Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - V hissə

   1923-cü ilin yayında Zaqatalanın Uzun Qazmalar kəndində Osman adında bir dostumuzun evində qonaq idik. O, mərd bir kişiydi. Bizi ərzaqla təmin edib mühüm məlumatlar verirdi. Onların kəndi bağlı-bağçalı cənnətə bənzər bir əraziydi. Osman mənə maraqlı bir əhvalat danışdı. Dedi ki, bu günlərdə səhər tezdən bağı yoxlamağa çıxmışdım. Gördüm ki, uzunboylu, qüvvətli bir rus meyvə ağaclarının arasında mənim dəryazımla ot biçir. Ona yaxınlaşıb soruşdum :

     -Sən nə üçün icazəsiz mənim bağıma girmisən ? O, bu sözümdən hirslənib üstümə şığıdı. Əlindəki dəryazın sapı ilə məni döyməyə başladı. Başımı əyməsəydim dəryazla boğazımı üzmüşdü, qorxudan fındıq kollarının arasına girdim. O yenə sakitləşmirdi. Yenidən üstümə hücüm çəkdi. Sonra əlindəki dəryazı tullayıb əyləşdi. Cibindən tənbəki çıxarıb qəlyanını doldurdu. Mən hiss etdim ki, o çox kədərlidir. Mənə də tənbəki uzadıb, çək- dedi. Sonra mənə üz tutub – Oğlan bir yaba o nədi ki, məni təhqir etdin ? Mənim kim olduğumu bilirsənmi ? Axı, mən məşhur fabrikant, milyoner Morozovların nəslindənəm. Ölümdən qaçdım ki, izim itsin. Hər şeyimizi əlimizdən aldılar. Sən elə bilirsən ki, bu qədər bağ-bağça sənə qalacaq ? Bolşeviklər sizidə dilənçi qoyacaqlar.

    Onun bu sözləri mənə çox təsir etdi. Sonralar dostlaşdıq. Ara-sıra görüşüb siqaret çəkirdik. Söhbətimiz tuturdu.

    Osmanın bu söhbəti mənə də çox təsir etdi. Günlər keçir bolşeviklər isə qüvvətlənirdilər. Təslim olmaq isə ağlımıza belə gəlmirdi. Gəncənin Gədəbəy nahiyəsində Məcid bəy, yaxınları və oğlanları ilə qış aylarında dağların zirvəsindəki Koroğlu qalasına çəkilmişdi, fürsət düşdükcə bolşeviklərə divan tutub onlarla əsgərini məhv edirdi. Mağara ətrafında qarın hündürlüyü bir metrə çatdığından yerləri bəlli deyildi. Nəhayət onların yerlərini müəyyən edib qarı təmizlətdilər. Mağara yaxınlığında istehkam qurub xeyli qoşun gətirdilər. Məcid dəstəsiylə davaya girişdi. 12 gün çarpışma oldu. Mağara ətrafı bolşeviklərin meyidlərilə dolsa da qoşunun ardı-arası kəsilmirdi. Məcid dəfələrlə özümüzünkülərə :

    -Siz, arxa tərəfdən aradan çıxın, mən qoşunun qarşısına heç olmasa bir saat saxlaya biləcəm – desə də heç bir silahdaşı onu tək buraxmadı. Lakin Məcid sonuncu dəfə onlara əmr edir. Adamlarının xeyli hissəsini aradan çıxarır və özü tək başına üç gün, üç gecə döyüşür. Silah-sürsatı qurtardığını hiss edib sonuncu gülləni ürəyinə sıxır. O öləndən sonra da bir müddət bolşeviklər mağaraya girməyə cürət etmir və nəhayət oraya bir nəfər daxil olub Məcidin öldüyünü görür və çıxıb bolşeviklərə muştuluq verir.

    Yenə Gədəbəyin İnəkboğan kəndindən Məlik bəy, Qaraağac kəndindən Molla Zeynalın oğlu Abuzər, Gədəbəyin özündən Mustafa ağa eyni vaxtda bolşeviklərlə döyüşürdülər. Bizim dəstəmiz də fürsət tapıb basqın edir, bolşevikləri göz açmağa qoymurdu.

