Azərbaycan hər gün daha da yaşanmaz, dəhşətli bir hal alır. İnsanlar bir-birinə münasibətdə amansızlaşıb, vəhşiləşməkdədir. Məktəblinin digər məktəblilər tərəfindən təhqir olunması, aşağılanaraq video çəkilməsi göstərdi ki, Azərbaycanda insani duyğuları, dəyərləri vəhşilik əvəz edib və etməkdədir. Başqasını aşağılamaqdan, təhqir etməkdən, söyməkdən, tikə-tikə doğramaqdan və yaxud da kəsici alətlərlə deşik-deşik etməkdən zövq alanların sayı durmadan artır. Öz anasını, atasını, bacısını, qardaşını amansızca qətlə yetirən, öz qızını, hamilə həyat yoldaşını kəsici alətlə deşik-deşik edən, ulu nənəsi yaşında qadını məsğərəyə qoyan, öz həmyaşıdını aşağılayaraq təhqir edənlər bu məmləkətdə birdən-birə necə peyda oldu? Bəli, hər biri öz fərdi olaraq cəzalarını alacaqlar və hüquq çərçivəsində nə lazımdırsa onlarla bağlı həyata keçiriləcəkdir. Bəs yaxşı, bu yetərli olacaqmı ? Fərdi cəza verməklə məsuliyyətdən xilas olmaq olarmı? Dəhşətli hadisələrin psixoloji, sosioloji, ictimai-siyasi səbəblərini kimsə araşdıracaqmı? Azərbaycan kimi məsuliyyətsizliyin hökm sürdüyü ölkələrdə belə bir dəhşətli hadisələrin törəyici səbəbləri heç kəsə maraqlı olmadığı bəllidir. Amma gəlin düşünək, bu hallar daha da dərinləşsə heç kəs özünü sığortalaya bilməz ki, bu hadisələr bizim ailəmizdə, qohum-əqrabamızda, qonşumuzda baş verə bilməz. Təhsilin ayaqlar altında olduğu ictimai düzəndə, öz işindən başqa bir şey düşünməyən "müəllimlərin" seçki saxtakarlığında baş rolda ifaçılıq etdiyi mühitdə, insanları sağaltmaq əvəzinə xəstəliklərə düçar edən səhiyyənin, həkimlərin canımıza daraşdığı dövrdə, Hüquq-Ədliyyə-Məhkəmə sisteminin cinayətlə iç-içə olduğu məmləkətdə insanı dəhşətə gətirən hadisələrin baş verməsinə heyrətlənməyə dəyməz. Bir-biri ilə bağlı olan və məsuliyyətdən uzaq bu mühit korrupsiyanın nəticəsində ortaya çıxıb. Vətəndaş məsuliyyətinin olmadığı, hüququn şüar olduğu, təhsili məktəb binalarında toplaşmaqdan və dağılışmaqdan ibarət olan ölkələrdə bundan başqa bir nəticəni gözləmək sadəlövhlükdür. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur. İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Bunun başlıca şərti İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmaqdır. Bu alınmasa Çində danışıqlar nəticə verməyəcək. Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidirmi? Əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir. O ki qaldı, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq. Elxan Şahinoğlu, politoloq
Gürcüstan hakimiyyəti geri çəkildi: etirazlara səbəb olan layihə geri çağırıldı Tbilisidəki kütləvi etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici təsirin şəffaflığı haqqında qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə siyasi birliyin cümə axşamı dərc olunmuş bəyanatında deyilir. “Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsul orqan olaraq, dəstəklədiyimiz qanun layihəsini heç bir qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq. Biz idarəedici qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik. Gürcüstan sülh və sabitliyi qoruyacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru layiqincə irəliləyəcək”, – deyə, partiyanın saytında yerləşdirilən bəyanatda vurğulanır. Mustafa Hacıbəyli
Ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib. Xəzər TV xəbər verir ki, polis müəyyən edib ki, həmin şəxslər cinayətdən sonra şəhərin mərkəzində ''Tarqovı'' kimi tanınan ərazidə evlərdən birində gizləniblər. Ağır cinayət törətməkdə şübhəli bilinən şəxslərin yeri müəyyən edilən kimi bina mühasirəyə alınıb. Polisə tabe olmaq istəməyən həmin şəxslər odlu silahdan atəş açmağa başlayıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır. Hadisə yerinə Səbail Rayon Prorkurorluğunun əməkdaşları gəlib, meyitə baxış keçiriblər. Mənzildə iş üçün zəruri olan istintaq hərəkətləri aparılıb. Xatırladaq ki, gecə məhv edilən və saxlanan şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.
