"Alman sosial-demokratları arasında Rusiya ilə münasibətdə fikir ayrılığı yaşanır..."
Almaniyanın iqtidarda olan Sosial Demokrat Partiyası (ASDP) Berlin qurultayında Rusiya siyasətinə dair kəskin daxili mübahisələrlə gündəmə gəlib.
Sozcu.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Partiya daxilindəki sol qanad artan hərbi xərcləri və ABŞ raketlərinin Almaniyada yerləşdirilməsini tənqid edir, Rusiya ilə dialoq çağırışları edir. Sağ mərkəz və rəhbərlik isə mövcud siyasətin dəyişilməyəcəyini bildirir.
"Manifest" mübahisəsi: sol qanadın diplomatiya çağırışı
Qurultaydan öncə ASDP-nin bir qrup keçmiş yüksək vəzifəli üzvü "Manifest" adlı sənədlə çıxış edərək silahlanmanın artmasını tənqid edib və Rusiya ilə münasibətlərin yumşaldılmasını təklif edib. Manifestdə, Ukraynaya dəstək əleyhinə açıq mövqe olmasa da, dialoqun vacibliyi vurğulanıb.
Bu mövqeyin əsas müdafiəçilərindən biri, deputat Ralf Şteqner çıxışında Putini hərbi cinayətkar adlandırsa da, Almaniyanın müdafiə siyasətini "təhlükəli silahlanma yarışı" kimi dəyərləndirib. O, deyib: "Əgər diplomatiyanı yalnız dostlarımızla aparacayıqsa, onda bu dünya nəyin uğrunda dayanır?"
"ASDP Ukraynanın yanındadır"
Partiya rəhbəri Lars Klinqbayl sol qanadı cavabsız qoymayıb: "Putin Qorbaçov deyil". O, partiyanın Ukraynaya dəstəyinin dəyişməyəcəyini bəyan edib: "Biz azadlıq uğrunda mübarizə aparan ukraynalıların yanındayıq". Onun sözlərinə görə, ASDP artıq "Rusiya ilə birlikdə sülh" xəttindən "Rusiyaya qarşı sülhün müdafiəsi" xəttinə keçib.
"Putin güc dilindən başqa heç nə anlamır"
Almaniya müdafiə naziri Boris Pistorius isə daha sərt danışıb: "Kreml imperialisti sülh istəmir və danışıqlara açıq deyil". O, Putinin təkcə Ukraynaya qarşı deyil, Gürcüstana qarşı da hərbi təcavüzünü və Krımın ilhaqını xatırladaraq, Rusiyanın hərbi potensialının 2026-cı ilə qədər ikiqat artacağını bildirib. Pistorius deyib: "Sülh istəyimiz təbiidir, lakin bu gün bu, təhlükəlidir. Biz həm Ukraynanı, həm də özümüzü qorumalıyıq". O, Putinin yalnız güc dilini başa düşdüyünü və NATO-nun bunu nəzərə almalı olduğunu vurğulayıb.
"O iyrənc adam yox olmalıdır"
Partiyanın sabiq sədri Martin Şults isə emosional çıxışı ilə yadda qalıb: "Mən ümid edirəm ki, o iyrənc adam - Vladimir Putin bir gün yox olacaq. Və Rusiya yenidən danışmağa dəyər bir ölkəyə çevriləcək". Şultsun fikrincə, bu gün Kremlin rəhbərliyi ilə danışıqlar "mümkün deyil".
Zəif nəticə, daxili böhran və yeni kurs axtarışı
ASDP-nin fevralda keçirilmiş növbədənkənar parlament seçkilərində aldığı 16,4 faiz səslə tarixinin ən zəif nəticəsini göstərməsi fonunda qurultay həm də daxili böhranın aynasına çevrilib. Partiya sədri Klinqbayl yenidən seçilsə də, cəmi 65 faiz səs qazanıb, bu da partiya üçün nadir hallarda rast gəlinən zəif dəstək göstəricisidir. İndi ASDP 2027-ci ilə qədər yeni əsas proqram hazırlamağa başlayır. Rusiya ilə gələcək münasibətlərin necə qurulacağı bu proqramda öz əksini tapacaq, bu isə Ukraynadakı müharibənin gedişindən birbaşa asılı olacaq.