Ukrayna ABŞ-dan hərbi helikopterlər alır

Ukrayna ABŞ-ın “Bell” şirkətindən AH-1Z “Viper” hücum və UH-1Y “Venom” nəqliyyat helikopterləri alacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb. “Bu, Ukrayna hökuməti ilə birbaşa silah istehsalçısı arasında deyil, hökumətlər arasında razılaşmadır", - məlumatda qeyd edilib.

45 işçi şəhadətnamə olmadan fəaliyyət göstərirmiş

Cari il sentyabr ayının ortalarına qədər 149 özəl tibb müəssisəsində plandankənar, 85 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Həmçinin məlumat verilib ki, qeyd olunan dövrdə özəl tibb müəssisələrində həyata keçirilən yoxlamalar nəticəsində 45 işçinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 215.4-ci maddəsi ilə müvafiq protokollar tərtib edilib. AEM vətəndaşlara tövsiyə edir ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda, mərkəzin əlaqə nömrələri vasitəsilə onlara məlumat versinlər. "Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir", - deyə AEM-dən bildirilib.

Bakıdakı qəzaların yarıdan çoxu piyadavurmadır

Bu il ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1 faizini, Bakı şəhəri üzrə isə 59.6 faizini təşkil edib. Bu barədə Sozcu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamayıb: "Təəssüf ki, piyadaların məhz piyada keçidlərin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir. Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!".

Qərb müharibə rejiminə keçməlidir - İsveç

Çoxdan militarizasiya kursuna qədəm qoyan Qərb sülh naminə həm mənəvi, həm də hərbi baxımdan müharibə rejiminə keçməlidir. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson deyib. “Bu sülhü qorumaq üçün biz həm mənəvi, həm də hərbi cəhətdən müharibə ehtimalına hazır olmalıyıq. Həlledici çəkindirmə, müdafiə və sülhməramlılıq üçün müharibə rejiminə keçməliyik”, - nazir bildirib.

DİN-dən Yasamaldakı silahlı insidentlə bağlı açıqlama

Oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda iki dövlət qurumu birləşdirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu və Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun birləşdirilərək yenidən təşkil edilməsi nəzərdə tutulur. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Agentlikdən müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Nəticədə, sözügedən qurumların bu ilin sonunadək birləşdirilməsi gözlənilir. Qeyd edək ki, qanunvericiliyə əsasən, Agentliyin tərkibinə daxil olan qurumların yenidən təşkili və ləğv edilməsini Azərbaycan Prezidenti həyata keçirir. Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2023-cü ilin noyabr ayında ADSEA-nın yeni strukturu təsdiq edilib. Bununla da qurumun tabeliyində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti, “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu yaradılıb.

“AzəriMed”in maşını "Kamaz"a çırpıldı: ölən var

Ötən gün Hacıqabulda AzəriMed QSC-yə məxsus “İsuzu” markalı avtomobilin “Kamaz”a çırpılması nəticəsində sürücü həyatını itirib. Sozcu.az unikal.az-a istinadən xəbər verir ki, qəzada ölən sürücü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıq Vasif oğlu Sadıqovdur.

