Azərbaycan Ordusunun hərbçisinin Kəlbəcərdə minaya düşməsi faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib. Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq aparılır.
Dünyanın ən zəngin adamı - milyarder İlon Mask özünün X sosial şəbəkəsində ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri vəzifəsindən getdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, milyarder Vaşinqtonda tanış olmayan mühitə uyğunlaşmaq üçün mübarizə aparıb və gözlədiyindən qat-qat az nailiyyət əldə edib. Ağ Evdəki anonim mənbə Maskın vəzifəsindən getdiyini təsdiqləyib. Mask sosial mediada yazıb ki, onun “xüsusi dövlət işçisi kimi” müddəti başa çatıb. İlon Mask ABŞ Prezidenti Donald Trampa "israf xərclərini azaltmaq səylərinə görə" təşəkkür edib. “Forbes”in reytinqinə əsasən, İlon Maskın sərvəti hazırda 428,6 milyard dollara çatıb.
Rusiya Vatikanın Ukrayna ilə danışıqlarda vasitəçilik təşəbbüsünü, eləcə də ABŞ və Avropanın atəşkəslə bağlı çağırışlarını rədd edib. Bu isə onu göstərir ki, Rusiya lideri Vladimir Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil və buna görə də daha uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır. Sozcu.az "Sky News"a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merts Finlandiyanın Baş naziri Petteri Orpo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Müharibələr adətən tərəflərdən birinin və ya hər ikisinin iqtisadi və ya hərbi cəhətdən tükənməsi ilə bitir. Bu müharibədə isə biz hələ bu mərhələdən uzağıq", - kansler qeyd edib.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 27-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Əliyev övladı Səbuhi Əliyevin Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən öldürüldüyünü bildirib. Zərərçəkmiş şəxs Seymur Teymurov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin onun ibarət etdiyi avtomobilə düşməsi nəticəsində iki nəfər həlak olub, özü isə yaralanıb. Digər zərərçəkmiş şəxs Rafiq Əhmədov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət aldığını bildirib. Zərərçəkmiş Ramil Ələkbərov Xankəndidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını söyləyib. Mehman Quliyev Kəlbəcərdə düşmən tərəfindən ağır artilleriya atəşinin açılması zamanı qəlpə dəyməsi nəticəsində sağ gözünü itirdiyini deyib. Rəşad Abdullayev Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən tank əleyhinə raketin atılması nəticəsində xəsarət aldığını bildirib. Digər zərərçəkmiş şəxslər - Elsevər Nəzərov Ağdərədə, Fəqan Haqverdiyev Ağdam rayonunda, Sirac Niftalıyev Xocalı rayonunda, Nadir Balayev, Rauf Yusifov və Orxan Fərzəliyev isə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər. Mirsaleh Heydərzadə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Şuşada düşmən tərəfinin atəşi nəticəsində yaralandığını söyləyib. O deyib ki, avtomobillə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən meşəlik istiqamətindən açılan atəş nəticəsində özü və avtomobildə olan digər şəxs yaralanıb. Zərərçəkmiş şəxs Rahim İbrahimov Ağdərədə düşmən tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib. Aqil İspərzadə Xocavənd rayonu ərazisində düşmən tərəfindən mərmi atılması nəticəsində xəsarət alıb. Hadisə zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. Zərərçəkmiş Ramil Xankişiyev bildirib ki, Ağdərədə kolların arasında düşmənin basdırdığı minanın partlaması nəticəsində özü və Xası Verdiyev yaralanıb. Hadisə zamanı Mirmusa Mehdizadə həlak olub. Digər zərərçəkmiş şəxs Nemət Rüstəmov Xocavənddə düşmənin açdığı snayper atəşi və atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib. Ərzulla Tağıyev Xocavənd rayonunda ermənilər tərəfindən minaatandan açılan atəş nəticəsində yaralandığını deyib. Zərərçəkmiş şəxs Abdulla Əsgərzadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Xocavənddə tibb xidməti