Redaktor seçimi

Saleh Məmmədovun yaxın qohumları işdən azad edildi

Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun ailə üzvləri olan vəzifəli şəxslər işdən çıxarılıb. Sozcu.az Gundeminfo.com-a istinadla xəbər verir ki, onlardan biri 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin rəhbəri, S.Məmmədovun yeznəsi Dilavər Həmzəyev MMC ötən həftə ləğv edildiyinə görə işini itirib. S.Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyev, xalası oğlu - 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyev, qardaşı oğlu - 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəli, bacısı - AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyeva, bacısı - "Azəryolelmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi Mətanət Həmzəyeva, yeznəsi - 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər. Məlumata görə, AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirli Nazirlər Kabinetinə müraciət edib. NK-ya təqdim edilən yeni sənədlərdə AAYDA-nın strukturunun yenidən formalaşdırılması nəzərdə tutulur. Həmin sənədə əsasən, ilkin olaraq Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş AAYDA struktunun dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, Dövlət Agentliyinin strukturuna daxil olan, AAYDA tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatların (MMC) ləğv edilməsi nəzərdə tutulur. Eyni zamanda AAYDA-nın filal və nümayəndəliklərinin də yenidən formalaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, ötən həftə AAYDA-nın “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib. Hazırda Agentliyin tərkibində daha 7 belə MMC mövcuddur. Yaxın zamanlarda bu MMC-lərin də ləğv ediləcəyi bildirilir. Əlavə edək ki, bundan əvvəl AAYDA-da 9 vəzifəli şəxsin vəzifəsindən azad edilməsi barədə məlumat yayılmışdı.

Azərbaycanda bu məktəblər bağlanır? - Agentlik direktoru DANIŞDI

Azərbaycanda xüsusi təhsil müəssisələrinin bağlanacağı ilə bağlı iddialara aydınlıq gətirilib.   Sozcu.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib ki, həmin təhsil müəssisələrinin bağlanması gündəmdə deyil: “Xüsusilə məktəblərlə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan təhsil xidmətlərinin ləğv edilməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Bu qrupdan olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri fəaliyyətini davam etdirir və onlara lazımi xidmətlər göstərilir”.

Ermənistan Cilizə kəndini qaytarır?

Ermənistanın şimalında, Gürcüstan sərhədinə yaxın yerləşən və Alaverdi icmasına daxil olan Cilizə kəndinin demarkasiya prosesi çərçivəsində təhvil verilə biləcəyini iddia ediblər. Sozcu.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan sərhəd demarkasiyası çərçivəsində Cilizə kəndinin Gürcüstana veriləcəyi barədə yayılan məlumatları təkzib edib. “Yayılan məlumatlar dezinformasiyadır. Ölkənin suveren ərazisinin hər hansı hissəsinin təhvil verilməsi ilə bağlı heç bir bəyanat və ya razılaşma mövcud deyil”, – deyə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyası məsələsini müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərir, lakin proses uzun müddətdir ki, passiv mərhələdədir. Gürcüstan tərəfi Cilizə kəndini Aşağı Kartli vilayətinin ərazisi hesab edir. 

“Şahdağ” hoteli görün kimin imiş

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən Quba şəhəri Lütfizadə küçəsində yerləşən "Şahdağ" oteldə Quba Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin aşkarlanması barədə iddialara münasibət bildirib. Sozcu.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında yayılan məlumatları təkzib edib. Ə.Məhərrəmzadə deyib ki, sözügedən otel ona məxsus deyil: ""Şahdağ" hoteli qardaşıma məxsusdur. Orada qanunsuz tikinti yoxdur..."

İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir?

