İyulun 7-si və 14-ü abituriyentlərin 2-ci cəhd imtahanları keçiriləcək. Cəmiyyətdə 2-ci cəhddə sualların daha çətin olacağı iddiaları səslənir.
Bəs bu imtahan ağır olarsa, suallar çaşdırıcı və çətin olarsa, abituriyentərlərin durumu necə olacaq?
Mövzu ilə bağlı Yenisabah.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri açıqlama verib:
"Adətən, həm bakalavr, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanlarının başlanma ərəfəsində rəsmi əsası olmayan, etibarlılıq göstəriciləri o qədər də qaneedici həddə varmayan fikirlər səsləndirilir. Onlardan biri də ikinci cəhd imtahanlarına salınan sualların birinci cəhddəkilərə nisbətdə mürəkkəbliyidir. Şəxsən mən bu fikirləri o qədər də əsaslı hesab etmirəm. Doğrudur, sosial şəbəkələrdə, ictimaiyyətdə analoji müzakirələr aparılır, narazılıqlar bildirilir. Amma bu zaman ortaya müəyyən suallar çıxır: hər iki cəhd imtahanları arasındakı suallar arasındakı fərq necə hesablanıb? Onların çətinlik dərəcəsi necə ölçülüb? Testologiya prinsiplərinin birinci və ikinci cəhd imtahanları arasında pozulma parametrləri necə müəyyən edilib? Bu tipli suallar çoxdu. Əmin olun ki, narazılıq edən şəxslərin böyük əksəriyyəti onları cavabsız qoyacaq və nə iləsə əsaslandıra bilməyəcəklər".
Ekspertin sözlərinə görə, həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanları ilə bağlı bildirilən fikirlərin kökündə həm də psixoloji amillər dayanır:
"Fikrimcə, burada çox incə psixoloji nüanslar var. Gəlin, açıqlayaq: birincisi, ikinci cəhd imtahanları prosesin ən sonuncu halqasıdı. Onun zehni yorğunluq, psixoloji tükənmişlik kimi göstəriciləri də var. Məsələn, abituriyent il boyu hazırlaşıb, müəyyən stress və zehni yorğunluqla yüklənir, bütün bunların sonucunda imtahan da verir və bəlli bal toplayır. Amma o, bununla da zehni-psixoloji yüklənmədən xilas ola bilmir. Artıq həm özünün, həm də ətrafın ondan başqa bir gözləntisi meydana çıxır: ikinci cəhddə yenidən iştirak etmək və daha yaxşı nəticə göstərmək... Bu, həm də psixoloji bir yüklənmə kimi onu izləyir. Axı, o ikinci cəhdə qədər tükənmişlik xəttinə çox yaxınlaşıb, bəlkə də ona çatıb. Belə olanda bu mərhələ onda xüsusi qıcıqlanma refleksi yaradır. Onunla bağlı hər xırda detal abituriyentə və onun valideyninə böyük problem kimi görünür. Bu səbəbdən də birinci cəhdlə ağırlıq dərəcəsi eyni olan sualları gördükdə tamam başqa mənzərə ilə qarşılaşdığını fikirləşir, sualların çaşdırıcı və mürəkkəb olduğunu düşünür. Problemin əsas gizli yönü budur.
Bir tərəfdən də biz nəyə görəsə, hər zaman düşünmüşük ki, əsas mərhələ məhz birinci cəhd imtahanıdır. Həm belə düşünmüş, həm də ikinci cəhdi bizə verilən xüsusi güzəşt kimi qavramışıq. Belə olan halda "güzəşt paketi"nin suallarının da mütləq və mütləq asan olmalı olduğunu düşünmüşük. Bu da məsələnin ikinci, yəni yanaşma problemidir. Əmin olun, sualların ikinci cəhddə məqsədli şəkildə qəliz və çaşdırıcı salınması və bunun xüsusi səbəblərlə bağlı edilməsi ilə əlaqəli fikirlər tam yanlışdır".