının başladığını bildiriblər. Qeyd edək ki, aktyor sosial mediada paylaşımlar edərək hökumətin vətəndaşların geyim tərzi və şəxsi həyatına müdaxiləsini, yeni cəza tədbirlərini pisləyib, insanları buna qarşı çıxmağa çağırıb.

Güneylilər çağırış etdi: Süleymani yox, Həşimov!

Güney azərbaycanlılar 2020-ci ilin 14 iyulunda Tovuz rayonu ərazisində Ermənistan təxribatının qarşısını almaq üçün keçirilən əməliyyatlar zamanı şəhid olan general Polad Həşimovun ildönümünü qeyd edirlər. Sozcu.az xəbər verir ki, bu barədə güneyli sosial media istifadəçiləri paylaşımlar ediblər. Onlar sosial media kanallarında Polad Həşimovun fotolarını paylaşır, onun həyatı və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, müdafiəsi uğrundakı döyüşləri ilə bağlı materiallar dərc edirlər. Azərbaycanlı sosial media istifadəçiləri Qasım Süleymaninin bölgədə İran hegomonluğunun və terorçu molla hakimiyyətinin güclənməsinə xidmət etdiyi halda, Polad Həşimovun ədalət və Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə apardığını vurğulayırlar. Sosial şəbəkə istifadəçiləri azərbaycanlı Polda Həşimov olduğu halda iranlı Qasım Süleymanini özünə ideal seçən azərbaycanlıları qınayırlar. Güneyli fəalların yazdıqlarına görə, Təbriz və Tehran şəhərlərində Polad Həşimovun anım mərasiminin keçirilməsi nəzərdə tutulsa, bununla bağlı yazılı müraciət olunsa da, hökumət imkan verməyib.

Güneyli fəal Mahmud Ocaqlıya ağır həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsi paytaxtın Evin həbsxanasında məhkumluq dövrünü yaşayan güneyli mədəni fəal Mahmud Ocaqlının 16 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Bununla yanaşı mədəni fəalın həbs müddətini başa çatdıqdan sonra onun iki il müddətinə ölkəni tərk etməsi, siyasi və ictimai qruplara üzv olması, sosial mediada fəaliyyət göstərməsi qadağan edilib. Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Ona qarşı "hökumətə qarşı təbliat" və "ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb. Qeyd edək ki, Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilib.

Urmu təcridxanasında məhkum öldürülüb

Urmu şəhərində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT)  təcridxanasında Peyman Gülvani adlı məhklum öldürülüb. Bu barədə onun ailəsi insan haqları müdafiəçilərinə danışıblar. Məlumatda bildirilir ki, təcridxanada işgəncə edilən 24 yaşlı məhkumun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb və bir neçə saat sonra ailəsinə onun ölüm xəbəri verilib. Ölmədən öncə Peyman Gilvanini xəstəxanada bir neçə dəqiqəliyinə görən ailəsi onun çarpayıya qandallandığını və bədənində müxtəlif işgəncə izləri və yaralar olduğunu bildirirlər. "Təhlükəsizlik məmurları məhkumun ailəsinə onun hündürlükdən yıxılaraq öldüyü barədə sənədə qol çəkmələri üçün təzyiq göstərirlər. Peyman Gilvaninin meyiti Urmiya morqunda saxlanılır və prokurorluq rəyində onun ölümünü şübhəli adlandırıb",- insan haqları müdafiəçilərinin verdiyi məlumatda qeyd edilib. Bir neçə gün öncə Urmunun təhlükəsizlik təcridxanasında Musa İsmaili adlı başqa bir məhkumda işgəncə altında öldürülmüşdü. Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər. Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib. “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.  Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər həbsxanasının "payına düşür".