Azərbaycanda işləyənlərin sayında azalma qeydə alınıb. Belə ki, martın 1-nə olan məlumata görə, əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 784 min nəfərə düşüb. Bu isə ilin əvvəlindən 24 min nəfər azalma deməkdir. Buna səbəb nədir? Sozcu.az bildirir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, iş yerlərinin azalması bir neçə amillə bağlıdır: “İlk növbədə, bəzi sahələr mövsümi xarakter daşıyır. Məsələn, aqrar və turizm sektorlarında fəaliyyət ilin əvvəlində, xüsusilə birinci rübdə azalır, yay aylarına doğru isə bu sahələrdə aktivlik artır. Digər mühüm səbəb əmək bazarında baş verən dəyişikliklərlə bağlıdır. Son dövrlərdə əmək bazarında azalma tendensiyası müşahidə olunur və qlobal iqtisadi proseslər bu sahəyə birbaşa təsir göstərir. Bu tendensiya Azərbaycanda da özünü göstərir və bəzi hallarda ixtisarlar işçi sayının ciddi şəkildə azalmasına səbəb olur. Dövlət sektorunda aparılan struktur dəyişiklikləri də bu prosesə təsir edir. İdarəetmənin optimallaşdırılması çərçivəsində bir sıra qurumlarda, o cümlədən rayon icra hakimiyyətlərində ştat ixtisarları həyata keçirilir. Bu addımlar, əsasən, dövlət büdcəsi xərclərinin azaldılması və funksional yükü olmayan ştat vahidlərinin ləğvi məqsədi daşıyır. Ümumilikdə, bu ixtisarlar 3000-5000 işçini əhatə edəcək”. Ekspert bildirib ki, bəzi iri şirkətlər də maliyyə risklərini azaltmaq üçün ixtisarlara üstünlük verirlər: “Bu istiqamətdə müxtəlif qurumlarda, o cümlədən iri dövlət və özəl şirkətlərdə işçi sayının azaldılması halları müşahidə olunur. İşçi sayının azalmasına təsir edən digər mühüm amil əmək miqrasiyasıdır. Aşağı əməkhaqqı səbəbindən bir çox gənc ölkəni tərk edərək xaricdə işləməyə üstünlük verir. Son dövrlərdə azərbaycanlı mütəxəssislərin, xüsusilə həkimlərin Almaniya kimi ölkələrə üz tutması, eləcə də digər peşə sahiblərinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsi bu tendensiyanı gücləndirir. Qeyri-rəsmi məşğulluq da statistik azalmanı şərtləndirən amillərdəndir. Bəzi şəxslər yüksək vergi və sosial ödənişlər səbəbindən rəsmi fəaliyyətlərini dayandıraraq qeyri-rəsmi işləməyə üstünlük verirlər. Bu zaman fərdi sahibkarlıq fəaliyyəti bağlanır və nəticədə rəsmi statistikada işçi sayının azalması kimi qeydə alınır. Beləliklə, mövsümilik, struktur islahatları, ixtisarlar, əmək miqrasiyası və qeyri-rəsmi məşğulluq işləyənlərin azalmasına təsir göstərir”.

Anar Bayramov onları da işdən çıxardı

Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.

Azad olunmuş 4 şəhərin baş planı tamamlanır

İşğaldan azad olunan daha 4 şəhərin baş planı tamamlanmaq üzrədir.  Sozcu.az xəbər verir ki, bu barədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi çərçivəsində İmişli şəhərində keçirilən "Memarlıq və şəhərsalma sahəsində dövlət nəzarəti və prokurorluğun rolu" mövzusunda konfrans zamanı bildirilib. O da qeyd edilib ki, azad olunmuş ərazilərdə görülən işlərə də toxunulub. Bildirilib ki, bu bölgələrdə artıq 8 şəhərin baş planı tamamlanıb, daha 4 şəhərin baş planı isə tamamlanmaq üzrədir. 41 yaşayış məntəqəsinə köç prosesi həyata keçirilib.

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir. Bakupost.az-a daxil olan məlumata görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb. Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur. Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir. Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb.

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Yeni Konstitusiyada Bəyannaməyə istinad edilməməli olduğunu deyəndə mövqeyimi açıq şəkildə bildirdim. Niyə? Çünki bu, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər bu gün yeni bir Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad olsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - Paşinyan bildirib.

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib. Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub. 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Bazar günü keçirilən imtahan: DİM nəticələrin açıqlanma tarixini dedi

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib. Sozcu.az xəbər verir ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir - İRAD

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Onun sözlərinə görə, 2025-ci ildə dövlət satınalmalarının vaxtında keçirilməsində ciddi problemlər müşahidə olunub. Satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb və əsas cəmləşmə ilin sonuna təsadüf edib. “Satınalmaların 60%-i ilin birinci yarısında, 31,2%-i isə dördüncü rübdə həyata keçirilib”, – deyə Palata sədri bildirib. O qeyd edib ki, müsabiqə əsaslı satınalma aparmış 1430 təşkilatın 913-də (64%) bu proses yalnız ikinci rübdən başlayıb. Təxminən 130 təşkilat ilk satınalmanı iyun ayında, 70-dən çox təşkilat isə sentyabrda həyata keçirib. Vüqar Gülməmmədov əlavə edib ki, qurumların təqdim etdiyi ilkin məlumatların təhlili göstərir ki, hesabat ilində bağlanmış müqavilələrin təxminən 30%-i tam icra olunmayıb. Palata sədri satınalmaların nəticələrinin qiymətləndirilməsi sahəsində də ciddi çatışmazlıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, demək olar ki, heç bir təşkilat bu istiqamətdə sistemli fəaliyyət göstərmir. Bundan başqa, nəzarət tədbirləri göstərib ki, qurumların cəmi təxminən 10%-ində daxili nəzarət sistemi etibarlı və səmərəli hesab oluna bilər. Bununla yanaşı, Vüqar Gülməmmədov son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və izlənəbilirliliyin gücləndirilməsi istiqamətində müəyyən islahatların həyata keçirildiyini də qeyd edib.