    Samuxun Ocaq kəndi yaxınlığında dağ ətəyində Sarısu deyilən yerdə qoyun sürüləri vardı. Neçə müddət idi ki, bu ərazidə gəzib-dolaşırdıq. Sürülər dərənin içindəydi. Növbətçi bizə əlli nəfərlik bir dəstənin yaxınlaşdığını xəbər verdi. Biz onları görsək də onlar bizi görə bilmirdilər. Onlar sürülərə yaxınlaşıb atlardan endilər.Çobanlar gələnlərin atlarını çəkib bağladı. Onların komandiri İdrisi yaxşı tanıyırdıq. Bu canavar harda olursa-olsun qaçaqların yerini öyrənmək üçün günahsız insanlara işkəncə verir, bəzən dəmiri qızdırıb danışmayanlara heyvan kimi dağ basıb öldürürdü. O da atından endi. Çobanın çomağını alıb kəlləsinə vurmaq istəyəndə güllə ilə sağ qolunu qırdım. Sonra nərə çəkib “təslim olun” deyə bağırdım. Güllələr dolu tək yağdığını görən bolşeviklər silahlarını atıb təslim oldular. Hamısını mal damlarına doldurduq. İçərisində Mühiddin adlı bir yaşlı adam vardı. Onunla həmin sürünün sahibi mənə yalvarmağa başladı. Qasım dedi :

    -Əgər bunları öldürsən bizim nəslimizi kəsəcəklər. Bu dağlarda çoban qalmayacaq. Mən bunu başa düşürdüm. Qaçaqlar İdrisi tövlədən çıxarıb xəncərlə qırılan qolunu kəsib tək qolla buraxdılar.

    Aylar-illər keçirdi. Daimi yerimiz olmadığı üçün ormanlarda, dağda-daşda gəzib dolaşırdıq. Ara-sıra döyüşlərimiz də olurdu. 1927-ci ilin son bahar ayında bizimlə görüşmək üçün Moskvadan bir dəstə adamın gəldiyini xəbər verdilər. Yanıma adam göndərdilər. Mən görüş yeri təyin etdim. Bizə təslim olmağı da təklif etdilər. Əgər təklif qəbul olunsa bizə toxunulmayacağına və vəzifə verəcəklərinə də söz verdilər. Onların içərisində Şükrü Köçərli adlı bir vəzifəli adam da vardı. Mən hiss etdim ki, onun mənə deyəsi məxfi sözü var. Bir az kənara çəkildim.

    Ələs də yanımdaydı. Şükrü ona şübhə ilə baxdıqda – doğma qardaşımdı, dedim. O isə sakitcə dedi :

    -Qasım bəy, bu vədlərə inanma, səni tutan kimi öldürəcəklər. Heç vaxt təslim olma, yeganə ümidim sənədi.

    Bu insan əsl türk qanı daşıdığını sübut edirdi. Əgər kommunistlər içərisində Şükrü kimilər olmasaydı allah bilir ki, xalqımızın taleyi necə olardı. Fəqət belələrini də qısa zamanda “rus mujikləri”, “erməni dığaları” ilə əvəz etdilər. Axırda Şükrü bizi toplayıb nitq söylədi: - Yoldaşlar, təslim olun, əks təqdirdə məhv olacaqsınız. Hələ ki, imkan var.

    Onun bu nitqini dinlədikdən sonra yollarımız ayrıldı. Onlar Gəncəyə, biz isə ormanlara üz tutduq.

