Redaktor seçimi

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

İyunun 27-si səhər saat 5-də yatdığımız yerdə evimizin qapısını qırıb, mənzilə hücum etdilər. Sozcu.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərinə hücuma məruz qalan Səfərovlar ailəsinin üzvü Məhəmməd Səfərov deyib. O bildirib ki, maskalı şəxslər xüsusi hazırlanmış dəmir alətlə mənzilin qapısını qırıblar: "Birinci qapı döyüldü. Anam dedi ki, sahə müvəkkilidir. Yerimdən durub qapıya yaxınlaşdım, gözlükdən baxanda gördüm ki, qapıda 20-yə yaxın maskalı şəxs var. Dedilər ki, üçə qədər sayırıq, qapını açmasanız, qıracağıq. Mən qapını açmağa macal tapmamış, qapını qırıb evə daxil oldular. İçəri girən kimi hamımızı uzatdılar yerə, çıxdılar belimizə. Bellərindən dəmirli kəmərləri açıb başladılar bizi döyməyə. Məni, qardaşımı və atamı lüt soyundurdular, başladılar həmin kəmərlərlə bizi vəhşicəsinə döyməyə. Heç kimə heç nə demirdilər. 40 dəqiqə bizi evdə vəhşicəsinə döydülər. Sonra üçümüzü də yerlə sürüyə-sürüyə gətirib "QAZel" markalı mikroavtobusda ayaq altına atdılar. Sürüyəndə ayağım burxuldu, dedim ki, yeriyə bilmirəm. Başladılar yenə döyməyə ki, ayağa qalxmalısan, yoxsa öldürəcəyik. Üçümüzün də boynundan basıb sürüyə-sürüyə atdılar maşına. Sonra yenə "QAZel"də yerə yıxıb çıxdılar üstümüzə. Bizi maşında döyə-döyə apardılar polis idarəsinə. Qardaşımla məni bir kameraya saldılar, atamı ayrı kameraya. Kameraya salan kimi başladılar bədənimizə elektrik cərəyanı verməyə. Elektrik cərəyanı verirdilər, döyürdülər, işgəncə verirdilər. Deyirdilər ki, Paşayevi tanıyırsınızmı? 2001-ci ildən danışırdılar. Başqa heç nə demirdilər. Elə ancaq onu soruşub döyürdülər. Dedim ki, mən 1997-ci il təvəllüdəm, 2001-ci ildə mənim 4 yaşım olub. Dedilər ki, yəqin atandan eşidərsən, boynuna al". R.Səfərov deyir ki, polis idarəsində onlara deyiblər ki, ya döyüb öldürəcəklər, ya da könüllü formada Ukrayna döyüşlərinə göndərəcəklər: "Dedilər ki, ya sizi döyə-döyə öldürəcəyik, ya da Ukraynaya müharibəyə göndəririk. Mən bildirdim ki, 2018-ci ildə Rusiya vətəndaşı kimi hərbi xidmətdə olmuşam. Dedilər ki, fərqi yoxdur. Sonra yenidən başladılar bədənimizə elektrik cərəyanı verməyə. Sonra məni qardaşımdan ayırıb, dəhlizdə uzandırdılar. Dəhlizdən keçən hər kəs məni vurub üstümdən keçirdi. Başıma, bədənimə, qarnıma təpiklə vurub keçirdilər. Sonda məni ayağa qaldırıb dedilər ki, qol çək, səni Ukrayna döyüşlərinə göndəririk, ya orada öləcəksən, ya da polis bölməsində. Sənədləşmə aparırdılar ki, məni və qardaşımı Ukrayna döyüşünə göndərsinlər. Elə bu vaxt Azərbaycanın Yekaterinburqdakı diasporunun sədri Şahin Şıxlinski gəlib, bizi onların əlindən aldı. Yoxsa bizə qol çəkdirib Ukrayna müharibəsinə göndərəcəkdilər. Şahin müəllim danışıqlar aparıb məni və qardaşımı azad etdi. Hazırda yeriməyə çətinlik çəkirəm".

