Azərbaycanın üzləşdiyi fəlakət : Dabaq xəstəliyi

Mart ayından başlayaraq Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyi tüğyan edir. Son 7-8 ay ərzində fərdi təsərrüfatlarda çoxlu sayda heyvanların tələfatına səbəb olmuş virus insanlara külli miqdarda ziyan vurmuşdu. Bu virusun aktivləşməsi havaların istiləşməsi dövrünə təsadüf edir və sürətlə yayılır. Qabaqkı illərlə müqayisədə bu virus o qədər çox yayıldı ki, insanlar arasında gedən söhbətlərdə bunun süni şəkildə yaradıldığını, arxasında hansısa məqsədlərin olması ilə bağlı fikirlər dolaşmağa başladı. Bunun nə dərəcədə doğru olması haqqında məlumatlı olmadığımdan bir şərh vermək istəmirəm, amma öz müşahidələrimə əsasən deyim ki, hər il ildə iki dəfə olmaq şərti ilə Dövlət Baytarlıq Xidmətinin yerli şöbələri tərəfindən vaksinasiya və peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvəndləmə Dövlət Baytarlıq Xidmətinin reyestrinə düşmüş təsərrüfat sahiblərinə sahə baytarı tərəfindən təklif edilir və məlumatlandırılır. Çox təəssüf ki, bu virusun ciddiyyətini nəzərə almayan təsərrüfat sahibləri çox məqamda bu peyvəndləmə prosesindən kənarda qalırlar. İnsanlar qabaqkı illərdə bu xəstəliyin bu dərəcədə tüğyan etdiyini müşahidə etmədiyindən ciddi hesab etməyiblər. 

 Həmçinin bununla yanaşı "çiçək", "qarayara" kimi daha təhlükəli virusların qarşısını almaq məqsədi ilə peyvəndləmə prosesi həyata keçirilir. Hər 3 peyvəndləmə prosesi dövlət tərəfindən qarşılanır və pulsuzdur. Dərmanlar dövlət tərəfindən təmin edilir. Təsərrüfat sahibləri vaxtı-vaxtında, xüsusi ilə yaz aylarında məsuliyyətli davranmalı, öz fərdi təsərrüfatlarında vaksinasiyaların həyata keçirilməsini təmin etməlidir. Sahə baytarının əlaqə nömrəsini götürməli, təsərrüfatındakı heyvanların sayı, iribuynuzlu və ya xırdabuynuzlu olması haqqında məlumatlandırılmalıdır. Mart ayında "dabaq" virusun ilə bağlı vaksinasiya, həmçinin "qarayara", sentyabr ayında "çiçək" virusu ilə bağlı vaksinasiyanı sahə baytarından tələb etməlidir. 

Təsərrüfat sahiblərinin üzərinə düşən vəzifə birinci dərəcədə məsuliyyətli olmaq, bu xəstəliklərin ciddiyyətini nəzərə almaq və sahə baytarlarından vaxtı-vaxtında vaksinasiya tələb etməkdir. 

Dabaq virusunun öz heyvanlarında başladığını müşahidə edən təsərrüfat sahibi ilk anda müalicə-profilaktika tədbirlərinə başlamalıdır. Dabaq virusu əgər vaksinasiya olunmayıb aktivləşdisə bütün heyvanlar buna yoluxacaq. Hətta dezinfeksiya prosesi keçirilsə belə. Bu virus heyvanlarda daxili temperaturun artmasına səbəb olur. Bu səbəbdən heyvanların ağız, ayaq dırnaqları, iribuynuzlu heyvanların döş hissəsində yaraların əmələ gəlməsinə səbəb olur. İsti havada isə dahada dəhşətli hal alır. Təsərrüfat sahibləri bu virusun təsirini azaltmaq üçün öz fərdi müalicə metodlarını tətbiq edirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəliyi müşahidə edən təsərrüfat sahibi ilk anda iribuynuzlu heyvanlara Bicillin 5, xırdabuynuzlu heyvanlara isə Bicillin 3 vurmalıdır. Prosesi bir neçə gün davam etdirməldir. Heyvanın ağzında yaranmış yaranın qapanması üçün səhər-axşam suya qarışdırılmış "ZƏY"lə yuyulmalıdır. Həmçinin benzin, marqans və sidikdən istifadə olunur. Benzin və sidik ayaqlarında istifadə oluna bilər, ağzında zəy və su qarışığı daha effektlidir. Proses zamanı çalışılmalıdır heyvan təmiz havada gəzsin(qapalı vəziyyətdə olmamalıdır), quru yem və quru otdan uzaq tutulmalıdır. Bunlar heyvanın ağız hissəsində yaranmış yaraların sağalmasına maneə olur. Müalicə prosesi dövrünə daha yumşaq qidalarla təmin edilməlidir.

Ceyhun Nəbi

Share on Facebook