avtomobili ilə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin düşərək partlaması nəticəsində özü və Ərzulla Tağıyev yaralanıb. “Həmin vaxt avtomobilin üzərində tibb xidməti maşını olmasını bildirən nişanın olmasına baxmayaraq, onlar bizi atəşə tutdular”, - deyə o qeyd edib. Zərərçəkmiş digər şəxs Vaqif Xeyrullayev bildirib ki, Laçın rayonunda düşmənin açdığı atəş nəticəsində yaralanıb. Həmin vaxt onunla birlikdə olan Mirtalıb Ağayev həlak olub, Oruc Rzayev və adını xatırlamadığı bir neçə nəfər xəsarətlər alıb. Mirhüseyn Dostuyev Xocavənddə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində sağ ayağından güllə yarası aldığını deyib. Zərərçəkmiş şəxslər - Pərviz İskəndərli və Samir Fərzəliyev Xocalı rayonunda yaralanıqlarını söyləyiblər. Samiq Əliyev Şuşa şəhəri yaxınlığında düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində xəsarət aldığını vurğulayıb. Emil Cəfərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş şəxs Tural Dadaşov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib. O qeyd edib ki, həmin vaxt adını xatırlamadığı bir neçə nəfər həlak olub. Nüsrət Kərimov Ağdam rayonunda düşmən tərəfinin atəşi nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs onunla birlikdə yaralanan şəxslərdən birinin hələ də xəstəxanada müalicəsinin davam etdiyini bildirib. Aslan Əzizov isə diqqətə çatdırıb ki, Ağdam rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində özü, Namiq Zöhrabov və Nüsrət Kərimov müxtəlif növ bədən xəsarətləri alıblar. Məhəmməd Qəyyumlu və Murad Hüseynov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandıqlarını söyləyib. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Hazırda Cənubi Qafqazda - Ermənistan və Azərbaycan arasında möhkəm sülh qurmaq üçün nadir fürsət var. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə dialoq prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib. “Həm Azərbaycan, həm də Ermənistan heç nəyi güzəştə getmədən razılıq əldə edə bilər. Artıq sülh sazişinin mətni hazırdır və danışıqlar yekunlaşıb. Tarixi şansımız var ki, bu sazişi imzalayıb ratifikasiya edək. Bu saziş regionda bütün kommunikasiyaların açılmasına səbəb olacaq - həm Azərbaycanla Ermənistan, həm də Ermənistanla Türkiyə arasında. Bu isə Cənubi Qafqazın təhlükəsizlik durumunu və regiondakı vəziyyəti kökündən dəyişəcək”, - o qeyd edib.
"Tramp ilk dəfə olaraq Putin haqqında sərt danışıb. O, əvvəlcə hava limanında jurnalistlərə açıqlamasında, daha sonra isə sosial mediada Rusiyanın Ukraynaya son raket hücumuna münasibət bildirərkən Putini heç bir səbəb olmadan Ukrayna şəhərlərini atəşə tutaraq dinc sakinləri öldürməkdə ittiham edib. Putinin tamamilə ağlını itirdiyini söyləyən ABŞ prezidenti onun əməllərindən narazı olduğunu deyib". Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, Tramp Rusiyanın Ukraynanın ayrı-ayrı hissələrinə deyil, bütün Ukraynaya sahib olmaq istədiyini də vurğulayaraq bunu həyata keçirməyə çalışacağı halda Rusiyanın çökəcəyi haqda xəbərdarlıq edib: "Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmağı düşünüb-düşünmədiyi barədə suala təsdiqedici cavab verən Tramp Zelenskini öz açıqlamaları ilə vəziyyəti mürəkkəbləşdirməkdə qınamağı da unutmayıb. Trampın Rusiyaya qarşı mövqeyini sərtləşdirməsində Konqresdəki əhval-ruhiyyənin ciddi rolu var. Respublikaçılar Rusiyanın son hücumlarına sərt reaksiya veriblər və Putinin Trampın sülh təşəbbüslərini rədd etməsindən qəzəbləniblər. Respublikaçıların Senatdakı lideri Con Tun Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyin vaxtının çatdığını deyib. Layihəyə rekord sayda - 82 senatorun imza atması onun asanlıqla qəbul olunaraq prezident tərəfindən imzalanacağını göstərir. Bununla bərabər, icra hakimiyyəti səviyyəsidə, prezidentin sərəncamları ilə sanksiyaların tətbiqi ehtmalı da var."
