“Ayın 7-də keçirilən imtahanda iştirak edən abituriyentlərin sayı birinci cəhddə iştirak edənlərin sayına yaxın rəqəm idi. İkinci ixtisas qrupunda tarix və coğrafiya fənlərinə aid olan sualların çətinliyi nəzərə çarpırdı. Əksəriyyət ehtimal edirdi ki, birinci cəhddə çətin olan suallar ikinci dəfə bir qədər asanlaşdırılacaq. Və həm müəllimlər, həm də abituriyentlər ikinci cəhddə salınan sualların birinciyə nisbətən asan olduğunu təsdiqlədi. Ancaq bu asanlıq gözlənilən formada olmayıb”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib. O, ötən həftəsonu keçirilən ikinci cəhd imtahanı barədə ilkin rəyini belə ifadə edib:
“Ümumiyyətlə, keçən ilki və hazırda olan blok imtahanlarının səviyyəsini nəzərə alırıqsa, demək olar ki, eyni olduğunu qeyd edə bilərik. Abituriyentlərin narazı olmasının isə kökündə dayanan bəzi səbəblər var. Xüsusilə, düşünürəm ki, birinci cəhddən sonrakı dövrdə həm hava şəraiti ilə bağlı, həm də yorğunluqdan dolayı şagirdlərin əksəriyyəti imtahana ciddi hazırlaşa bilməyib. Ancaq yaxşı hazırlaşanlar da var idi. Hətta onlardan bəzilərinin valideynləri övladlarının balını artırdığını da bildirib. Ancaq ümumilikdə nəzər saldıqda, bu nəticə diqqəti cəlb etmir”.
Ekspert imtahanın çətin olması ilə bağlı fikirlərin ictimaiyyətdə daha çox dolaşdığını vurğulayıb:
“Burada əsas yük abituriyentin üzərinə düşür. DİM-in saldığı suallar birinci cəhdə nəzərən daha asan idi. Lakin abuturiyentlərin məsələyə o qədər də ciddi yanaşmaması nəticələrə öz təsirini göstərəcəkdir. İmtahanda gözlənilən qədər yumşalma nəzərə çarpmadı, azacıq dəyişiklik öz əksini tapdı. Burada əsas günahı abituriyentlərdə görürəm. Çünki ay yarımlıq müddətdə abituriyent ciddi şəkildə imtahana hazırlaşmalı, birinci cəhddə olan əskikliklərini tamamlamalı idi. Burada müəyyən yorğunluğun, hava şəraitinin, əsəb-stresin də abituriyentlərə müəyyən təsiri var. Bütün bunlara rəğmən balını yüksəldən şagirdləri də görmək mümkündür. Bu da sevindirici haldır ki, ikinci cəhd blok imtahanının təşkil edilməsi abituriyentlərin müəyyən irəliləyiş əldə etməsinə şərait yaradır”.