Avqustun 31-də təhlükəsizlik məmurları tərəfindən Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məhkum Abbas Lisani 2 illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə aparılıb.
Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
O, sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib.
Abbas Lisani barəsində çıxarılan ədalətsiz və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib.
Milli hərəkat fəalının ailəsinin verdiyi məlumata görə, o, təhlükəsizlik idarəsindən buraxıldıqdan sonra Ərdəbilə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb.
Xatırladaq ki, Abbas Lisani 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.
Hüquqşünas Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. Bu səbəbdən milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.