Sürət aşağıdır, tez-tez kəsilir - İnternetlə bağlı problemin səbəbi məlum oldu

Son vaxtlar Azərbaycanda internetin sürətindən şikayətlər artıb. Abunəçilər əksər provayderlərin göstərdiyi xidmətdən ciddi narazılıq edirlər. Əsas problemlər isə internetin tez-tez kəsilməsi və sürətin aşağı olması ilə əlaqədardır. Mövzu ilə bağlı “Yeni Sabah”a danışan rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov bildirib ki, hazırda internet provayderləri arasında rəqabət yoxdur, bu isə abunəçilərə problemlər yaradır. “İnternetin qiyməti yuxarıdır, amma rəqabət olmadığı üçün provayderlər arasında keyfiyyəti yüksəltmək motivasiyası yoxdur. Texniki tərəfdən götürsək, data senterlərin miqdarı artırılmalıdır. Sözsüz ki, qiymət rəqabəti də olmalıdır. Məhsulu eyni qiymətə mən də, siz də, digər bazar iştirakçısı da təklif ediriksə, müştəri avtomatik olaraq, keyfiyyətə üstünlük verir”. Onun sözlərinə görə, yaranan problemin digər bir səbəbi də ölkənin internet məkanına kiberhücumların artmasıdır: “Son zamanlar DDoS hücumlar xeyli çoxalıb”. Ekspert bildirib ki, bəzən vətəndaşın internetlə bağlı problemi texniki səbəblərlə də bağlı olur: “Əlbəttə, fiber-optik kabellər müxtəlif hallarda qırıla bilər. Abunəçilər ilk növbədə provayderlə əlaqə saxlayıb şəbəkədə problem olub-olmadığını soruşmalıdırlar. Əgər şəbəkədə problem yoxdursa, deməli səbəb lokal şəbəkədədir”.

Temperatur 29 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur. Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, həmçinin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Bu qış hava necə olacaq? - Kəskin soyuq, şaxta və külək...

Bu il Azərbaycanda qış fəsli əvvəlki illərlə müqayisədə nə çox sərt, nə də tam mülayim olacaq. Sozcu.az bildirir ki, mütəxəssislərin proqnozlarına görə, hava şəraiti dəyişkən keçəcək - bəzi dövrlərdə isti, bəzi günlərdə isə kəskin soyuq dalğaları müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qış aylarında orta temperatur çoxillik normaya yaxın gözlənilir. Yəni ümumilikdə sabit, lakin dinamik hava şəraiti hökm sürəcək. Bununla belə, yanvarın ikinci yarısı və fevralın əvvəllərində Arktik hava axınlarının təsiri ilə havaların qəfil soyuması və güclü küləklərin müşahidə olunması mümkündür. Yağıntıların miqdarı da normaya yaxın olacaq. Dağlıq bölgələrdə qar örtüyü yaranacaq, lakin düzənlik və sahil zonalarında əsasən yağışlı hava üstünlük təşkil edəcək. Xüsusilə Abşeron yarımadasında və Aran bölgəsində qış mülayim, lakin rütubətli keçəcək.  Ekspertlər xəbərdarlıq edirlər ki, bu qışda hava şəraitinin tez-tez dəyişməsi, temperaturun bir neçə gün ərzində kəskin enməsi və yüksəlməsi kimi hallar çox olacaq. Bu isə yolların buzlanması, nəqliyyat və enerji sistemlərində əlavə yüklənmə yarada bilər. Azərbaycanda keçən ilki qış əsasən isti və quru keçmişdi. Bu il isə mütəxəssislər bir qədər daha soyuq, lakin yenə də dözümlü qış proqnozlaşdırırlar. Bakı və Abşeron yarımadasında qar ehtimalı az olsa da, güclü külək və soyuq yağışlar müşahidə oluna bilər. Ümumilikdə bu qışda Azərbaycanda hava nə tam sərt, nə də tam mülayim olacaq. Temperatur normaya yaxın qalacaq, lakin bəzi qısa dövrlərdə kəskin soyuqlar, şaxtalar və küləkli günlər müşahidə edilə bilər. Yəni bizi mülayim, amma sürprizlərlə dolu bir qış gözləyir.yenisabah)

Misir qəzzalılar üçün böyük düşərgənin tikintisinə başlayır

Misir Qəzza zolağının şimalından olan köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti düşərgələrin və sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb edilib. Hazırda Misir inşa etdirdiyi digər köçkün düşərgələrini də qəzzalılara təhvil verməyə hazırlaşır. Bildirilir ki, HƏMAS və İsrail nümayəndə heyətləri arasında danışıqlar oktyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək. Danışıqlarda iştirak etmək üçün tərəflərin nümayəndə heyətləri, eləcə də ABŞ Prezidentinin nümayəndələri Jared Kuşner və Stiv Uitkof Misirə gəlib. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar. Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.