    Ceyran düzü deyilən böyük bir ərazidə “Qanlıdərə” adlı bir yer vardı. Mənbəyini Gürcüstan ərazisindən götürən çay yağışlı havalarda aşıb-daşır, hər il həmin yüzlərlə adam sulara qərq olurdu. Ona görə də həmin yerə “Qanlıdərə” deyirdilər. Həmin dərənin kənarı münbit olduğundan otların hündürlüyü bəzən bir metrə çatırdı. Biz ora gəldik. Ərzağımız tükənmişdi. Suyumuz da yox idi. Ümidsiz halda otlaq sahələrinin içərisində gəzməyə başladım. Birdən ayağıma nəyinsə ilişdiyini hiss etdim, aşağı əyildikdə gözlərimə inanmadım. 10-12 kiloqramlıq qarpız idi. Yəqin ki, ötən il kimsə burada qarpız yeyib tumunu da torpağa basdırıb, arzulayıb ki, qismət olsa gələn il gəlib dərərəm. İndi isə həmin qarpızlar bizim ruzimiz oldu. Hər tərəf yetişmiş qarpızla doluydu. Mən ayağımın altındakı dərib qucağıma aldım. “Qarpız satıram, alan varmı” deyə çığırdım. Zavallıların susuzluqdan ağızları qurumuşdu. Onlar da mənə tərəf gəlib hərəsi bir dənə qarpız dərdi. Əyləşib doyunca yedik. Allahın bizə qismət etdiyi nemət idi.

    Dövlət adamları ilə görüşümüzdən bir ay keçmişdi. Yerimizi dəyişmək üçün sallarla Kürü keçib gecə düşdüyünə görə dincəlmək istədik. Ağacların dibində yapıncıları salıb uzandıq. Qardaşım Əsədlə Fidail növbətçiydi. Məni yuxu apardı və yuxuda gördüm ki, əzrayıl gəlib bir nəfərin canını almağa, qışqırıb ayıldım. Qaçaqlar yorğun olduğundan hamısı yatmışdı. Ayağa qalxıb növbətçiləri yoxladım. Onlar da şirin-şirin yuxudaydı. Əsədlə Fidailin qamçılarını və silahlarını götürüb gizlətdim. Sonra isə - “təslim olun”- deyə qışqırdım. Onlar möhkəmcə qorxdular.

    Səhər tezdən isə qoyun kəsib yemək hazırladıq. Əlavə iki atlı qonağımız da gəldi. Biz yemək hazırlamaqla məşğul olan zaman qarşımızdan dörd arabanın keçdiyini gördük. Arabalarda on nəfər əyləşmişdi. Onlara baxıb şübhələndim, qalxıb yanlarına getdim. Yaxınlaşdıqca şübhəm daha da gerçəkləşirdi. Əyinlərindəki paltarların qolları bəzisində uzun, bəzisində isə qısaydı. Bu paltarların onlara məxsus olmaması aydınca hiss olunurdu. Bunlar işçi paltarlarına bürünmüş rus əsgərləriydilər. Arabalara yaxınlaşanda isə otların altında parıldayan dəmir əşyalar gördük. Yəqin ki, iriçaplı makinalı silahlar idi. Onların başçısı zalım bir insan kimi tanınan kommunist mühəndis Vasili Fyodroviç idi. Arabanın arxasında isə Qubalı Abdullayev əyləşmişdi. Mən Abdullayevə salam verdim. O da salamımı aldı. Hara getdiklərini soruşduqda dili topuq çaldı. Başa düşdüm ki, onlar bizi mühasirəyə salıb məhv etmək üçün əraziyə gəliblər. Mənə yanlış bir məlumat verdi ki, güya Kürün üzərində yeni keçid tikəcəklər. Mən xeyirli olsun – deyib geri döndüm. Bir az uzaqlaşmışdım ki, bir əl bombasının mənə tərəf atıldığını gördüm. Xoşbəxtlikdən bomba bizdən aralı bir ağacın ətrafındakı qumsallığa düşdü və orda ağaca bağladığımız bir at param-parça oldu. Elə bu zaman qaçaqlardan biri: - Nə durursan arxadan gələn kafiri gəbərtsənə - deyə qışqırdı. Mən arxaya dönər-dönməz onu cəhənnəmə göndərdim. Amansız mücadilə başladı. Atəş səsindən barıt iyindən durmaq olmurdu. Bizdəndə ölənlər oldu. Əmim oğlu Cəbrayıl isə ağır yaralandı. Bizim isə əsas məqsədimiz Vasili və Qubalı Abdullayevi vumaq idi. Buna da nail olduq. Onları öldürdükdən sonra milislərdən də məhv edə bildik. Sağ qalanlar isə canlarını qurtarıb qaçdılar. İki yaralımızı aparmaq üçün müsafirlərimiz öz atlarını bizə verdi. Axşam tərəfi olduğuna görə həmin yerdən aralanmağı qərara aldıq və yolda qarşımıza çıxan iki əsgəri də öldürdük. Biz doqquz nəfər idik. İki yaralı at belində biz isə piyada yol gedirdik. İçimizdən ən yaşlısı Rüstəm Ağabəy idi. O, bizlə ayaqlaşa bilmədiyindən ayaq saxlayıb soruşdum:

