Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər. Sozcu.az xəbər verir kİ, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb. Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib. Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir. Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib.

İranda edamların sayı: Rekord göstərici...

2023-cü ilin 11 ayı ərzində İranın müxtəlif şəhərlərində 707 məhkum edam edilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, İsrail-HƏMAS arasında müharibə başlayandan sonra İranda edam edilənlərin sayı daha da artıb. Təkcə 54 gün ərzində 176 məhbusun edam hökmü həyata keçirilib. Məlumata görə, cari ilin 11 ayı ərzində icra edilən edamlar son 8 ilin rəqəmləri ilə müqayisədə rekord kimi qeydə alınıb. Bununla bağlı Avropa Birliyi (AB) bəyanat yayaraq, İran hökumətinin əməlini “dəhşətli və qeyri-insani davranış” adlandırıb, bu ölkədən edamları dayandırmağı tələb edib. AB-nin bəyanatında etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam edilənlərin bir neçəsinin adları çəkilib, Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilib.

Azərbaycanlılar təzyiq altındadır - AP nümayəndələri

Avropa Parlamentinin nümayəndələri bu qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə məktub ünvanlayıb. Sozcu.az xəbər verir ki, məktubu AP-nin 9 nümayəndəsi imzalayıb. Məktub müəllifləri İranda 30 milyon azərbaycanlının yaşadığını, İran hakimiyyətinin onlara qarşı assimilyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını qeyd edib. Nümayəndələr azərbaycanlıların milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar. Müxtəlif ölkələrdən olan AP nümayəndələri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını da yazıblar. Nümayəndələr, həmçinin, azərbaycanlıların ətraf mühit məsələlərində ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Bayden İranı Nobel sülh mükafatı almış Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb. Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib. “İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram”, - Amerika liderinin yazılı açıqlamasında deyilir. Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir. Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb. 2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb. Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı. Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib. Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

İranda daha bir media orqanı bağlandı

İranın məşhur "İntihab" xəbər saytının fəaliyyətinə qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb. Bildirilib ki, sayt İranın xarici siyasətinin zəifliyi, milli valyutanın dəyərdən düşməsi ilə bağlı material yaydıqdan sonra media haqqında qanunu pozmaq ittihamı ilə qapadılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi bir neçə gün əvvəl media barədə çıxış edib. O, mediaya nəzarətin gücləndirilməsini, vətəndaşlarda məyusluq və ümidsizlik aşılayan media orqanlarına qarşı tərdbirlər görülməsini tələb edib.

Güneyli fəal universitetdən qovuldu

Urmiya Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb. Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyi üçün cəzalandırıldığı bildirilib. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub. Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Azərbaycanlılar İsveçrədə aksiya keçirdi

Avqustun 29-da yerli vaxtla saat 17-dən 18:30-a kimi İsveçrənin Bern şəhərinin Kasino Platez meydanında aksiya keçirilib. Sozcu.az xəbər verir ki, aksiyada Arazın hər iki tayından olan azərbaycanlılar iştirak edib. Nümayiş Urmiya gölündə baş verən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə həyata keçirilib. Urmiya gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldıran aksiya iştirakçıları ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmiya gölü barədə məlumatlar verib və braşurlər paylayıblar.

Şərqi Azərbaycanda daşqın: bu şəhər iflic oldu

Avqustun 29-u gecə saatlarında Şərqi Azərbaycanın Əhər şəhəri və ətraf kəndlərində güclü yağışların səbəb olduğu sel fəsadlar törədib. Sozcu.az xəbər verir ki, bu barədə "Azərəncümən" məlumat yayıb. Bildirilib ki, Əhər şəhərinin tarixi bazarı, yollar və yüzlərlə ev sular altında qalıb, nəqliyyatın hərəkəti tamamilə dayanıb, çox sayda avtomobil yararsız vəziyyətə düşüb. Ətraf kəndlərdə də yolların dağıldığı, yüzlərlə kənd evinin ziyan gördüyü, altı kəndin ətraf aləmdən yamamilə təcrid olunduğu bildirilib.

Urmiyanın sarı maralları Kirmana aparılır

Urmiya gölünün quruması və ekosistemin dəyişməsindən sonra gölün adalarında yaşayan sarı maralların Kirmana aparılması prosesinə başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Kirman əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Mustafa Niktəb məlumat yayıb. O bildirib ki, Kirman indiyə kimi bu növün yaşayış yeri olmayıb: “Bu səbəbdən, əyalətdə sarı maralların yaşayış yerini müəyyən etmək üçün xüsusi araşdırmalar və işlər aparılır. Azərbaycan marallarının Kirmana köçürülməsi Urmiya gölündə baş verən dəyişikliklər, ekoloji problemlə bağlıdır”. Urmiyanın sarı marallarının Kirmana aparılması barədə açıqlama güneyli sosial media istifadəçiləri tərəfindən narahatlıqla qarşılanıb. Onlar bunun Urmiya gölünün bərpa edilməyəcəyinə dair mesaj olduğunu bildiriblər. Qeyd edək ki, bundan əvvəl Urmiya gölü hövzəsində, xüsusən Aşk və Kəbudan adalarında nadir maral növlərindən olan sarı maralın sayı minlərlə olub. Son illər ekoloji fəlakətin genişlənməsi, Urmiya gölünün suyunun quruması və ekosistemin dəyişməsi nəticəsində maralların sayı azalaraq 60-a çatıb.

Əhmədinejada qarşı sui-qəsd cəhdi edildi

İranın keçmiş prezidenti Mamhud Əhmədinejada qarşı sui-qəsd cəhdi edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Dolət-e Bahar” Teleqram kanalı məlumat yayıb. Əhmədinejadın ofisi hərbi və təhlükəsizlik orqanlarına ona qarşı edilən sui-qəsd barədə məktub göndərib və lazımi tədbirlərin görülməsini istəyib. Məktubun məzmununa görə, son günlər müşahidə edilən addımlar açıq şəkildə keçmiş prezidentə qarşı mütəşəkkil qaydada sui-qəsd cəhdindən xəbər verir.

Xüsusi təyinatlılar azərbaycanlılara hücum etdi

Avqustun 27-i axşam saatlarında Kərəcin Qohərdəşt və Urmiyanın İmam küçələrində təhlükəsizlik məmurları vətəndaşlara hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat və videolar yayıblar. Kərəcdə hələlik kimliyi müəyyən edilməyən iki nəfərin həbs edildiyi qeyd edilib. Bildirilir ki, Urmiya şəhərinin İmam küçəsində motosikletdə olan xüsusi təyinatlı qüvvələr vətəndaşları toplaşmağa qoymayıb, onların bölgədən uzaqlaşdırılmaları üçün zor tətbiq ediblər.

İranda dəhşətli xəstəlik: 2 nəfər öldü

İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub ki, onlardan 2-si həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir. Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı vətəndaşlara xəbərdarlıq edib. “Krım-Konqo qızdırması olduqca öldürücüdür və onun yayılma, yoluxdurma gücü digər xəstəliklərdən, hətta koronadan da yüksəkdir”, - o bildirib.