Redaktor seçimi

Ermənistan parlamentinin növbədənkənar iclası çağırılır

Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək. Gündəlikdə duran məsələlərə bunlar daxildir: “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə , “Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” , “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “Hərbi qulluqçular haqqında” və bununla bağlı qanunlara dəyişikliklər, “Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında” qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə, “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.

Xərçəngə tutulan qazi vəfat etdi

Ötən gün haqqında məlumat paylaşdığımız kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkən keçmiş hərbçi, Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu vəfat edib. Sozcu.az xəbər verir ki,bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib. Qeyd edək ki, 31 yaşlı Səxavət evli idi və 3 övladı var. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. “Vətən Müharibəsi İştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ali məktəbə qəbul olmaq istəyən abituriyentlərlə bağlı VACİB AÇIQLAMA

“Ayın 7-də keçirilən imtahanda iştirak edən abituriyentlərin sayı birinci cəhddə iştirak edənlərin sayına yaxın rəqəm idi. İkinci ixtisas qrupunda tarix və coğrafiya fənlərinə aid olan sualların çətinliyi nəzərə çarpırdı. Əksəriyyət ehtimal edirdi ki, birinci cəhddə çətin olan suallar ikinci dəfə bir qədər asanlaşdırılacaq. Və həm müəllimlər, həm də abituriyentlər ikinci cəhddə salınan sualların birinciyə nisbətən asan olduğunu təsdiqlədi. Ancaq bu asanlıq gözlənilən formada olmayıb”.  Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib. O, ötən həftəsonu keçirilən ikinci cəhd imtahanı barədə ilkin rəyini belə ifadə edib:  “Ümumiyyətlə, keçən ilki və hazırda olan blok imtahanlarının səviyyəsini nəzərə alırıqsa, demək olar ki, eyni olduğunu qeyd edə bilərik. Abituriyentlərin narazı olmasının isə kökündə dayanan bəzi səbəblər var. Xüsusilə, düşünürəm ki, birinci cəhddən sonrakı dövrdə həm hava şəraiti ilə bağlı, həm də yorğunluqdan dolayı şagirdlərin əksəriyyəti imtahana ciddi hazırlaşa bilməyib. Ancaq yaxşı hazırlaşanlar da var idi. Hətta onlardan bəzilərinin valideynləri övladlarının balını artırdığını da bildirib. Ancaq ümumilikdə nəzər saldıqda, bu nəticə diqqəti cəlb etmir”.  Ekspert imtahanın çətin olması ilə bağlı fikirlərin ictimaiyyətdə daha çox dolaşdığını vurğulayıb:  “Burada əsas yük abituriyentin üzərinə düşür. DİM-in saldığı suallar birinci cəhdə nəzərən daha asan idi. Lakin abuturiyentlərin məsələyə o qədər də ciddi yanaşmaması nəticələrə öz təsirini göstərəcəkdir. İmtahanda gözlənilən qədər yumşalma nəzərə çarpmadı, azacıq dəyişiklik öz əksini tapdı. Burada əsas günahı abituriyentlərdə görürəm. Çünki ay yarımlıq müddətdə abituriyent ciddi şəkildə imtahana hazırlaşmalı, birinci cəhddə olan əskikliklərini tamamlamalı idi. Burada müəyyən yorğunluğun, hava şəraitinin, əsəb-stresin də abituriyentlərə müəyyən təsiri var. Bütün bunlara rəğmən balını yüksəldən şagirdləri də görmək mümkündür. Bu da sevindirici haldır ki, ikinci cəhd blok imtahanının təşkil edilməsi abituriyentlərin müəyyən irəliləyiş əldə etməsinə şərait yaradır”. 

"Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olmaqdan məhrum edilməlidir!.."-TƏCİLİ TƏLƏB

O, Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə məcbur etməyə çağırıb... Rusiya Federasiyası qeyri-qanuni yolla aldığı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsündən məhrum edilməlidir. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa "X" sosial şəbəkəsində yazıb. Rusiya BMT Təhlükəsizlik Şurasına “sədrliyi” dövründə ən ağır cinayətləri törətməyə meyllidir. Bu gün (iyulun 8-i - red.) Ukraynanın ən böyük uşaq xəstəxanası "Oxmatdıt" və Kiyevdə daha bir tibb müəssisəsinə zərbə endirilib.  2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. Lakin bütün bunlar 1991-ci ilin dekabrında SSRİ-nin BMT TŞ-dakı daimi üzvlüyünün işğalı ilə, Moskvanın yenə də Təhlükəsizlik Şurasına sədrlik etdiyi vaxt başladı”, - Kislitsa bildirib. O, dünyanı Kremli BMT Təhlükəsizlik Şurasına daimi üzvlükdən məhrum etməyə çağırıb: “Diktator Kreml rejiminin daimi Sovet üzvlüyündən istifadə edərək məsələsini həll etmək üçün daha nə qədər Rusiya cinayəti lazım olacaq? Hansı dəhşətli cinayətlər törədilməlidir ki, təcavüzkarın vetoları sayılmasın və Təhlükəsizlik Şurası Rusiyanın təcavüzü və hərbi cinayətlərinə cavab verə bilsin?” Kislitsa qeyd edib ki, “dağıdılan xəstəxanalar və həlak olan mülki vətəndaşlar fonunda qanlı Rusiya “prezidentliyi” Təhlükəsizlik Şurasının üzvləri üçün aylıq nahar təşkil etmək niyyətindədir”. “Mən bunu şərh etməkdə çətinlik çəkirəm. İndi Təhlükəsizlik Şurasının belə nahar yeməklərində Rusiya kulebyakasını və zəhərli təbliğatını yeməsinin vaxtı deyil. Artıq hərəkətə keçmək və Rusiyanı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa riayət etməyə məcbur etmək vaxtıdır”, - deyə Ukrayna nümayəndəsi yekunlaşdırıb. Xatırladalır ki, daha əvvəl Zelenskinin Rusiyanın Ukraynaya son raket hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağrımaq üçün təşəbbüs qaldıracağını dediyi bildirilib. Bundan əlavə, Rusiya Federasiyasının bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi barədə əvvəlcədən məlumat verilib.

7 iyul imtahanının nəticələri nə vaxt açıqlanacaq?

7 iyul II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Sozcu.az-a açıqlamasında bildirib ki, açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin iki həftə sonra elan olunması nəzərdə tutulur: “İyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq".

Adil Əliyev icra başçısı təyin olunur

Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.  “AzPolitika.info”-ya daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.  Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.  Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür. 

İranla bağlı qalmaqallı açıqlama: “Özünü toparlayan kimi düşmənçiliyə davam edəcək”

“Qərb İranın bəsit oyunlarına artıq aldanmır, İran diqqəti cəlb etmək üçün daha çox güzəştlər etməli olacaq”. Bu sözləri Güney Azərbaycanlı siyasətçi Çingiz Göytürk “Yeni Sabah”a açıqlamasında bildirib. O, seçkidən sonrakı vəziyyəti belə ifadə edib: “İran İslam Respublikasının bu seçki nümayişindən gözlədiyi əsas iki məsələ var. Birincisi teokratik rejimin öz daxilindən Qərb dövlətləri ilə dil tapa biləcək bir fiqurun ortaya çıxarılmasıdır ki, bu da 3 ay bundan öncəyə qədər proseslərdən tamamilə əl-ayağını çəkmiş, hətta əvvəlki seçkiləri boykot etmiş islahatçılarla mümkün idi. İkincisi isə, daxildə gündən-günə artan radikal anti-rejim təmayüllərini sistemin öz içərisindən və kontrolu altında ortaya çıxan alternativlərlə dəyişdirmək idi. Burada əsas hədəf kütlələrdən birisi də məhz Güney Azərbaycandır. Güney Azərbaycanda öz milli dövlətini qurmaq, İran və irançılıqdan imtina təmayülləri rejimi olduqca tədirgin edirdi və bu seçkilərdə Azərbaycan Milli Hərəkatının potensialını öz milli dövləti uğrunda mübarizədən İranda reform uğrunda mübarizəyə yönəltmək rejimin ən önəmli qayələrindən biri idi. Bu sahədə rejim istəklərinə arzu etdiyi səviyyədə nail olmasa da, yeni süni ümidlər yaratmaqla qismən də olsa bu hədəfə çatdı. Ancaq Qərbin İranda keçirilən seçki nümayişinə biganə yanaşması onu göstərir ki, Qərb artıq bu rejimin bəsit oyunlarına etibar etmir və İran onların diqqətini cəlb etmək üçün daha çox güzəştlərə getməlidir”. Siyasətçi qeyd edib ki, İran özünü toparlayan kimi, düşmənçiliyə qaldığı yerdən davam edəcək: “Bir türkün prezident seçilməsi nəyi dəyişdirər sualına gəldikdə isə, bilirik ki, İranda prezidentin səlahiyyətləri olduqca məhduddur. Dini rəhbərliyin razılığı olmadan hər hansı məsələnin dəyişdirilməsi mümkün deyil. Hətta o qədər ki, prezidentin birinci müavini, əsas nazirliklər, o cümlədən, ali təhsil və güc strukturlarına rəhbər şəxsləri belə rəhbər təyin edir. Birinci müavin və əsas nazirliklər dini rəhbərin idarəsindədir və o, bu vəzifələrə nazirləri təyin edir. Yəni, prezidentin hər hansı bir dəyişiklik həyata keçirməsi mümkün deyil.  Son olaraq onu da bildirim ki, İran İslam Cümhuriyyəti istər xarici, istərsə də daxili siyasətdə artıq ciddi çıxılmazlıqların içərisindədir. Daxili və xarici siyasətdə dəyişim isə qaçınılmazdır. Və yeni dönəmdə İran İslam Respublikası bu yöndəki iradəsini yeni seçilən prezident üzərində gerçəkləşdirməyə çalışacaq. Ancaq unudulmamalıdır ki, daha öncə də olduğu kimi, rejim özünü toparladığı anda təkrar əvvələ dönəcəkdir. Beləliklə də, düşmənçiliklərə qaldığı yerdən davam edəcəkdir”.

Pezişkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil

İranda keçirilən prezident seçkilərində Məsud Pezişkian qalib gəlib.  Bu seçkilərdə Pezişkianın qələbəsi, xüsusilə bu qələbənin tanınması çoxları üçün gözlənilməz hadisədir.  Əslində ötən seçkilərdə namizəd olaraq seçkilərə buraxılmayan Pezişkianın  bu dəfə 6 namizəddən biri kimi seçkilərdə iştirakına icazə verilməsi əhalinin daha çox hissəsinin  seçkilərə qatılması naminə edilmişdi.  Pezişkian həm islahatçı qanadın yeganə nümayədəsi, həm də yeganə Azərbaycan türkü olaraq birgə seçki kampaniyası aparan digər 5 namizəddən fərqlənirdi.  Bəlkə ilk dəfə prezidentliyə namizəd seçki kampaniyasını islahatçı şüarlarla yanaşı, həm də aşkar azərbaycançı, türkçü şüarlarla aparırdı.  Bu seçki taktikası Azərbaycan əsilli Məsud Pezişkiana uğur gətirdi.  Seçkilərin ikinci turu ərəfəsində Pezişkianın qalib gələcəyindən ehtiyatlanan ali dini rəhbərin ona qarşı açıq mövqe bildirməsinə baxmayaraq Pezişkian rəqibindən fərqli üstün səs toplayaraq qalib gəldi.  …Pezişkianın seçkidən sonrakı mövqeyinin necə olacağı hələlik məlum deyil.  İran kimi mürəkləb bir ölkədə bu seçkilərin nəticələri kimi başqa gözlənilməz gedişatlar da ola bilər.  Amma bu seçkilərin hələlik məlum olan nəticələri İranda Azərbaycan amilinin mühüm yüksəlişi olmaqla yanaşı, mühafizəkar tərəfin mövqelərinə ciddi zərbədir.  Ümid edək ki, 5 iyul seçkiləri bu ölkədə intizarla gözlədiyimiz böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq. Arif Hacılı, Müsavat Partiyası Məclis sədri

Əlahiddə Ümumqoşun Ordusunun yeni komandanı o oldu

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. Qeyd edək ki, daha öncə sözügedən vəzifədə general-polkovnik Kərəm Mustafayev olub.