Paşinyan Ter-Petrosyanı da hədələdi

"Mən bayaq xəbər tutdum ki, dövləti məhv edən vəba Levon Ter-Petrosyan kilsəni məhv edən vəba Ktriç Nersisyanla (II Qaregin-red.) dünən görüşüb. İndi araşdıracağam görüm, onlar nə boş-boş danışıbar". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yazıb. Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyunun 25-də bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. Ermənistan KİV-nin məlumatına görə, bir saata yaxın davam edən görüşdə ölkədəki mövcud vəziyyət, baş nazir Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etdirməsi məsələsi müzakirə olunub. Levon Ter-Petrosyan Paşinyanı məğlubiyyətin təcəssümü adlandırıb. Eks-prezident deyib ki, baş nazir Qarabağ müharibəsində biabırçı şəkildə uduzdu, erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq.

Kimya müəllimlərindən Emin Əmrullayevə etiraz - imtahan yenidən keçirilsin

Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanı ilə bağlı sosial şəbəkələrdə narazılıq artır. Müəllimlər imtahanın məzmununun kimya fənninə uyğun olmadığını, sualların əsasən riyazi yönümlü olduğunu bildirirlər. Sozcu.az xəbər verir ki, kimya müəllimləri onlar üçün sertifikasiya imtahanının yenidən təşkil edilməsini tələb edirlər. Kimya müəlliməsi Sara Huseyn bildirib ki, onlar kimyadan yox, riyaziyyatdan imtshan veriblər: “Kimya adı altında riyaziyyatdan imtahan verdik. Biz məktəbdə kimya fənnini tədris edirik, riyaziyyat yox. Suallar vaxt aparan və mərhələliydi, 2 saat bu suallar üçün az vaxtdır. Kimyadan maksimum nəticə yoxdur. 49 balla imtahandan keçdim, amma 50+ olması üçün vaxtım çatmadı. Eyni gündə imtahan verən kimya və biologiya arasında ayrı-seçkilik oldu.” Digər bir müəllim – Afaq Cəbrayıllova isə imtahanda düşən sualların ümumiyyətlə kimya elminə uyğun gəlmədiyini qeyd edir: “Kimya müəllimlərinin sertifikatlaşdırma imtahanında salınan suallar heç də kimya elminə uyğun olmayan suallar idi. Mən kimya müəllimi olaraq bilmədim kimyadan, yoxsa riyaziyyatdan imtahan verdim. 48 bal toplasam və imtahanın test mərhələsindən keçsəm də, mən bu sualların təhlil olunmasını tələb edirəm. Yeni kimya müəllimləri bu qədərmi aciz və savadsız oldular ki, bu sualların öhdəsindən çoxluq olaraq gələ bilmədilər?” Şərifə Nəcəf Məmmədova isə sualların fənlər üzrə qeyri-bərabər səviyyədə tərtib olunmasından narazıdır: “Nəyə görə suallar salınanda bütün fənlərdə səviyyələr eyni olmur? Biologiya asan, kimya çətin salınıb. Kimya müəllimlərinin imtahanı riyaziyyat imtahanı kimi çox vaxt aparan olub. Müəllimlər haqlıdır – onlar riyaziyyat yox, kimyadan imtahan verirdilər.” Narazılıq edən müəllimlərin bununla baölı sosial şəbəkələrdə yazdıqlarını təqdim edirik: Tribunainfo.az

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan biri Elnur Kazımovdur. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, Elnur Kazımov ədliyyə general-mayoru Rasim Kazımovun qardaşıdır. O, 2022-ci ilədək hərbi prokurorun müavini olub. R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunub.

Əmrullayev: Onlara müəllim demək ədalətsizlikdir

Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib. Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin: "Müəllim olmaq çox çətin peşədir. Bu ixtisası insan özü seçir. Uşaqlarla, valideynlərlə işləmək heç də asan deyil. 30 sualdan 30-a da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə "müəllim" demək ədalətsizlikdir". E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib. Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır: “Bu sahədə geri qalırıq”.

Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən...