“Qarabağ müharibəsi ilə bağlı bəzi paradoksal və ziddiyətli məsələlər var. Bu məsələlər aradan qaldırılmalıdır”. Bu sözləri "Yeni Sabah"a hərbi ekspert Üzeyir Cəfərov deyib. Ehtiyatda olan polkovnik bildirib ki, hər iki Qarabağ müharibəsinin iştirakçılarına bərabər yanaşma olmalıdır: “Mayın 6-da Prezidentin hərbi məsələlər üzrə köməkçisi general-mayor Fərid Seyidovun qəbulunda oldum. Xeyli məsələləri qaldırdım. Necə olur ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərə baş nazirin imzası ilə “Vətən müharibəsi iştirakçısı” döş nişanı verilir, amma bizə, Birinci Qarabağ müharibəsi iştirakçılarına o döş nişanı verilmir? Axı Vətən eyni vətəndir, dövlət eyni dövlətdir, ordu həmin ordudur. Fərid Seyidov mənimlə razılaşdı ki, doğru deyirsiniz, vahid yanaşma olmalıdır. Yəni birmənalı olaraq o döş nişanı Birinci Qarabağ müharibəsi iştirakçılarına da verilməlidir”. Ü. Cəfərov qeyd edib ki, şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar: “Bəzi yerlərdə şəhid olmuş şəxsin sadəcə ad-soyadını yazırlar. Məsələn, Əliyar Əliyev küçəsi. Əliyar Əliyev Azərbaycanın həm Milli Qəhrəmanıdır, həm də şəhiddir. Siz Binəqədi rayonunu nümunə çəkdiniz. O rayonda Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ailəsi yaşayır. Binəqədinin icra hakimiyyətinə təklif etdik ki, Allahverdi Bağırovun adı küçələrdən birinə verilməklə əbədiləşdirilsin. Anmma bu günə qədər həmin bu məsələ həllini tapmayıb. Ən maraqlısı odur ki, Nazirlər Kabinetinin yerləşdiyi küçənin adı Lermontovun adınadır. Halbuki o küçəyə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi üçün canından keçmiş, generallardan, yaxud sıravi şəhidlərdən birinin adını vermək olar. Mən bunu dəfələrlə rəsmi görüşlərdə də demişəm. Şəhidlərin adına verilən küçələrdə adlarla yanaşı onların statusunun da qeyd edilməsi daha yaxşı olar”. Xatırladaq ki, sosial şəbəkələrdə şəhid adları daşıyan küçələrdə ad-siyaddan qabaq "şəhid" sözünün qeyd olunmamasına da dair müzakirələr gedir. Etirazla qarşılann bu hallardan biri də Binəqədidəki Şəhriyar Qasımov küçəsinə aiddir. İkinci Qarabağö müharibəsi şəhidinin adı həmin küçəyə bir müddət əvvəl verilib.
Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) baş0çısı İbrahim Kalın Suriya Prezidenti Əhməd əş-Şara, xarici işlər naziri Əsəd əş-Şeybani və Təhlükəsizlik Təşkilatının başçısı Hüseyn əs-Səlami ilə Suriyada görüşüb. Sozcu.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb. Bildirilib ki, görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanaraq Türkiyənin, hər zaman Suriyanın yanında olacağından bəhs olunub. Görüş zamanı həmçinin sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, İsrailin Suriyaya hava hücumları müzakirə edilib.
Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. O həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına AÇIQ MƏKTUB Surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov cənabına. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına. Dövlət Neft Şirkətinin prezidenti cənab Rövşən Nəcəfə! Yüksək vəzifəli məmurlara... Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist RƏHİMLİ XATİRƏ ƏZİZ qızından (Xatirə Əziz) açıq məktub. Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm, 25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə 39 dəfə kirayə "ev"lərə köçmüşük. (əgər ev demək mümkünsə). Çox böyük təəssüf hissilə deyirəm ki, jurnalistlər üçün tikilmiş 3 yaşayış binasının heç birində mənə mənzil verilmədi. Mənzil problemimlə bağlı Azərbaycan Prezidentinə, dövlətin aidiyyatı qurumlarının rəhbərlərinə, məmurlara və yüksək vəzifəli şəxslərə açıq məktub şəklində yazılı müraciət etmək qərarına gəldim. Alman filosofu, filoloqu, mədəniyyətşünası, şairi, bəstəkarı Fridrix Nitsşe belə söz deyib: "Yaşamaq üçün səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz". Bəli, tamamilə düzgün və çox düşündürücü sözlərdir. Elə mənim də yaşamaq üçün çox səbəbim var. Çünki mən YARADICI insanam, ədəbiyyat adamıyam, şair-jurnalistəm, yazıb yaratmalıyam. Cənab məmurlar, məni mənzillə təmin edin ki, kirayə daxmalarda min bir əzab-əziyyət içində yaşamaqdan canım qurtula bilsin... Mənzilim olmadığı üçün uzun illər ailə üzvlərimlə birlikdə məcburiyyət qarşısında qalaraq 39 dəfə kirayə "mənzil"lərə köçüb çox çətin şəraitdə yaşamışıq. Kirayələrdə - başqalarının "mənzil"ində illər boyu zülüm içində, min bir əzablarla yaşamaq sözün əsl mənasında çox çətindir və çox ağrılıdır. Azərbaycanda mənim kimi elə ziyalılar var ki, kirayə qaldıqları, divarından kifli qara su axan soyuq daxmaların küncündə, qaranlıq zirzəmilərdə çürüyərək ürəkləri qubar olub çərləyirlər. Paytaxt Bakıda minlərlə hündürmərtəbəli yaşayış binaları tikilib. Həmin çoxmənzilli binaların hər birində yüzlərlə boş mənzillər var. O da məlumdur ki, həmin yaşayış binalarındakı yeni mənzillərin bir neçə faizi dövlətin tabeliyində olur. Nə üçün o mənzillərdən digər ədəbiyyat adamlarına, sənət adamlarına və jurnalistlərə verildiyi kimi mənə verilmir? Mən niyə mənzillə təmin olunmuram? Axı səhhətimdə çox ciddi problemlər var. Çünki neçə illər cəbhə bölgələrində ana Vətənin keşiyində dayanan qorxmaz, Vətənsevər əsgərlərin qarşısında şair-jurnalist kimi çıxış etmişəm. Ədəbiyyat adamı kimi və şair-jurnalist olaraq göstərdiyim fəaliyyətimlə Vətəni düşməndən qoruyan əsgərlərin ürəyində neçə illər Vətənpərvərlik ruhunu aşılamışam. Uzun illərdir qələmimi süngüyə çevirib Qarabağ torpağına-cəbhə bölgələrinə dəfələrlə çoxlu sayda səfər etmişəm. Cəbhənin ən qaynar nöqtələrində ayrı-ayrı N saylı hərbi hissələrdə, taborlarda, bölüklərdə gün ərzində-hətta elə olub ki, 7- 8 dəfə tədbir keçirmişəm, Vətənpərvərlik mövzusunda çoxlu sayda görüşlər təşkil etmişəm. Bu görüşlər Vətənin keşiyində duran əsgərlərimiz tərəfindən çox yüksək səviyyədə qarşılanıb. Cəbhə bölgələrinin hər bir kəndində