    -Ağabəy, bəlkə nəsə olub görürəm ki, çətin yeriyirsən ?

    O, qaçaqlara bildirmə, yaralıyam dedi, bağırsaqlarım da bayıra çıxıb. Onun qoluna girdim. Bir təhər Ceyran çölündə Kərbalayi Hacıların arxasınca gəldik. Hacı bizi qonaq etdi, qoyun kəsdirdi. Yeməyimizi yeyib yaralıların yaralarını sardıq və sonra yerimizi azdırmaq üçün əlimizdə olan iki atıda güllələyib dərəyə atdıq. Hacı bizə iki qatır verdi, yaralılar qatırlarda, biz isə piyada Ceyran çölünün ucsuz-bucaqsız ərazisilə irəliləməyə başladıq. Qarşımızda sürü-sürü ceyranlar qaçırdı. Ramazan oğlu Rüstəm bir ulduzu göstərib, bu ulduza tərəf gedək, indi çobanların arxacları görünəcək – dedi. Arxaclara yaxınlaşanda mən qurd kimi ulamağa başladım. Səsini eşidən çoban itləri hürməyə başlayanda arxacların yaxında olduğunu anladıq. Biz, bir azdan “Koroğlu mağaraları” deyilən yerə çatdıq. Çobanlarla görüşdük və izimizi yox etmək üçün onlar gəldiyimizi yolla qoyun sürülərini gəzdirdilər. Bu mağaralarda bir ay yarım dincəldik. Çobanlar bizi ətlə və ərzaqla təmin edirdilər. Havalarda tədricən isinməyə başlayırdı.

    Biz həmin yerdən ayrılıb Şəmkir istiqamətinə getdik. Şəmkir stansiyası və ilə Qaracaəmirli kəndi arasında bizi təqib edən, məhv etmək istəyən yerli kommunistlərdən Əmirxan Əlirza oğlunu və dəstəsinin yerini öyrənib hamısını güllələdik. Sonra yerimizi dəyişib Quşqara çayı tərəfdəki vadidə gizlənə bildik. Ora qamışlıq idi. Baharın gəlməsi, ağacların çiçək açmasından məlum olurdu. Bir neçə gün dincəlib ulduzlarla istiqamətimizi təyin etdik. Yenidən Samuxa döndük.

    Bir müddət keçdi və eşitdik ki, Gəncə yaxınlığındakı Safıkürd kəndindən Yüzbaşı Cəlal bizi yaxalayıb öldürmək, yaxud dövlətə təhvil vermək barədə tədbirlər görür. Bu barədə dövlət məmurlarına söz də verib. Bu adam həmin kənddən bir nüfuzlu imamın oğluydu. Samuxa qoşun çəkən Cəlalı atası çağırıb deyir :

    -Oğlum, Samuxa gedən geri qayıtmır. Allahdan qorx, bu işdən əl çək – deyə onu fikrindən daşındırmaq istəyir. Cəlal isə - Mən Allah filan tanımıram. Mənim Allahım kommunizmdir. Söz vermişəm, gərək Qasımın kəlləsini gətirəm – deyir.