2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil. İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq — bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir. Biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq. Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “aç qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır. O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir — o artıq bu peşədə yeri olmayan biridir. Sertifikasiya — savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir. İndi bu mexanizmi zəiflətmək, keçid balını endirmək, sualları sadələşdirmək tələb edənlər ya savadsızlığın bayraqdarıdır, ya da təhsilin nə demək olduğunu heç vaxt anlamayıblar. Əgər bir müəllim “mən imtahandan kəsildim çünki suallar çətin idi” deyirsə, o zaman illərlə dərs dediyi yüzlərlə şagirdə cavab versin. Bu illər ərzində nə öyrədib? Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb? Dərs zamanı şagirdin sualına nə cavab verib? Belələrinin təhsil sistemində qalması — uşağın vaxtını, potensialını və gələcəyini oğurlamaqdır. Ac qalmasınlar deyə gələcəyimizi məhv edə bilmərik. Əgər vicdanınız imkan vermirsə onları çöldə qoymağa, o zaman maaşınızı bölüşün, evinizə aparın. Amma məktəblərdən kənarda saxlayın! Çünki məktəb sosial yardım yeri deyil — cəmiyyətin təməlinin qurulduğu məkandır. O təmələ savadsız, sistemsiz, öz üzərində işləməyən, kitab üzünü açmayan birini buraxmaq — millətin məhvinə razı olmaq deməkdir. Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. O ümidin qarşısına keçmək istəyən hər kəs — istər müəllim, istər valideyn, istər ictimai müdafiəçi — bir şeyi anlamalıdır: Bu ölkədə gələcək, ancaq biliklə, bacarıqla, əxlaqlı və peşəkar müəllimlə qurula bilər. Qalanları — ya dəyişəcək, ya da təhsil sistemindən silinəcək! Kamran Əsədov, təhsil ekspeti

Qəzza sakinləri türk ölkələrinə köçürülür?

Qəzza zolağı sakinlərinin Qazaxıstan, Özbəkistan və Tacikistana təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar dezinformasiyadır. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. “Bu məlumat həqiqətə uyğun deyil. Sizdən yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, - deyə Qazaxıstan XİN bildirib. Qeyd edək ki, yayılan iddialarda Qəzzadan mərhələli təxliyənin 2026-cı ildə başlayacağı iddia edilib.

Şahramanyanın həbsi gözlənilir

Qarabağda ləğv olunmuş separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan ikinci dəfə Ermənistan İstintaq Komitəsi qarşısına çıxmaq üçün bildiriş alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti məlumat yayıb. O, iyunun 27-də dindirilməlidir. Qeyd olunub ki, bu proses Şahramanyanın həbsi ilə başa çatacaq. Xatırladaq ki, istintaq orqanı 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı səhlənkarlıq və sursatların ələ keçirilməsi hadisəsi ilə bağlı araşdırma aparır.

İran İsrailin kəşfiyyat mərkəzinə hücum etdi

İran bu gün səhər saatlarında İsrail ordusunun kiber komandanlığının C4I qərargahına və Qav Yamdakı kəşfiyyat mərkəzinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Solovyov Azərbaycanla bağlı yenə sərsəmlədi

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib. İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma “Artsax”ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin “Artsax” kimi olacağını deyib. Rusiya "propaqandaçısı" Solovyov guya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib. Qeyd edək ki, “Rossiya 1”in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

İsrail İranda hakimiyyəti dəyişmək istəyir, ABŞ isə razı deyil...

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya İsrailin İranın nüvə potensialını məhv etmək istəyini dəstəkləyir, lakin İslam Respublikasında hökuməti dəyişmək istəyini bölüşmür. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb. Nəşrin yazdığına görə, Tramp İranın 86 yaşlı ali lideri Əli Xamneyinin öldürülməsi planına qarşı çıxıb. Baş nazir Benyamin Netanyahu dünən deyib ki, İsrail İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək və regionda iranpərəst hərbi və siyasi qüvvələri aradan qaldırmaq məqsədi daşıyır. O qeyd edib ki, hərbi əməliyyat respublikada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Ancaq adını açıqlamayan İsrail rəsmiləri İranda rejim dəyişikliyinin İsrailin təhlükəsizlik kabinetinin təsdiqlədiyi hədəflər arasında olmadığını bildiriblər. Hərbçilər hökumətdən belə bir göstəriş almadıqlarını vurğulayıblar.

Zaman bizim zamandır!

