“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar

Xəbər verdiyimiz kimi, iyunun 13-də Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, nəticədə bir ailənin üzvləri xəsarət alıb.

Onlardan 2-si uşaq, 4-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra unikal.az-a danışan “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, dəhşətli qəzada zərərçəkənləri ittiham edib.

Onun dediklərindən sitat: “Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.

Həmin gün dəhşətli qəzada xəsarət alan Nofəl Nağıyev Musavat.com-a deyib ki, Şərurlu İsfəndiyar yalan danışır, onlar ailəlikcə 4 nəfərlik deyil, sərnişin tutumu daha çox olan liftə miniblər:

“Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”.

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər:

“Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”.

Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur:

“Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.

Share on Facebook