    Biz, Qavrı çayının kənarında istirahət edib yeni mücadiləyə hazırlaşdığımız vaxt bir çobanın bizə tərəf gəldiyini gördük. O tanışımız idi... Mən yerimdən qalxıb onu qarşıladım. Hal-əhval tutub dedi ki, bir yüzbaşı ilə bir neçə əsgər səninlə görüşmək istəyir. Mən cavab verdim :

    -Get söylə ki, ayrılıqda özü və iki əsgərilə gələrsə görüşə razıyam. Çoban bizdən ayrıldı.

    Axşam üstü onlar vədləşdiyimiz yerə gəldi, mən də önəmli yerlərə adamlarımı düzüb onları gözləyirdim, yaxşılıq əvəzinə yüzbaşı yavalıq etməyə başladı. Onların planları beləymiş ki, danışıqlar bitəndə pusquda olanlar hücum edib bizi tutsunlar. Bundan da heç birimizin xəbərimiz yox idi.

    Mən silah səsi eşitdim. Bunu bizimkilərin atdığını his edib :

    -Bu qonağa hörmətsizlikdi – deyə qışqırdım. Sonra öyrəndim ki, qaçaqlardan biri vurulub. Cəbrayılı öldürüblər. Bu zaman növbətçi dayanan qardaşım Ələs bizə tərəf qaçıb qışqırdı – nə durursan – deyərək Əsəd də silaha sarıldı. Mən danışığa gələnlərin vurulmamaları üçün araya girdim. Elə bu vaxt hiss etdim ki, yüzbaşı məni nişan alıb. Lakin mən çevrilməmiş Ələsin gülləsi qoltuğumun altından keçib yüzbaşını yerə sərdi. Bu hadisə bir anlığa baş verdi. Gələnlərin ikisini də mən öldürdüm. Aləm cəhənnəmə bənzəyirdi. Aralıda qardaşım Əsədi gördüm. O dayanmışdı. Mən ona tərəf qışqırdım: - Niyə dayanmısan ? yaxın gəlsənə ? O, mənə - dur, dedi, məni yaraladılar. Barı siz döyüşü davam etdirin. O sonra sürünə-sürünə bizə yaxınlaşdı. Ağır yaralıydı. Bu da azmış kimi şiddətli yağışda yağmağa başladı. Elə o anda da bizlə döyüşənlər qaçıb getdilər. Mən qaçaqları yoxladım, məlum oldu ki, iki nəfər yoxdu. Belə hallarda bizim parolumuz vardı. Qurd kimi ulamağa başladım. Bir az keçdikdən sonra cavabını aldım. Onlarla qovuşa bildik, gecəni isə yaxınlıqdakı bir arxacda qalmalı olduq.

    Sol ayağından yaralanan qardaşım Əsədi bir ata mindirib Alazan çayını keçdik. Sonra isə daha təhlükəli bir yerdən keçməliydik. Yaralı qardaşım Əsəd özünün bizə yük olmasına dözmürdü. Tələb edirdi ki, onu buraxıb gedək. Silahını da yanında saxlayaq. Gücü çatdığı qədər düşmənlə mübarizə aparıb son gülləsini də özünə vuracaq. Bu əl kişilik idi. Lakin biz hamımız ölsək də Əsədi qoyub getmək ağlımıza belə gəlmədi. Allah burda da bizləri qorudu. Hamımız sağ-salamat keçidi adladıq. Dağ ətəyindəki sərt qayalara sığındıq. Orada Əsədin vəziyyəti tamam ağırlaşdı. Neçə gün idi ki, yuxu yatmırdı. Qarnı da qaval kimi şişmişdi. Mən bir qoyun kəsdirib dərisini su ilə doldurdum, qamışdan da boru düzəltdik. Sonra Əsədi imalə etdik. Ona yalnız süd və su verirdik. Bu zaman Zaqataladan qaçaq Şüayib də 25 nəfərlə gəlib çıxdı. Onların arasında həkim də vardı. Mənu bunu gizlicə həkimə bildirdim və o da Əsədin müalicəsi ilə məşğul olmağa başladı. Bir iki gündən sonra Şüayib dəstəsilə çıxıb getdi. Biz isə vətənimiz Samuxa doğru yol başladıq. Ona görə ki, ordakı insanlara inamım yox idi.