Vətəni düşməndən qoruyan igid oğullarımızın, əsgərlərimizin önündə şair-jurnalist kmi saysız-hesabsız görüşlərdə çıxışlarım olub. Ağdamda, Tərtərdə, Füzulidə, Beyləqanda, Naftalanda, Qazaxda, Goranboyda, Tovuzda, Ağstafada, Şəmkirdə, Yuxarı Ağcakənddə, Aşağı Ağcakənddə, Gəncədə, Daşkəsəndə, Toğanalıda, Bakı və Bakı ətrafında, eləcə də ən yüksək zirvədə yerləşən Murovdağda, həmçinin digər rayon və kəndlərdə yurdum Azərbaycanın Vətənpərvər, igid əsgərlərinin qarşısında şair-jurnalist olaraq yaddaqalan görüşlər keçirmişəm, tədbirlərdə yüksək səviyyədə iştirakım olub. Əsgərlərdə Vətənpərvərlik ruhunu aşılayıb, onlara ana Vətəni sevdirməyi bacarmışam. Böyük qürur hissilə deyirəm ki, həm bir VƏTƏNDAŞ kimi, həm də şair-jurnalist olaraq göstərdiyim və nümunə olacaq bu fəaliyyətimlə fəxr edirəm. Fəxarətlə söyləyirəm ki, şair-jurnalist kimi əsgərlərin qarşısında çıxış etdiyim günlər ömrümün ən xoşbəxt, ən bəxtəvər günləridir. Onu da qeyd edim ki, yuksəklikdə yerləşən Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın, Əzgillinin, eləcə də digər rayon və kəndlərin sərt qışında, soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm olub, bronxlarımda allergiya, nəfəsimdə isə çatışmazlıq, nəfəsdarlığı yaranıb. Vətənimə canım fəda. Təki VƏTƏN yaşasın! Ürək ağrısı ilə deyirəm ki, neçə illərdir nəfəsdarlığına, nəfəsçatışmazlığına görə normal şəkildə nəfəs ala bilmirəm. Yəni səhhətimdə yaranmış problemdən sözün əsl mənasında əzab-əziyyətə, ağrılara düçar olmuşam. Ayrı-ayrı dərman preparatlarından, eləcə də Almaniya istehsalı olan bir neçə adda aerozoldan istifadə etməklə nəfəs alıram. O da məlumdur ki, bu müalicələr böyük maliyyə hesabına başa gəlir. Səhhətimdəki bu problemlər ucbatından neçə ildir ki, bronxial-astmadan əziyyət çəkirəm. Hal-hazırda divarları su içində olan, kifə bürünən, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş örtüklə döşənmiş, divarlarından qapqara kifli su axan "ev"də (əgər ev demək mümkünsə) çox böyük çətinliklə baş-başa qalıb zülüm içində yaşayıram... MƏN, şair-jurnalist kimi VƏTƏNimə xidmət edirəm. Amma təəssüflər olsun ki, Bakı şəhərində yeni tikilmiş yüzlərlə yaşayış binaları olsa da, dövlətin aidiyyatı qurumlarının rəhbərləri məni mənzillə təmin etmirlər. Çox sevdiyim Vətənimə yetərincə xidmətim var. Təəssüf hissilə bir daha vurğulayıram ki, bu problemlə bağlı dövlətin aidiyyatı qurumlarına dəfələrlə yazılı müraciət etsəm də, yüksək vəzifəli şəxslər, məmurlar ailə üzvlərimlə birlikdə yaşamaq üçün mənə mənzil vermirlər. Vətəninə yüksək səviyyədə xidməti olan ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı nə üçün belə münasibət göstərilir? Cənablar, bir daha sizlərdən artıq dərəcədə xahiş edirəm ki, məni mənzillə təmin edin, ömrümü-günümü öz ana VƏTƏNimdə kirayədə zülüm içində yox, normal şəkildə yaşaya bilim. Bir daha qeyd edirəm ki, səhhətimdəki problemin ağırlığına, ciddiliyinə görə demək olar ki, hər ay müalicə qəbul edirəm. Səhhətimlə bağlı qarşılaşdığım problemlər şair-jurnalist kimi yaradıcılığıma çox mane olur. Ən əsası isə mənzilim olmadığı üçün YARADICI insan kimi, şair kimi, jurnalist