Geopolitik reallıqlar fonunda Azərbaycanın mövqeyi və Güney Azərbaycan məsələsi Müharibə, nəticəsi əvvəlcədən məlum olan və əsasən günahsız insanların əzabına səbəb olan faciədir. Müharibənin mənəvi və fiziki fəsadları zamanla yox olmur – əksinə, nəsildən-nəslə ötürülən travmalara çevrilir. Ağlı başında olan heç bir insan, heç bir dövlət, heç bir cəmiyyət müharibəni arzulamaz. Lakin zaman-zaman elə mərhələlər olur ki, siyasi susqunluq və ya passivlik daha böyük fəlakətlərə yol açır. Hazırda İran və İsrail arasında gərginlik artıq lokal sərhədləri aşaraq genişmiqyaslı münaqişə potensialı daşıyan bir mərhələyə keçib. Bu fonda Azərbaycan dövləti təmkinli və strateji baxımdan tərəfsiz mövqe sərgiləməlidir. Bu, sadəcə diplomatik balans deyil – bu, Azərbaycanın milli təhlükəsizliyi, regional sabitlik və daxili sosial konsolidasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin “tərəfsiz qalmaq” – “bigənə qalmaq” anlamına gəlməməlidir. Azərbaycan dövləti İranın gələcək taleyində öz sözünü deməyə hazır olmalı, xüsusilə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımıza mənəvi və siyasi dəstəyini ifadə etməlidir. Tarix, coğrafiya və mədəniyyət bizə bu məsuliyyəti yükləyir. Hal-hazırda İranın tamamilə dağılacağı ehtimalı hələ də qeyri-müəyyəndir. Çox güman ki, Qərb dairələri, xüsusilə ABŞ, İran daxilində əməkdaşlıq edə biləcəyi qüvvələri dəstəkləyərək, orada federativ və dünyəvi bir dövlət modeli formalaşdırmağa çalışacaq. Belə bir konfiqurasiya daxilində Güney Azərbaycan türkləri sadəcə seyrçi yox, prosesin birbaşa iştirakçısı olmalıdır. Azərbaycan dövləti də bu prosesdə aktiv şəkildə iştirak etməli, soydaşlarımızın hüquqlarının pozulmasına imkan verməməli, onların mədəni və siyasi haqlarını beynəlxalq səviyyədə gündəmə gətirməlidir. Rusiya və İran kimi, Azərbaycanın müstəqilliyini heç vaxt tam qəbul etməyən iki əsas qonşunun eyni vaxtda daxili siyasi və sosial böhran yaşadığı nadir bir tarixi dövrdəyik. Bu, uzun illərdir ki, bölgədə sabitliyi və inteqrasiyanı boğan güclərin zəifləməsi üçün fürsət pəncərəsidir. Eyni zamanda, bəzi media platformalarında və sosial şəbəkələrdə “Təbrizi vurdular”, “Soydaşlarımız ölür” kimi emosional şüarlarla panika yaradılmasına da diqqət yetirmək lazımdır. Bu tip yanaşmalar, bəzən, fars rejiminin təbliğat maşınına xidmət edir. Unutmayaq: azadlıq heç kimə gümüş sinidə verilmir. Azadlıq haqq uğrunda savaşan, mübarizə aparan xalqların əldə etdiyi dəyərdir. Bu yolda millətin birliyi, strateji baxışı və intellektual hazırlığı mühüm rol oynayır. Digər tərəfdən, "İranda Kürdüstan qurular" deyərək qorxu yayan dairələr də yeni heç nə demir. Bu, illərdir ki, gündəmdə olan bir plandır və Azərbaycan ictimaiyyəti bu məsələlərə emosional deyil, siyasi baxımdan rasional münasibət bildirməlidir. Əgər bir təhlükə və ya plan səni narahat edirsə, onunla bağlı hay-küy salmaq yox, həmin planın qarşısını almaq üçün konkret fəaliyyət göstərmək lazımdır. Qorxutmaq əvəzinə alternativ – yəni Türküstan ideyasını ortaya qoymaq daha məntiqli və realist yanaşmadır. İranda baş verən proseslər artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Azərbaycan üçün ən doğru mövqe – prosesləri soyuqqanlılıqla izləmək, milli maraqları əsas tutaraq strateji qərarlar verməkdir. İsrail və İran arasında vasitəçilik cəhdləri deyil, gələcək proseslərin Azərbaycanın milli təhlükəsizliyi və milli kimliyi baxımından doğuracağı nəticələrə hazır olmaq daha prioritetdir. Azərbaycanın gerçək mənada müstəqil və güclü dövlətə çevrilməsi üçün Rusiya və İran kimi hegemon dövlətlərin regionda zəifləməsi vacibdir. Bu zəifləmə artıq özünü göstərməyə başlayıb. Qarşıdakı dövrdə daha böyük siyasi dəyişikliklərin şahidi olacağıq. Narahat olmağa ehtiyac yoxdur. Tarix bir daha bizə sübut edir ki, zaman bizim zamandır! Elşən Əlisoy, Müsavat Partiyası Məclisinin üzvü, "Sozcu.az" saytının rəhbəri