    Səhər erkən “təslim olun” çığırtısı bizi çaşdırdı. Üstümüzə basqın etmişdilər. Həmin gün axşamadək atışmamız davam etdi. Bir nəfərimiz yaralansa da onların çoxunu öldürə bildik. Sonda isə atışa-atışa bir kəndə girdik. Qorxusundan heç kəs bayıra çıxmırdı. Bizimlə atışanların birini tutub ağacla döyə-döyə öldürdük və yerimizi dəyişdik. Yenə də bizi məmləkətimizin xeyirxah çobanları qorudular.

    Bolşeviklərin qaçaqları öldürmək üçün qızışdırıb ortaya atdıqları bir nəfər də öz qəddarlığı, namərdliyilə aləmə bəlli olan çoban Qasım idi. Bu insan öldürdüklərinin qanını içməyə hazır idi. Bizim olduğumuz yeri Qasım dövlət adamlarına nişan verdiyinə görə ətrafımıza xeyli canlı qüvvə toplamışdılar. Yerimizi dəqiqləşdirmək üçün çobanlara işgəncə verirdilər. Bu zaman Bincalı qəbiləsindən olan bir gənc qan-tər içində özünü bizə çatdırıb bəzi məqamları anlatdı. Bu xəbəri alıb ormandan keçən şose yolunu nəzarətə aldıq. Bir az irəlidəki qəsəbədən siqaret almaq məqsədilə iki silahdaşımız bizdən ayrılmışdı. Bu zaman şose yolu tərəfdən yaxşı tanıdığım Məhəmməd dayının sürüsünün bizə tərəf gəldiyini gördüm. O yanımıza çatdı. Mən hal-əhval tutsam da Məhəmməd dayı bir kəlmə də danışmırdı. Əlini ağzına qoyub susurdu. Sürü yanımızdan keçən anda arxadan bizi tutmağa gələnləri gördüm. Onlar isə bizi görmürdülər. Bolşevik qüvvələri tam yaxınlıqdaydı. Böyüklərinin adı Qəmbər idi. Onlarla atışmağa başladıq, aralarına vəlvələ düşdü. Yaxınlıqdakı kəndi çox yaxşı tanıyırdım. Onların hansı evə gedəcəklərini də zənn etmişdim. Bu vaxt Fidail bir siqaret yandırdı. Bir iki udum çəkib mənə tərəf qışqırdı :

    -Gəlirlər, - Onun qımıldamağa belə halı qalmamışdı.

    Çoban Qasımın və adamlarının bizə doğru gəldiyini gördük. İkimiz də eyni anda atəş açdıq. Qasımın atdığı güllə başımın üstündən boşa getdi. Mən isə hərifi düz köksündən vurmuşdum. Aləm yenə cəhənnəmə döndü. Qanlı bir döyüş başladı. Çoban Qasım ağır yaralı halda sürünüb şose yoluna çıxaraq yol ilə gedən arabaçıya yalvarırdı ki, onu aparsın. Arabaçı əvvəl tərəddüd etsə də sonra onu arabaya uzadıb üstünü samanla örtdü. Mən bunu görsəm də bir şey əlimdən gəlmirdi.

    Ona görə ki, hədəfdə mən idim. Vuruşma isə şiddətli gedirdi. Yerimdən qımıldamaq məqsədə uyğun deyildi. Ormanı yaxşı tanımayanları bir-bir məhv edə bildik. Qalanlarını isə qovalaya bildik. Hacı Qurban oğlu Sarı Qafar, Saro və Faxralı Çoban Qasımı Qurutlu körpüsündə pusquya salıb öldürdülər. Sarı Qafar igid bir qaçaq idi. Hökümət onunla bacarmadığı üçün öz yaxınları tərəfindən öldürtmək niyyətinə düşdülər. Əmisi oğlu Talıb satqınlıq etdi. Alçaqlığı üzərinə götürüb Qafarı təqib etdi və yaylaqda onu yaralayıb öldürdü. 

Davamı var...

Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib

Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Share on Facebook