Beynəlxalq ictimaiyyətin təzyiqlərindən sonra son bir neçə həftə ərzində İranda nisbətən azalan edam hökmlərinin icrası yenidən artıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, Qain, Kəhnuc, Şiraz, Kərəc və Bircənd şəhərlərinin həbsxanalarında 12 məhbus edam edilib.
Onların dördü adam öldürməkdə, səkkizi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb.
Qətldə ittiham olunaraq edam edilənlərdən biri qadındır.
Qeyd edək ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.
2023-cü ildə isə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.