Əhərdə milli fəalın məhkəməsi olub

Azərbaycan milli hərəkatının tanınmış fəalı Saleh Molla Abbasinin məhkəməsi olub. İyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib. Fəala qarşı "yalan məlumatlar yaymaq" ittihamı ilə bağlı məhkəmənin son qərarının yaxın günlərdə açıqlanacağı bildirilir. Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Təbrizdə milli fəalların məhkəməsi olub

Təbrizin Ümumi və İnqilab Məhləməsinin 15-ci bölməsində 5 milli fəalın məhkəməsi olub.  Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amaniyə qarşı "hökumət əleyhinə təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb. Keçirilən məhkəmə iclasında onlar birinci ittiham görə bəraət alıb və ikinci ittihama görə özlərini müdafiə ediblər. Fəalların barəsində çıxarılan qəti hökmün yaxın günlərdə onlara bildiriləcəyi deyilib. Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar. Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Təbrizdə içməli su çatışmazlığı yaşanır

İyunun 20-dən başlayaraq Təbrizin bir neçə məhəlləsində içməli suyun verilişi dayandırılıb və bu günə kimi problemin həlli ilə bağlı heç bir tədbir görülməyib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat yayan yerli media və sosial media fəalları əlaqədar qurumların qəzəbinə tuş gəliblər. Şərqi Azərbaycan əyalətinin Su və Kabalizasiya Şirkətinin başçısı Məhəmməd Xaninin problemlə bağlı verdiyi açıqlama təbrizlilərin etirazları ilə qarşılaşıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, şəhərin yüksək yerlərdə yerləşən məhəllələri və çox mərtəbəli binalara içməli su verilməsi ilə bağlı başçılıq etdiyi qurumun heç bir öhdəliyi yoxdur. "Yüksək yerlərdə yerləşən, habelə 9 mərtəbəli və daha çox mərtəbəsi olan binalara su verməyə borclu deyilik. Bu günə kimi etdiklərimizə görə isə bizə minnətdar olmalıdırlar",- Xani qeyd edib. O, bununla yanaşı Təbrizin əsas içməli su təminatçısı olan Nəhənd su bəndində suyun tükənmək üzrə olduğunu və 25 gündən sonra ciddi su qıtlığı yaşanacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb. Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır. Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Milli fəala ağır həbs cəzası verildi

Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb. Əslən Ərdəbildən olan və Tehranda yaşayan milli-mədəni fəal “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” və "hökumətə qarşı təbliğat" ittihamlarına görə 6 il azadlıqdan məhrum edilib. Eyni zamanda onun həbsdən sonra iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi və ictimai qurumlara üzv olmasına qadağa qoyulub. Ramin Əliniya Təzəkənd barəsində hökm verən Qazi Sələvati, milli fəalın "İnstagram"dakı "Gündəm" adlı səhifəsində mədəni və ictimai paylaşımları ona qarşı irəli sürülən ittihamların sübutu kimi təqdim edib. Qeyd edək ki, Ramin Əliniya 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

İranda daha 6 məhkum edam edildi

İranın Sircan, Kərəc, Kirman və Xurrəmabad şəhərlərinin həbsxanalarında 6 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Edam edilənlərin qətl və narkotik maddələrin alverində günahlandırıldığı bildirilib. Qeyd edək ki, İranda 2023-cü ilin ilk ayında icra edilən edam sayı öncəki ilin eyni dövrünə nisbətdə təxminən 80% artıb.

Ərdəbildə təbii fəlakət qurbanları ilə bağlı aksiya keçirilib

İyunun 21-də Ərdəbildə şəhərində Germi və Biləsuvar bölgələrində sel daşqınlarından zərər çəkənlərlə bağlı aksiya keçirilib. Fəallar şəhər məhəllələrinin divarlarına yazılı vərəqələr və çağırışlar yapışdırılıb və paylanılaraq azərbaycanlıları təbii fəalkət qurbanlarına yardım etməyə çağırıblar. Çağırış və vərəqələrdə Bulut Qaraçörlu Səhəndin "Özgə çırağına yağ olmaq bəsdir, doğma ellərimiz qaranlıqdadır"  şeiri yazılıb. Qeyd edək ki, iyunun 14-dən başlayaraq Ərdəbil əyalətinin Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində 8 nəfər həyatını itirib, yüzlərlə ev və minlərlə hektar əkin sahələrinə xəsarət dəyib.