2023-cü ilin döyüş hazırlığı planına müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə təlim və məşğələlər davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, plana əsasən piyadaların döyüş maşınları (PDM) ekipajları ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Keçirilən çalışmalarda əsas diqqət sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərinin, eləcə də tuşlayıcı operatorların zirehli texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Zirehli texnika ekipajları qarşıya qoyulan bütün tapşırıqları uğurla icra ediblər.
Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet yaxın vaxtlarda Azərbaycan nümayəındələri ilə Qarabağdakı separatçılar arasında görüş keçiriləcəyini yazıb. Qəzet yazır ki, hazırda Qarabağdakı separatçılar arasında iki yanaşma var. Bu yanaşmadan biri Ruben Vardanyan tərəfdarlarıdır ki, onlar Azərbaycanla heç bir məsələnin müzakirə etməməyin tərəfdarıdırlar. Digər yanaşma isə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın təklif etdiyi Azərbaycanla danışıqlar aparmaq, xırda məsələlərdə güzəştə getmək tərəfdarlarıdır. “Harutyunyan hesab edir ki, problemlərin həlli üçün Azərbaycanla danışıqlar masasına əyləşmək lazımdır. Hətta kiçik məsələlərdə güzəştlər də etmək olar. Əsas məsələ olan “müstəqillik” mövzusunda isə hər hansı güzəşt olmamalıdır”. “Hraparak” qeyd edir ki, dünən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən çıxarılması ilə radikal yanaşma tərəfdarları Qarabağda məğlub olublar. “Nəticədə, dialoq tərəfdarları qalib gəldilər. Bu da onu güman etməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan və Qarabağ nümayəndələr arasında görüş keçiriləcək”. Bildirək ki, ötən gün Qarabağdakı separatçıbaşı Arayik Harutyunyan çıxışı zamanı bu məsələyə dolayısı ilə toxunub. O deyib ki, danışıqlar aparan nümayəndə heyətlərinin tərkibini yalnız tərəflər həll etməlidir. “Bu isə o deməkdir ki, Azərbaycan Qarabağ nümayəndə heyətinin tərkibinin formalaşmasına müdaxilə edə bilməz”. Bu açıqlamanın özü görüşün ola biləcəyini güman etməyə əsas verir. Lakin rəsmi Bakı heç vaxt və heç bir separatçı ilə danışıqlar masası arxasında əyləşməyəcək. Bunu dəfələrlə bəyan da ediblər. Azərbaycan tərəfi bildirib ki, Qarabağdakı erməni icmasının nümayəndələri ilə danışıqlar aparmağa, təmaslar qurmağa hazırdır. Lakin buraya separatçılar daxil deyil. Ona görə də, görüş mümkündür, amma həmin şəxslər separatçıların təmsilçiləri olmayacaq. Digər tərəfdən, əgər Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar apararsa, bu Bakının onları tərəf kimi tanıması deməkdir. Halbuki 30 il davam edən münaqişə dövründə, ən çətin və təzyiqlərin ən çox olduğu vaxtlarda belə Azərbaycan separatçılarla bir masa arxasında əyləşməyib. Belə olan halda, böyük üstünlüklərə malik, habelə 44 günlük müharibədən sonra çarəsiz durumda olan separatçılarla masa arxasında heç oturmaz.