Abituriyentlər üçün VACİB XƏBƏR: İmtahanlar bu dəfə çətin olacaq? - AÇIQLAMA

İyulun 7-si və 14-ü abituriyentlərin 2-ci cəhd imtahanları keçiriləcək. Cəmiyyətdə 2-ci cəhddə sualların daha çətin olacağı iddiaları səslənir.  Bəs bu imtahan ağır olarsa, suallar çaşdırıcı və çətin olarsa, abituriyentərlərin durumu necə olacaq?  Mövzu ilə bağlı Yenisabah.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri açıqlama verib:  "Adətən, həm bakalavr, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanlarının başlanma ərəfəsində rəsmi əsası olmayan, etibarlılıq göstəriciləri o qədər də qaneedici həddə varmayan fikirlər səsləndirilir. Onlardan biri də ikinci cəhd imtahanlarına salınan sualların birinci cəhddəkilərə nisbətdə mürəkkəbliyidir. Şəxsən mən bu fikirləri o qədər də əsaslı hesab etmirəm. Doğrudur, sosial şəbəkələrdə, ictimaiyyətdə analoji müzakirələr aparılır, narazılıqlar bildirilir. Amma bu zaman ortaya müəyyən suallar çıxır: hər iki cəhd imtahanları arasındakı suallar arasındakı fərq necə hesablanıb? Onların çətinlik dərəcəsi necə ölçülüb? Testologiya prinsiplərinin birinci və ikinci cəhd imtahanları arasında pozulma parametrləri necə müəyyən edilib? Bu tipli suallar çoxdu. Əmin olun ki, narazılıq edən şəxslərin böyük əksəriyyəti onları cavabsız qoyacaq və nə iləsə əsaslandıra bilməyəcəklər".  Ekspertin sözlərinə görə, həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanları ilə bağlı bildirilən fikirlərin kökündə həm də psixoloji amillər dayanır:  "Fikrimcə, burada çox incə psixoloji nüanslar var. Gəlin, açıqlayaq: birincisi, ikinci cəhd imtahanları prosesin ən sonuncu halqasıdı. Onun zehni yorğunluq, psixoloji tükənmişlik kimi göstəriciləri də var. Məsələn, abituriyent il boyu hazırlaşıb, müəyyən stress və zehni yorğunluqla yüklənir, bütün bunların sonucunda imtahan da verir və bəlli bal toplayır. Amma o, bununla da zehni-psixoloji yüklənmədən xilas ola bilmir. Artıq həm özünün, həm də ətrafın ondan başqa bir gözləntisi meydana çıxır: ikinci cəhddə yenidən iştirak etmək və daha yaxşı nəticə göstərmək... Bu, həm də psixoloji bir yüklənmə kimi onu izləyir. Axı, o ikinci cəhdə qədər tükənmişlik xəttinə çox yaxınlaşıb, bəlkə də ona çatıb. Belə olanda bu mərhələ onda xüsusi qıcıqlanma refleksi yaradır. Onunla bağlı hər xırda detal abituriyentə və onun valideyninə böyük  problem kimi görünür. Bu səbəbdən də birinci cəhdlə ağırlıq dərəcəsi eyni olan sualları gördükdə tamam başqa mənzərə ilə qarşılaşdığını fikirləşir, sualların çaşdırıcı və mürəkkəb olduğunu düşünür. Problemin əsas gizli yönü budur.  Bir tərəfdən də biz nəyə görəsə, hər zaman düşünmüşük ki, əsas mərhələ məhz birinci cəhd imtahanıdır. Həm belə düşünmüş, həm də ikinci cəhdi bizə verilən xüsusi güzəşt kimi qavramışıq. Belə olan halda "güzəşt paketi"nin suallarının da mütləq və mütləq asan olmalı olduğunu düşünmüşük. Bu da məsələnin ikinci, yəni yanaşma problemidir.  Əmin olun, sualların ikinci cəhddə məqsədli şəkildə qəliz və çaşdırıcı salınması və bunun xüsusi səbəblərlə bağlı edilməsi ilə əlaqəli fikirlər tam yanlışdır".

“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar

Xəbər verdiyimiz kimi, iyunun 13-də Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, nəticədə bir ailənin üzvləri xəsarət alıb. Onlardan 2-si uşaq, 4-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra unikal.az-a danışan “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, dəhşətli qəzada zərərçəkənləri ittiham edib. Onun dediklərindən sitat: “Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”. Həmin gün dəhşətli qəzada xəsarət alan Nofəl Nağıyev Musavat.com-a deyib ki, Şərurlu İsfəndiyar yalan danışır, onlar ailəlikcə 4 nəfərlik deyil, sərnişin tutumu daha çox olan liftə miniblər: “Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər: “Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”. Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur: “Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.

Ermənistan hava limanında bomba HƏYƏCANI

Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb. Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.