kimi, ədəbiyyat adamı kimi yaradıcılığımla çox ciddi məşğul ola bilmirəm. İnsan məgər ömrü boyu kirayə mənzillərdə yaşayarmı? Ailə üzvlərimlə birlikdə köçüb yaşadığımız 39 kirayə "mənzil"də həqiqətən də çox böyük əzab-əziyyət çəkmişik. MƏN, saysız-hesabsız təbii sərvətlərə malik, milyonlar səltənəti olan Azərbaycanın VƏTƏNDAŞıyam axı. Mənim çox zəngin ölkəm olduğu halda nəyə görə MƏN, kirayə "mənzil"lərdə dözülməz vəziyyətdə, məşəqqət içində yaşamalıyam? Azərbaycanın ziyalı xanımı kimi düşünürəm ki, ölkə başçısının tapşırığı ilə çox yaxın günlərdə mənzil problemim öz həlli yolunu tapacaq! Bu ay, yəni MAYın 25-də ulu Şirvan yurdunda-Ağsuda dünyaya göz açdığım gündür. Ömrümün belə bir əlamətdar günündə Azərbaycan Prezidenti cənab İlham Əliyev məni mənzillə təmin etsə, bu, şair-jurnalist kimi, ədəbiyyat ADAMı kimi mənə dövlətim tərəfindən sözün həqiqi mənasında çox qiymətli hədiyyə olar! Düşünürəm ki, ölkə başçısı şair-jurnalist kimi Vətənimə göstərdiyim yüksək əməyimi qiymətləndirər və məni də digər ədəbiyyat adamları kimi, jurnalistlər kimi evlə təmin edər. İyulun 22-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək. Ümid edirəm ki, jurnalist kimi 25 illik fəaliyyətimə dövlət tərəfindən dəyər verilər, mən də mənzillə təmin olunaram... Əminəm ki, mənzil problemimlə bağlı rəsmi qaydada etdiyim müraciətlərim öz ünvanına çatsa, eləcə də bu məsələ ilə əlaqədar olaraq mənimlə bağlı ölkə prezidentinə təqdimat göndərilsə, cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər. P. S. İnanıram ki, doğma ana Vətənimdə mənim də mənzilim olacaq!!! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist
Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır. Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib. "Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq", - deyə M.Zeynallı açıqlayıb. Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.
Rusiya ilə Ukrayna arasında danışıqlarda AB və Türkiyə də fəal səylər göstərir. Lakin diqqət çəkən başqa bir oyunçu da var: səhnə arxasında səssiz, amma təsirli diplomatiya aparan Böyük Britaniya. Sozcu.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib. “Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell Ukraynanın Avropa ilə münasibətləri və NATO-ya inteqrasiyası baxımından mühüm bir fiqur kimi ön plana çıxır. Pauell hazırda üzərində işlənən mümkün atəşkəs razılaşmasının əsas şərtlərinin və ümumi strategiyasının hazırlanmasında önəmli rol oynayır”, - ekspert bildirib. Öztürk qeyd edib ki, Pauell əvvəllər Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin Şimali İrlandiya üzrə sülh prosesi zamanı nümayəndəsi olub və bu uğurlu təcrübəsi ilə Avropada tanınmış diplomatlardan biridir: “Hazırda onun əsas məqsədi Ukraynanın müharibədən sonrakı mərhələdə ABŞ yox, Avropa mərkəzli bir sistemə inteqrasiya olunmasına dəstək verməkdir. Pauell dünyanın müxtəlif yerlərində oxşar münaqişələrin həlli proseslərində iştirak edib və Rusiyada “müasir dövrün Tomas Eduard Laurensi” kimi təsvir olunur. Bu bənzətmə onun mürəkkəb geosiyasi böhranlardakı fəal və yönəldici rolunu əks etdirir”.